Əsas Səhifə > Güney Press > Maduro və həyat yoldaşı ələ keçirilərək Venesueladan çıxarılıb
Maduro və həyat yoldaşı ələ keçirilərək Venesueladan çıxarılıb3-01-2026, 14:55 |
|
ABŞ Prezidenti Donald Tramp "The New York Times" (NYT) qəzetinə telefonla qısa müsahibə verib və Venesueladakı əməliyyatın uğurlu olduğunu bir daha bəyan edib. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. Tramp Konqresdən əməliyyat üçün icazə almağa çalışıb-çalışmadığı və Venesuelanı nə gözlədiyi barədə suallara cavabında Mar-a-Laqoda keçiriləcək mətbuat konfransında bu mövzulara toxunacağını söyləyib. NYT adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verib ki, Venesueladakı əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki yoxdur. Mənbə Venesuela tərəfindən itkilərin olma ehtimalı barədə danışmaqdan imtina edib.
Venesuela hökuməti ABŞ-dən ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşının sağ olduğunu təsdiqləməsini tələb edib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" Venesuelanın vitse-prezidenti Delsi Rodrigesə istinadən yazır. "Delsi Rodriges dövlət televiziyasında çıxış edərək, Nikolas Maduro və həyat yoldaşının yerinin məlum olmadığını bildirib və ABŞ prezidenti Trampdan onların sağ olduğuna dair sübut təqdim etməsini tələb edib", - məlumatda deyilib.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib. "Report" xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb. "ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", - o yazıb. Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq. "Bu gün səhər saat 11-də (Bakı vaxtı ilə 20:00-da - red.) mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!", - o qeyd edib. Geri qayıt |