|

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Asəf Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətləri ilə çıxış edən məhkum cinayət əməlini törətdikdən sonra könüllü şəkildə polisə təslim olmasını, iki azyaşlı övladının olmasını, habelə qərəzli münasibət səbəbindən uzun müddətdir övladları ilə əlaqə saxlaya bilməməsini əsas gətirərək, barəsində təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.
Kassasiya instansiyası məhkəməsində çıxış edən Asəf Məmmədov cəzasının həddən artıq ağır olduğunu bildirib. O, uzun illər hüquq-mühafizə orqanlarında xidmət etdiyini, I Qarabağ müharibəsinin iştirakçısı olduğunu, törətdiyi əməli səmimi etiraf etdiyini, hadisəni arzulamadığını və baş verənlərdən sonra övladlarını görmədiyini qeyd edib. Məhkum həmçinin hüquqi varislərlə barışıq üçün dəfələrlə cəhd göstərdiyini, ittiham aktında hadisə zamanı sərxoş olmadığı göstərilsə də, hökmdə bunun əksinin qeyd edildiyini vurğulayıb və mərhumun, eləcə də digər şəxslərin təhqiramiz davranışlarına dözə bilməyərək cinayəti törətdiyini bildirib. O, kassasiya şikayətlərinin təmin edilməsini xahiş edib.
Asəf Məmmədovun müdafiəçisi kassasiya instansiyasında çıxış edərək hadisənin qısqanclıq zəminində baş verdiyini, məhkumun əməllərində xüsusi amansızlığı təsdiq edən hallar müəyyən edilmədiyini deyib və şikayətlərin təmin olunmasını istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi isə kassasiya instansiyasında çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş edib.
Dövlət ittihamını müdafiə edən prokuror Elçin İbrahimov kassasiya instansiyası məhkəməsində çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını təklif edib.
Məhkəmənin qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qərarı dəyişdirilib. Asəf Məmmədovun Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar hökm və qərardan xaric edilib. Məhkum CM-nin 120.2.7-ci maddəsi ilə təqsirli bilinərək ona 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Qərara əsasən, məhkum cəzanın ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Gəncə Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 19 fevral 2023-cü il tarixdə gecə saat 03:45 radələrində Tərtər rayonunda qeydə alınıb.
Belə ki, Asəf Məmmədov həyat yoldaşı, 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (Xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq vaxtı Asəf Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı Gülnar Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib.
Qeyd: Qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi vəzifəsində çalışırdı.
Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda – Gülnar Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməmişdi.
Geri qayıt
|