Əsas Səhifə > Güney Press > “Oğlumun autizm olduğunu biləndə qohumlar bizdən uzaqlaşdı,

“Oğlumun autizm olduğunu biləndə qohumlar bizdən uzaqlaşdı,


Bu gün, 10:52

“Oğlumun autizm olduğunu biləndə qohumlar bizdən uzaqlaşdı, bu bir sınaq idi” - FOTO+ÖZƏL

“9 ayında eşitdik ki, Tamerlan autizmdir, fərqliliyi var. Çox narahat olduq, nə edəcəyimizi bilmədik. Sonra yavaş-yavaş bunun fərqinə vardıq. Qəribəsi odur ki, Tamerlan autizm olandan sonra yaxın qohumlardan da bizdən uzaqlaşanlar oldu. Bəlkə də bu Allahın bir imtahanı idi ki, bizə kimin kim olduğunu göstərmək üçün belə etdi. Tamerlan autizm olanda sonra yaxın insanların necə qorxduqlarının, çəkindiklərinin şahidi olduq. Qəribə bir hiss keçirdik. Təbii ki, bu bizə xoş olmadı. Biz onlara çoxdan əlvida demişik. Tamerlan tanrının yetirdiyi ən gözəl imtahanlardandır ki, bu imtahan nəticəsində çox yaxın insanlar uzaq, uzaq olan insanlar isə yaxın oldular. Tamerlanla uzun bir yola başladıq. Tamerlanın 10 yaşı olacaq. Biz demək olar ki, 10 ildir ki, autizmlə mübarizə aparırıq. Uğurlarımız çox oldu. Bu yolda yaxşı, bizə köməklik göstərən peşəkar insanları tanıdıq. Tamerlana yad olan insanlar ona əmi, bibi, xala oldular. Onlar Tamerlana güc-qüvvət verdilər. Bu gün də Tamerlan onları çox istəyir. Onların hər birinə təşəkkür edirəm. Nə olursa-olsun valideynlər övladlarından imtina etməməlidir və sağlam mübarizə aparmalıdırlar ki, o fərqliliklə övladlarını cəmiyyətdə yetişdirsinlər”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Dövlət Milli Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimov deyib.
O daha sonra teatrlara çağırış edib:
“Tamerlan demək olar ki, teatrı çox yaxşı tanıyır. Teatrı, tamaşaları çox sevir. Al-əlvan olduğu üçün daha çox bayram günlərində teatra gedir. Arada tamaşalara da gedib baxır. Bu şəraiti teatr rəhbərliyi bizə yaradıb. Çox sağ olsunlar. İstərdim ki, təkcə Tamerlan deyil, bir çox uşaqlar üçün da bu şərait yaradılsın. Ona görə də teatrlara çağırış etmək istəyirəm ki, bizə qoşulsunlar. Ən azı heç olmasa 4-5 yer teatrda autizmli uşaqlara ayırsınlar. Onlar da baxıb cəmiyyətə adaptasiya olsunlar”.
Elnur Kərimov oğlunun bugünlərdə üzgüçülük yarışında qalib olduğunu bildirib:
“Tamerlan 6 aydır ki, üzgüçülüyə gedir. Üzgüçülüyə gedəndə çox həyəcanlı idi. Bilmirdi sevəcək ya yox?! Amma qısa zamanda hovuzu sevdi. Oradakı müəllimlərin qayğıkeşliyi, səmimi münasibəti Tamerlana xoş təsir edirdi. Onlar ilk gündən Tamerlana çempion deyirdilər. Şükür ki, bir müddət keçdi və Tamerlan çempion oldu. Yaxşı nəticə göstərdi. Bütün valideynlər kimi biz də sevindik. Əgər hansısa valideyn övladında xüsusi özəllik görürsə heç də narahat olmasın, əksinə ona inansın. İnam, səbr hər şeyə güc və qalib gələ bilir. Necə ki, biz Tamerlanın uğuruna sevinirik. Çünki autizm xəstəlik yox, fərqlilikdir. Biz övladımızda bu fərqliliyin olduğunu düşündük. Tamerlanın hansı sahədə olmasından asılı olmayaraq böyük uğurları olacaq. Bizim də ona inamımız böyükdür. O da fərqli olduğunu anlayır bə bizi sevindirir. İnanırıq ki, onun uğurları hələ qarşıdadır. Ailəmizin əsas hədəfi Tamerlanın daha da yaxşı olmasıdır. Mənim Aylin adlı bir qızım da var. 9-cu sinifə oxuyur, imtahanlara hazırlaşır. Onunla da fəxr edirəm. Bilirəm ki, övladlarım gələcəkdə başımı uca edəcəklər”, - deyə sənətçi bildirib.

Geri qayıt