Əsas Səhifə > Güney Press > Rusiya “Qarabağ klanı”nı yenidən format edir

Rusiya “Qarabağ klanı”nı yenidən format edir


Bu gün, 16:49

“8 avqustda qəbul edilən sənəd sənəd deyil, 9 noyabrda (10 noyabr 2020-ci li tarixli üçtərəfli Bəyanat) qəbul edilən isə gerçək sənəddir”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikri bu gün Qarabağda ləğv olunmuş keçmiş separatçı-terrorçu rejimin qondarma "təhlükəsizlik şurası"nın katibi, 2023-cü ilin 19-20 sentyabr Azərbaycan Ordusunun lokal əməliyyatından sonra dövlət sərhədimizi müəmmalı şəkildə keçərək İrəvana qaça bilmiş general-mayor, Xocalı canisi Vitali Balasanyan jurnalistlərlə açıqlamasında bildirib.

““Artsax”ın qaytarılması məsələsi Paşinyan üçün bağlanıb. Amma bizim üçün bağlanmayıb, 9 noyabr tarixli qüvvədə olan bir sənəd var”, - deyə Balasanyan qeyd edib.

Uzun müddətdir ictimaiyyət arasında görünməyən Vitali Balasanyanın indi media qarşısına çıxıb təxribatçı açıqlamalar verməsi təbii ki, Azərbaycan-Ermənistan münasibətlərində son vaxtlar müşahidə olunan normallaşma prosesini yenidən gərginləşdirmək məqsədi daşıyır.

Təbii ki, nə Balasanyan, nə də onun aid olduğu separatçı qrupun qalıqları bölgədə status-kvonu dəyişmək gücünə malik deyil. Görünür, bölgədə sülh prossisnin reallaşmasından narahat olan dairələr Balasanyanın vasitəsilə öz mesajlarını çatdırmağa çalışır.

Söhbət Rusiyadan və Ermənistandakı revanşit müxalifətdən gedir. Balasanyan Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaların mövcudluğunu inkar etməklə revanşist müxalifətin və onun arxasında dayanan Kremlin Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, eyni zamanda kommunikasiyaların açılmasına dair imzalanmış sənədləri tanımadığına işarə edir.

2020-ci il 9 (10) noyabr Bəyanatı Rusiyanın iştirakı ilə imzalandığından Balasanyanın məhz bu sənədə istinad etməsi ilk növbədə, Moskvanın maraqlarına xidmət edir.

Onun belə açıqlama verməsi Azərbaycanla Ermənistan arasında siyasi barışıq mühitinin yaranması, ticarət əlaqələrinin bərpası və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması istiqamətində konkret addımların atılmasından Rusiyanın narazılığını göstərir.

Rusiya 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Balasanyanın da daxil olduğu revanşist müxalifətin qalib gələcəyi təqdirdə, yeni hakimiyyətin sülh razılaşmasından imtina edəcəyi və Qarabağa qarşı ərazi iddialarını yenidən gündəmə gətirəcəyini çatdılrmaq istəyir.

Çünki Rusiya münaqişəni regiona nəzarət etmək üçün əsas təsir vasitəsi hesab edir. Lakin artıq tərəflər sülhə kifayət qədər yaxındır. Hətta Ermənistanda seçkilərə qədər yekun sülh müqaviləsinin imzalanacağına dair məlumatlar yayılıb. Bütün rəy sorğuları isə seçkilərdə Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qalib gələcəyini deməyə əsas verir.

Balasanyanın bağlı olduğu “Qarabağ klanı”nın isə hakimiyyətə qayıtmaq şansı görünmür. Ona görə də hərbi cinayətkarın populist açıqlaması, eyni zamanda seçkiqabağı ictimai rəyə hesablanıb.


Geri qayıt