Əsas Səhifə > Güney Press > Qarabağa İngilislərin gətirdiyi oyun

Qarabağa İngilislərin gətirdiyi oyun


Bu gün, 15:28

Qarabağ futbol klubu tarixinin ən önəmli oyunlarından birinə hazırlaşır. Bu bəzən futbolun vətəni adlanan Brityaniyanın Liverpul klubudur. İnanırıq ki, hər şey yaxşı olacaq.
Azərbaycan futbol tarixi də britaniyalıların dəstəyi ilə inkişaf edib. Rast gəldiyimiz bəzi sənədlərdə Azərbaycanda futbol oyunları 1905-ci ildən keçirilib. Lakin bu oyunda azərbaycanlıları yaxın qoymayıblar ki, iştirak etsinlər. Əsasən xarici neft şirkətlərinin əcnəbi işçiləri öz aralarında futbol oynayıblar.
Azərbaycanlıların ilk rəsmi oyunu Balaxanı kəndində həyata keçib. Özü də bu oyunun keçirilməsi birbaşa Əlibaxış Qədimov və ya Məşədi Kampan kimi tanınan Balaxanı neft milyonçusunun sayəsində olub. Qardaşları ilə neft kampaniyası yaradan Əlibaxış Qədimov Balaxanı camaatı tərəfindən daha çox Mer Kampan adı ilə tanınıb. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Onlar Əlibaxış Qədimovla görüşüb öz sıralarına dəvət ediblər. İlk öncə milyonçu buna razı olmayıb. Səbəb kimi də ingilislərin yerlilərə qarşı münasibəti olub. Hətta ingilislərin neft mədənində olanda ayaqla oynanılan oyuna belə azərbaycanlıların yaxın buraxılmaması onu narahat edən məsələ olub.
İngilislər təklif edirlər ki, Mer Kampan da özünə bir komanda yaratsın, əgər azərbaycanlılar oynaya bilsələr, onlar futbola maraq göstərən istənilən komandaya dəstək olacaqlar.
25 nəfər seçilir və oyun üçün Balaxanda təcili oyun meydançası tikilməsi başlanır. Elə ilk futbol klubu kimi də “Balaxanı futbolçular dərnəyi” adlı komanda qeydiyyatdan keçib. 1910-cu ildə ilk dəfə futbol oyunu Balaxanıda keçirilir. Oyun ingilislərin qələbəsi ilə yekunlaşsa da ondan sonra Azərbaycanda futbol inkişaf etməyə başlandı.
İngilis komandaları oyuna çox ciddi və şıq geyimlərdə çıxırdılar. Onlar Bakıya gələndə özləri ilə peşəkar toplar, butsilər və rəngli formalar gətirmişdilər. O vaxtlar yerli azərbaycanlılar hələ dizə qədər uzanan tumanlarda və çarıqlarda, yaxud yalınayaq oynadıqları halda, ingilislərin "peşəkar" görünüşü yerli gənclərdə həm həsəd, həm də motivasiya yaradırdı.
Hətta bəzi tarixi qeydlərə görə, oyunun fasiləsində meydançanın kənarında masalar qurulur, oyunçular ingilis ənənəsinə uyğun çay içirdilər. Bu, yerli azarkeşlər üçün olduqca qəribə və maraqlı bir mənzərə idi.
Bəzi qeydlərə görə, ingilis əsgərləri getdikləri hər yerə özləri ilə futbol topu aparırdılar. Şuşada və Xankəndidə dislokasiya olunan Britaniya hərbçilərinin asudə vaxtlarında yerli gənclərlə "top-top" oynaması barədə şifahi xatirələr mövcuddur. 1920-ci illərin əvvəllərində artıq Qarabağın müxtəlif kəndlərində "ingilis topu"na bənzər komandalar yaradılmışdı. O dövrün yaşlı sakinləri futbol topuna bəzən "ingilis yumağı" deyirdilər, çünki bu oyunun mənşəyinin uzaq adadan gəldiyini bilirdilər.
İngilis əsgərləri Xankəndidəki kazarmaların qarşısındakı düzənlikləri futbol meydançasına çevirmişdilər. Qarabağlı gənclər ilk dəfə hakim fitini, penalti qaydasını və qapı torunu məhz burada, britaniyalı hərbçilərin oyunlarını izləyərkən görmüşdülər. Hətta bəzi xatirələrdə deyilir ki, yerli uşaqlar ingilis əsgərlərinə su gətirir, əvəzində isə deşilmiş və ya köhnəlmiş həqiqi dəri futbol toplarını hədiyyə alırdılar.
Qarabağlı gənclər ingilislərə bənzəmək üçün ağ kətan köynəklərinin qollarını çırmalayıb meydana çıxırdılar. Oyun zamanı rəqibə sərt müdaxilə etmək Qarabağ mühitində həm də bir nəzakətsizlik kimi qəbul olunurdu.
Ağdamda və Şuşada yaylaqlara çıxan bəy övladları arasında "ingilis oyunu" oynamaq bir növ prestij və müasirlik əlaməti hesab olunurdu. Bu, futbolun Qarabağda "küçə oyunu"ndan daha çox, bir "elitar məşğuliyyət" kimi kök salmasına səbəb oldu.
İngilis hərbi missiyasının üzvləri Şuşada olduqları müddətdə Cıdır düzündə at yarışları ilə yanaşı, futbol matçları da təşkil edirdilər. İlk vaxtlar yerli əhali zarafatla deyirdi ki, "atı olmayanın oyunudur futbol". Lakin çox keçmədi ki, futbolun dinamikası atüstü oyunların sürətini kölgədə qoymağa başladı.
1920-ci ilin aprelində sovet qoşunları gələndə ingilislər bölgəni tərk etdi, lakin onların Xankəndidə və Şuşada qoyduqları "futbol toxumları" bir neçə onillik sonra professional "Qarabağ" klubunun yaranmasına zəmin yaratdı və bu gün Qarabağın atlıları İngilislərin öz meydanında onlara futbolu necə qoruyub saxlayıb və güclü komandaya çevrilməsini göstərəcək!
Prof.Dr.Zaur Aliyev - "DİA-AZ"

Geri qayıt