Əsas Səhifə > Güney Press > Paşinyan “Putin NATO-su”na SAVAŞ elan etdi

Paşinyan “Putin NATO-su”na SAVAŞ elan etdi


Bu gün, 17:10

Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə bağlı müraciətində ölkəsinin Azərbaycanla müharibəyə hazırlaşmadığını bildirib. “Müharibə olmayacaq. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, - deyən Paşinyan eyni zamanda qeyd edib ki, rəsmi İrəvan ordusunu gücləndirməyə davam edəcək, çünki “güclü ordusu olmayan ölkə zəifdir və aqressiyaya məruz qalmaq riski daşıyır”.

Musavat.com-un məlumatına görə, Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistanın dövlətçiliyini və suverenliyini məhv etmək niyyətində olmaqda da ittiham edib.

“Onlar həmçinin Ermənistan Respublikasının artıq ödədiyi yüz milyonlarla dollar dəyərində silah və texnika tədarük etməkdən imtina etdilər” - Paşinyan deyib. Baş nazir həmçinin 022-ci ilə qədər beynəlxalq tərəfdaşların silahların “Ermənistandan kənara” (söhbət Qarabağdan gedir-red.) göndəriləcəyi və “KTMT-nin əlinə keçəcəyi”ndən narahat olduqları üçün Ermənistana silah satmaqdan imtina etdiklərindən də şikayətlənib. Bildirib ki, indi belə bir maneə yoxdur.

Sülhdən, sərhəd demarkasiyası komissiyalarının birgə işindən danışan Paşinyanın paralel şəkildə ordunun gücləndirilməsindən danışması, həmçinin Ermənistanı silahlandırmaqdan yayınan tərəfdaşlarından şikayətlənməsi diqqət çəkir.

Belə çıxır ki, Ermənistan rəhbərliyi 2022-ci ilin oktyabrınadək silahlanma ilə bağlı əlavə imkanlar əldə etsəydi, Praqa görüşündəki məlum mövqedən yayınacaqdı?

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub və təhlükəsizliyin daha etibarlı təminatı yoxdur”-deyən də Paşinyan, ordunun gücləndiriləcəyi barədə vədlər verən də. Bu arada Hindistandan yeni raket sistemlərinin alınması da Paşinyanın sülh anlaşmasındakı sürüşkən mövqeyindən xəbər verir. Məntiqlə silahlanmaya sərf olunan vəsaitlər erməni xalqının rifahına sərf olunmalı idi. Digər tərəfdən, bu raketlərin hansı ölkəyə qarşı istifadə olunması nəzərdə tutulur?

Paralel qaydada Ermənistanın ikinci prezidenti Robert Köçəryanın da erməni xalqına təbrik müraciətində “Təəssüflə qeyd etmək istərdik ki, son səkkiz il ərzində regionda ən döyüşə hazır və qələbə çalan ordumuzu zəiflətmək, parçalamaq və parçalamaq üçün mümkün olan hər şey edilib. Siyasi rəhbərliyin səhvlərinə görə günahı ordunun üzərinə atmaq vəsvəsəsi ordumuz üçün nəticəsiz olmayıb. Dünyanın bütün ölkələri üçün əsl, davamlı və ləyaqətli sülhün əsas təminatçısı güclü və döyüşə hazır ordudur və biz də istisna ola bilmərik” – deməsi də revanşistlərin niyyətlərindən xəbər verir. Köçəryan həmçinin ümid etdiyini bildirib ki, “biz vəziyyəti tez bir zamanda dəyişə, ordunun gücünü və ruhunu bərpa edə, davamlı sülhü təmin edə bilərik”.

Beləliklə, Ermənistanda həm hakimiyyətin, həm də müxalifətin mövqeyində hərbi ritorikaya müraciət olunması diqqət çəkir. Bu isə Azərbaycan Prezidentinin “hərbi gücümüzü daim artırmalıyıq və bütün təhlükələri dəf etməyə hazır olmalıyıq” məzmunlu xəbərdarlığının tamamilə əsaslı olduğunu deməyə əsas yaradır.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Paşinyan mövcud vəziyyətdən razıdır:

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasa da, sülh quruculuğu prosesi başlayıb, ticarət əlaqələri qurulub, sərhəddə gərginlik yoxdur. Ancaq davamlı sülh və sabitlik üçün bu, kifayət etmir. Paşinyan il ərzində yeni Konstitusiya qəbul edib, Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi əsas qanundan çıxarmalıdır ki, iki ölkə arasında sülh müqaviləsi imzalana bilsin. Məhz sülh müqaviləsinin imzalanması bölgəyə davamlı sülh və sabitlik və əməkdaşlıq imkanlarının genişləndirilməsini gətirəcək”.

E.Şahinoğlu əlavə edib ki, bu arada, Ermənistanın müxtəlif ölkələrdən, o cümlədən Hindistandan hərbi texnika almağa çalışması Paşinyanın sülh ritorikası ilə ziddiyyət təşkil edir:

“Paşinyan açıqlamasında ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmasına haqq qazandırır. Onun sözlərinə görə, uzaqlaşma Ermənistana fərqli ölkələrdən hərbi texnika almağa imkan verib. Bu bəhanəyə oxşayır. Axı, Ermənistan təşkilatdan uzaqlaşmasına baxmayaraq, Kollektiv Müqaviləsi Təşkilatını tərk etməyib. Görünür, Nikol Paşinyan təşkilatı tərk etmək məsələsini parlament seçkilərindən sonraya saxlayıb. Çünki Ermənistan təşkilatı seçkiyə qədər tərk edərsə, Kreml Paşinyana təzyiqi artıraraq, müxalifət qüvvələrinə dəstək verəcək”.



Geri qayıt