Əsas Səhifə > Güney Press > “Kurtlar Vadisi”ndən “Epşteyn işi”nə uzanan “sehrli maddə”

“Kurtlar Vadisi”ndən “Epşteyn işi”nə uzanan “sehrli maddə”


Bu gün, 11:00

Son illər sosial mediada və konspirasiya nəzəriyyələrində adrenokrom adlı maddə tez-tez “gəncləşmə iksiri” kimi təqdim olunur.
Yeniavaz.com
xəbər verir ki, iddialara görə, bu maddə yalnız gənc insanların bədənindən, hətta qanından əldə edilə bilər və onu istifadə edənlər cavanlaşır, ömrünü uzadır. Məhz buna görə bu mifologiyada gənclər xüsusi olaraq hədəf kimi göstərilir. Türkiyənin məşhur serialı “Kurtlar Vadisi Pusu”dakı səhnələrin birində də gənc insanların qanından istifadə edərək güc və gənclik qazanmaq istəyi göstərilib və bu, tamaşaçı yaddaşında dərin iz buraxıb. Bu cür səhnələr sonradan real hadisələrlə, xüsusilə də “Epşteyn işi” ilə əlaqələndirilərək daha da şişirdilib.
Son illərdə dünyada ən çox müzakirə olunan mövzulardan biri “Epşteyn işi” ilə bağlı açıqlanan sənədlər oldu. Bu sənədlər real cinayətləri, nüfuzlu şəxslərlə əlaqələri və ciddi hüquqi sualları gündəmə gətirdi. Paralel olaraq sosial mediada bu iş adrenokrom adlı maddə ilə əlaqələndirilməyə başlandı.

Adrenokrom nədir?
Adrenokrom adrenalin hormonunun oksidləşməsi nəticəsində yaranan kimyəvi birləşmədir. Adrenalin insan bədənində stress, qorxu və həyəcan zamanı ifraz olunur. Bu hormon oksigenlə təmasda olduqda çox nadir hallarda kimyəvi dəyişiklik keçirə və adrenokrom adlanan yan məhsul yarana bilər. Adrenokrom hormon deyil və insan orqanizmində xüsusi bir funksiyası yoxdur.
İnsan bədənində minlərlə kimyəvi proses eyni anda gedir. Bu proseslərin hamısı mükəmməl və məqsədli məhsullar yaratmır. Bəzən əsas maddələr parçalanır və yan məhsullar yaranır. Adrenokrom da məhz belə yan məhsullardan biridir. O, çox az miqdarda yaranır və bədən tərəfindən tez bir zamanda parçalanaraq zərərsizləşdirilir. İnsan orqanizmində yığılmır və istifadəyə yararlı maddə kimi rol oynamır.

Epşteyn sənədlərində adrenokrom varmı?
“Epşteyn iş”i ilə bağlı açılan rəsmi məhkəmə sənədlərində adrenokromun istehsalı, istifadəsi və ya uşaqlardan əldə edilməsi ilə bağlı heç bir təsdiqlənmiş məlumat yoxdur. Sənədlər əsasən cinsi istismar, qanunsuz əlaqələr və cinayət şəbəkələri üzərində qurulub. Adrenokromla bağlı iddialar bu sənədlərin özündən deyil, sonradan internetdə yayılan şərh və konspirasiya nəzəriyyələrindən qaynaqlanır.
“Kurtlar Vadisi Pusu” serialı illər boyu dərin dövlət, gizli qüvvələr və beynəlxalq şəbəkələr mövzularını işləyib. Serialdakı bəzi epizodlar real hadisələrə bənzər elementlər daşıdığı üçün tamaşaçıda “ola biləcək həqiqətlər” hissi yaradıb. Lakin bu serial sənədli xarakter daşımır. Burada göstərilən maddələr və proseslər real elmi fakt kimi qəbul edilə bilməz.

Miflər və reallıqlar
İnternetdə yayılan iddialara görə adrenokrom insanlara gənclik verir, xüsusi psixoloji təsir yaradır və elit qruplar tərəfindən gizli şəkildə istifadə olunur. Elmi reallıqda isə bu iddiaların heç biri sübut olunmayıb. Adrenokrom laboratoriya şəraitində sintez oluna bilən sadə kimyəvi maddədir və onun gəncləşdirici və ya mistik təsiri yoxdur. İnsan bədənində yaranan miqdar isə təsirsiz dərəcədə azdır.

Niyə bu miflər yayılır?
Bu tip iddialar adətən real cinayət hadisələri ilə uydurma elementlərin birləşməsi nəticəsində ortaya çıxır. “Epşteyn işi” kimi sarsıdıcı bir hadisə insanların emosiyalarını gücləndirir. Populyar seriallar və filmlər bu emosional fonu daha da qidalandırır. Sosial media isə şok və qorxu yaradan məzmunu daha sürətlə yayır. Nəticədə elmi cəhətdən sadə bir maddə qlobal mifin mərkəzinə çevrilir.


Geri qayıt