Əsas Səhifə > Güney Press > “Parazit sözlər şou proqamlarda istifadə edilir”

“Parazit sözlər şou proqamlarda istifadə edilir”


Bu gün, 12:30

“Televiziya ekranlarında alınma sözlərin işlənməsi spesifik məsələdir. Hansı halda hansı söz işlənir, hansı sözün Azərbaycan dilində qarşılığı ola-ola istifadə edilir, bunlar barəsində monitorinq apararaq müəyyənləşdirmək olar ki, bu hallarda əcnəbi, alınma sözlərdən istifadə edilib”.

Bu sözləri Pravda.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, alınma sözlər xüsusilə müstəqillik illərində mahiyyət etibarilə onların işlənməsi artıb: “Çünki yeni əşyalar, yeni tendensiyalar, yeni proseslər var, onların ifadəsi üçün biz istər-istəməz xarici dillərin leksikasına ehtiyac duyuruq və onların bir çoxu yerində işlənir. Yerində söylənməyən, Azərbaycan dilində qarşılığı olan sözlərin də işlənməsi qəbulolunmazdır. Bunu ölkə Prezidenti cənab İlham Əliyev də həm AMEA-nın 80 illiyi ilə bağlı çıxışında, həm də jurnalistlərə müsahibəsində haqlı olaraq qeyd edib. Bəzi parazit sözlər var ki, onlar şou proqramlarında çox istifadə edilir. Yəni məişətdə işlənir oradan da televiziya ekranlarına keçir, daha sonra düşür dillərə və beləliklə populyarlaşır. Söhbət belə parazit sözlərdən gedir ki, biz onları danışıq dilindən ədəbi dilə gətirməyək. Alınma sözlərlə bağlı hansısa inzibati cəza tədbiri tətbiq etmək, zənn edirəm ki, bu, bir az mürəkkəb məsələdir. Bunu necə, hansı hallarda, hansı qaydalar əsasında və hansı sözlərə münasibətdə müəyyənləşdirəcəklər, həmçinin alınma sözün yerində işlədilib-işlədilmədiyini kim qərar verəcək? Mürəkkəb məsələdir. Əlbəttə, jurnalistlər, aparıcılar, o cümlədən verilişə dəvət olunanlar da çalışmalıdırlar ki, ana dilinin öz sözlərindən istifadə etsinlər”.

Qeyd: Azərbaycan Respublikası Audiovizual Şurasında televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə "Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət" mövzusunda görüş keçirilib. Görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə 2025-ci ilin dekabr ayının statistikası müzakirə olunub. Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə qanunvericiliyə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunub.


Geri qayıt