Əsas Səhifə > Güney Press > “Ölkədə torpaq azalır, qəbir çoxalır”
“Ölkədə torpaq azalır, qəbir çoxalır”Dünən, 14:58 |
|
Şəhərlərin sürətlə böyüməsi, əhalinin artması və urbanizasiyanın dərinləşməsi fonunda qəbiristanlıqların sahəsi də ildən-ilə genişlənir. Xüsusilə, iri şəhərlərdə torpaq resurslarının məhdudlaşması qəbir yerlərinin planlaşdırılması və idarə olunmasını ciddi ekoloji və sosial problemə çevirib. Yaşayış massivləri ilə qəbiristanlıqların sərhədlərinin yaxınlaşması, torpaq ehtiyatlarının tükənməsi və ekosistemə təsir məsələsi cəmiyyətdə haqlı suallar doğurur. Bu kontekstdə həm dini, həm də hüquqi baxımdan alternativ və davamlı yanaşmaların mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Bəs İslam fiqhində bu problemə necə yanaşılır? Qəbir yerlərinin yenidən istifadəsi mümkündürmü və bu, dini qaydalarla ziddiyyət təşkil edirmi? Məsələ ilə bağlı QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev Musavat.com-a verdiyi açıqlamada həm fiqhi prinsipləri, həm də müasir ekologiya və urbanistika baxımından bu yanaşmanın əsaslarını ətraflı izah edib. O bildirib ki, İslam fiqhində dəfn qaydaları bədənin torpağa ən təbii və sadə şəkildə qaytarılmasını nəzərdə tutur: “Bu prinsiplər dini təlimlərin icra olunmasıyla yanaşı, həm də torpaq ekologiyası, mikrobiologiya və ekosistem dövriyyəsi ilə bağlı elmi biliklərlə üst-üstə düşən bioetik sistemdir. Bu ayə həm insanın ontoloji başlanğıcını, həm də təbii dövrünün son mərhələsini təsvir edir. Xristianlıqda “torpaqsan və torpağa dönəcəksən” (Yaradılış, 3:19) fikri, yəhudilikdə isə təbii dəfn ənənəsi bu yanaşmanın digər dini formalarıdır. Müasir ekologiya elmi də göstərir ki, insan cəsədinin torpağa kimyəvi müdaxilə olmadan qaytarılması torpaq mikroorqanizmlərinin fəaliyyətini optimallaşdırır, torpağın strukturunu qoruyur və çirklənmənin qarşısını alır. Bu, teoloji təlimlərin ekoloji rasional əsasını təsdiq edir. Bu qadağa həm riyadan uzaq durmanı təşviq edir, həm də torpağın hava və su mübadiləsini qoruyaraq ekosistemin pozulmasının qarşısını alır. Beton örtüklərin istifadəsi torpağın nəfəsliyini azaldır, mikrobioloji fəaliyyətə mane olur və suyun torpaqda təbii dövriyyəsini zəiflədir. Tarixi şəhərsalma nümunələri göstərir ki, müsəlman şəhərlərində qəbiristanlıqlar yaşıl zolaqlar kimi formalaşdırılırdı. Ətrafında ağacların əkilməsi, məkanın təbii landşaftla uyğun saxlanılması ekosistemin sabitliyinə töhfə verirdi. Bu model müasir urbanistikada “ecological cemetery”, “green burial park” kimi konsepsiyaların erkən formasıdır”. İlahiyyatçı alim qeyd edib ki, cəsəd torpağa qoyulduqdan sonra bir-birini izləyən mürəkkəb biokimyəvi və mikrobioloji proseslər baş verir: “Öz-özünə həll olunma, hüceyrələr fermentativ şəkildə öz-özünü parçalamağa başlayır. Bu mərhələ İslamın kimyəvi müdaxilələrdən (balzamlama) uzaq durma prinsipini ekoloji baxımdan əsaslandırır. Kimyəvi balzamlama prosesləri torpağın mikrobiotasını məhv edir və yeraltı sular üçün toksik risk yaradır. Aerob və anaerob bakteriyalar toxumaların parçalanmasını davam etdirir. Elmi araşdırmalar göstərir