|

Bu il narın satış qiymətində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu narın qiymətini və bahalaşmasının səbəblərini araşdırmaq üçün Yevlax və Beyləqan bazarlarına üz tutub.
Beyləqan bazarında nar satışı ilə məşğul olan Mahir Allahyarov deyib ki, qiymətlərin bu qədər artmasının səbəbi xarici bazarlarda nara olan təlabatın çox olmasıdır:
"Bu il əvvəlki illərə nisbətən narın qiyməti çox yüksək olub. Keçən il payızda ən yaxşı narın kq-ı 0,80 qəpik- 1 manat aralığında dəyişirdisə, bu il 2 manat 50 qəpik - 3 manat arasında təşkil edir. Bunun da səbəbi xarici bazarlarda nara olan təlabatdır. Demək olar ki, narın 80 faizi xarici ölkələrə göndərilir. Bu da qiymətin artmasına səbəb olub".
Yevlax bazarında da narın qiyməti əl yandırır. Şəhər sakini Esmira Məmmədova narın qiymətinin artmasından şikayətlənib:
"Hər il bayramqabağı ən yaxşı narın qiyməti 2 manat olardı. Bu il isə qiymətlər 3.50- 4 manat arası dəyişir. Payızda da demək olar ki, qiymətlər buna bənzər idi. Nar mənim ən çox sevdiyim meyvələrdən sayılır. Təəssüflər olsun ki, bu il doyunca nar yeyə bilmədik. Hər il Yevlaxın öz kəndlərindən və qonşu rayonlardan Ağdaş, Göyçaydan bazara nar gətirilərdi. Bu il isə, demək olar ki, az gətirilir, oda “od” qiymətinə..."
Bundan başqa, sakinlər Yevlax və Beyləqan bazarlarında digər meyvə-tərəvəzin də kəskin şəkildə bahalaşdığından gileyləniblər. Biz də bazarda meyvə-tərəvəzin qiymətlərini öyrənməyə çalışdıq. Məlum oldu ki, iki gün öncə xiyarın 1 kiloqramı 2.30-2,50 AZN arası idisə, bu gün 5 manat, badımcan 1 manat 50 qəpik idisə, bu gün 4,50 AZN, pomidorun qiyməti 3,50, bibərin isə kilosu 3-4 manata təklif edilir. Eyni zamanda 1-1.50 AZN-ə satılan alma son günlərdə 2,50-3 manat, portağalın qiyməti 2-2,50, narın qiyməti 3 manatdan, 5 manata qədər dəyişir.
Bir sözlə, yeni il qabağı Yevlax və Beyləqan bazarlarında qiymətlər kəllə-çarxa çıxıb.
Geri qayıt
|