Əsas Səhifə > Güney Press > Ətin qiyməti yenə bahalaşacaq!

Ətin qiyməti yenə bahalaşacaq!


Bu gün, 11:13

Azərbaycanda ət bazarında qiymət artımı gündəlik həyatın ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Alıcılar narahatdır: ət Türkiyədəki kimi əlçatmaz olacaqmı?

Qəssabxanalarda və marketlərdə müşahidə olunan qiymətlər isə bu narahatlığı daha da artırır.

Paytaxt bazarlarında yerli dana ətinin qiyməti xeyli bahalaşıb. Hazırda sümüklü dana əti 17 manatdan 18 manata qədər təklif olunur. Sümüksüz dana əti isə qəssabxanalarda 22 manata satılır. Quzu ətinin qiyməti 22–23 manat civarındadır. Qoç əti nisbətən ucuzdur – 16 manata tapmaq mümkündür.

Satıcıların sözlərinə görə, son aylar qiymətlər 1–1,5 manat aralığında artıb.

Marketlərdə isə qiymətlər qəssabxanalardan daha yüksəkdir. Belə ki, sümüksüz dana əti 21 manat 99 qəpiyə, antrikot 17 manat 99 qəpiyə, dananın döş hissəsi isə 16 manat 48 qəpiyə təklif olunur.

Qəssablar və satıcılar qiymət artımını əsasən yerli istehsalın baha başa gəlməsi ilə izah edirlər. Onların sözlərinə görə, otlaqların azalması, ot və yoncanın qiymətinin yüksəlməsi maldarlığa ciddi təsir edir. Hazırda yoncanın bir presi 5–5,5 manata, otun bir presi isə 6 manata satılır. Bu da fermerlərin xərclərini artırır və nəticədə ətin qiyməti yüksəlir. Daxili istehsal tələbatı tam ödəmədiyi üçün Azərbaycan xarici ölkələrdən də ət idxal edir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin ilk 10 ayında ölkəyə 90,1 milyon dollar dəyərində 38,6 min ton ət gətirilib. Ən böyük pay Ukraynaya məxsusdur. Bundan başqa, Braziliya, Belarus, Hindistan, Rusiya, İordaniya, Gürcüstan, Qazaxıstan və Monqolustandan da ət idxal olunur.

Son günlər Monqolustandan dondurulmuş ətin idxalı xüsusilə artıb. Bu ətlər iri supermarketlərdə yerli ətə nisbətən daha ucuz qiymətə satılır. “Monqol quzusu – 12,99 manat”, “Braziliya əti – 17,99 manat” kimi etiketlər artıq alıcılar üçün adi mənzərəyə çevrilib.

Dondurulmuş ətin əsas alıcıları isə şadlıq evləri, restoranlar, kababxanalar və iri həcmli ət istehlak edən iaşə obyektləridir. Məqsəd aydındır – maya dəyərini azaltmaq.

Ortaya maraqlı bir sual çıxır: idxal ət bazardakı tələbatı ödəyirsə, niyə yerli ətin qiyməti yenə də bahalaşır?

Satıcılar bildirir ki, alıcıların əksəriyyəti dondurulmuş, “buzlu” ətə etibar etmir və az da olsa, yerli ətə üstünlük verir. Bu isə yerli ətə tələbatı sabit saxlayır və qiymətlərin enməsinə imkan vermir.

İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, yerli ətə tələbatın yüksək olması qiymət artımının əsas səbəblərindən biridir.

Onun sözlərinə görə, statistika son 25 ildə ölkədə ət kəsiminin 25 faiz artdığını göstərir:

“Ölkədə ümumi bahalaşma mühiti var və bu, ət bazarından da yan keçmir. Fermer artan xərclər fonunda əti ucuz sata bilməz. Ən böyük problemlərdən biri otlaq sahələrinin azalmasıdır. Otun qiyməti 3 manatdan 6 manata qədər qalxıb. Heyvanlara verilən dərmanlar bahalaşıb. Bütün bunlar fermerdən əlavə vəsait tələb edir. Biz əti daha ucuz aldığımız ölkələrdə geniş otlaq sahələri mövcuddur. Azərbaycanda isə maldarlıqla məşğul olmaq getdikcə daha az cəlbedici olur - iş ağırdır, xərclər isə çoxdur”.

İqtisadçı qeyd edib ki, xaricdən gətirilən steyk ətləri ucuz ola bilməz və əsasən bahalı restoranlar üçün nəzərdə tutulur. Dondurulmuş ətlər isə yerli ətlə müqayisədə 2–3 manat ucuzdur. Lakin buna baxmayaraq, qiymət artımının qarşısını almaq mümkün deyil:

“Ət bahalaşmağa davam edəcək. Mövcud şərtlərdə başqa yol görünmür”.


Geri qayıt