ki, orta rütubətli, hava keçirən torpaqlarda proses daha sürətli və təbiidir. Peyğəmbər (s) tərəfindən “yumşaq torpaqda dəfn” tövsiyəsinin bu elmi mexanizmlə uyğunluğu diqqət çəkir. Cəsədin parçalanmasından yaranan üzvi maddələr torpağın azot-fosfor balansını dəyişir. Qrunt suları səthə yaxın olduqda sızma riski artır. Bu səbəbdən müasir urbanistikada qəbiristanlıq yerləşdirilməsi ciddi hidrogeoloji təhlil tələb edir. İslam fiqhində də su yollarına, içməli suya yaxın ərazilərdə dəfnin məkruh sayılması ekoloji təhlükəni önləməyə yönəlmiş dini mexanizmdir. Fiqh mənbələrində bir sıra məsələlər ekoloji davamlılıqla paralel şəkildə izah edilə bilər: Tabutun zərurət olmadıqda istifadə edilməməsi - tabut torpağın mikroorqanizmlərini cəsədlə təmasdan ayırır və parçalanmanı gecikdirir. Fiqh isə torpaqla birbaşa təmasın əməli şərt olduğunu bildirir. Bu, həm də torpaq dövriyyəsində balansın qorunmasına xidmət edir. Eləcə də qəbirüstü konstruksiyaların minimuma endirilməsi- bu tələb torpaq eroziyasının qarşısını alır, landşaftın təbii strukturunu saxlayır və ekosistemin şəffaflığını artırır”. Samiq Quliyev onu da bildirib ki, fiqhə görə, qalıqlar torpağa qarışdıqdan sonra qəbir yerinin yenidən istifadəsi caizdir: “Bu prinsip urbanistik məkanın məhdud olduğu böyük şəhərlərdə torpaq resurslarının davamlı idarə olunmasını təmin edir. Azərbaycan Respublikasının 2018-ci il tarixli 522 nömrəli qərarı ilə qəbir yerlərinin 25 illik istifadə müddətinin müəyyən edilməsi fiqhi normaların müasir dövlət idarəçiliyi və ekoloji siyasətlə uzlaşdırılmasının konkret nümunəsidir. Bu yanaşma bir tərəfdən dini-hüquqi prinsiplərə hörməti qoruyur, digər tərəfdən isə urbanizasiyanın sürətləndiyi şəraitdə torpaq ehtiyatlarının rasional və davamlı istifadəsinə hüquqi zəmin yaradır. Beləliklə, dövlət tənzimləməsi həm ictimai maraqları, həm də dini dəyərləri balanslaşdıran funksional mexanizm kimi çıxış edir. İslamda insanın torpaqdan yaranması və torpağa qayıtması fikri həm də insanın ekosistemə inteqrasiya olunmuş strukturunu göstərir. Quranda buyurulur: “...O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.” (Furqan, 2) İnsanın torpağa təbii qaydada qaytarılması həmin yaradılış nizamının qorunmasının bir parçası kimi mövcud olur. Müasir ekoloji antropologiya da insan bədəninin torpağa təbii şəkildə qovuşmasının ekoloji dövrün ayrılmaz halqası olduğunu təsdiq edir. Bu mənada, İslam fiqhindəki təbii dəfn modeli həm teoloji, həm antropoloji, həm də ekosistem baxımından optimal həll kimi görünür. İslam fiqhində dəfn qaydaları sadəlik, israfın qadağan olunması, kimyəvi müdaxilələrdən çəkinmək, bədənin torpağa təbii şəkildə qaytarılması və torpaq resurslarının səmərəli idarə olunması kimi prinsiplər üzərində qurulub. Müasir ekologiya, mikrobiologiya və urbanistika elmləri bu prinsiplərin ekoloji baxımdan yüksək dərəcədə rasional və davamlı olduğunu təsdiq edir. Beləliklə, islam fiqhində təbii dəfn min illər əvvəl formalaşıb, lakin müasir “yaşıl dəfn” konsepsiyalarının mahiyyətinə tam uyğun gələn davamlı bioetika modelidir”. Geri qayıt |