Əsas Səhifə > Güney Press > ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib
ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilibBu gün, 16:46 |
|
907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsinin mətni ABŞ Konqresinin saytında yerləşdirilib. Qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır. Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib. Həmçinin, layihə də qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazda sülhü prioritet hesab etdiyini açıq şəkildə nümayiş etdirib: "Elə bir sülh sazişi əldə edib ki, bu sazişdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının müvafiq sərhədləri və ərazi bütövlüyü qarşılıqlı şəkildə razılaşdırılıb". Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır. Qeyd edək ki, bu ilin dekabr ayında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Bu düzəliş ABŞ-nin Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır. Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib. Ötən gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib ki, bizim gözləntimiz “Azadlığın Müdafiə Aktı”na 907-ci düzəlişin tam ləğv edilməsidir. Nazir bildirib ki, bunun üçün münbit şərait var. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, “Azadlığa dəstək qanununa” 907-ci düzəliş Birinci Qarabağ müharibəsinin ən aktiv mrəhələsində qəbul edilmişdi. Ekspert vurğulayıb ki, məqsəd birtərəfli olaraq Cənubi Qafqazdakı münaqişədə Ermənistana hərbi dəstək göstərmək və bununla paralel olaraq Azərbaycana hərbi dəstəyi qadağan etmək olub: "907-ci düzəliş Azərbaycan üçün ciddi itkilər anlamına gəlirdi. Həmçinin, Azərbaycan-ABŞ arasında münasibətlərə ciddi kölgə salırdı. Onsuz da Vaşinqtonda, Ağ Evdə, Dövlət Departamentində etiraf edirdilər ki, bu qanun sonrakı mərhələlərdə heç işləmədi. Çünki Cənubi Qafqazda gedən proseslərdə ABŞ-nin hər zaman yaxın müttəfiqi olub. İstər Əfqanıstanda terrorizmlə mübarizədə, istərsə də qlobal terrorla birgə mübarizədə, enerji təhlükəsizliyi məsələsində Azərbaycan ABŞ-yə çox böyük dəstək verib. Vaşinqton bu dəstəyi müsbət qiymətləndirib. Amma yenə də belə bir ədalətsiz qanunun mövcud olması ABŞ və Azərbaycan arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində ciddi bir əngəl idi. Zaman-zaman Azərbaycana bu məsələ üzərindən siyasi təzyiq kimi istifadə olunurdu. Nəhayət, münaqişə bitdikdən sonra ABŞ də bu reallığı qəbul etməyə başladı. 8 avqustda Vaşinqtonda keçirilən görüşdə və əldə olunan razılaşmalar arasında sözügedən 907-ci düzəlişin ləğvi məsələsi də yer aldı. Dekabrın 9-da bu qanun ləğvinə dair təklif Demokratlar tərəfindən Konqresə təqdim olunub". Ə.Şahidov bəyan edib ki, əlsində təklifin məhz Demokratlar Partiyasının üzvü tərəfindən gündəmə gəlməsi özü də mühüm hadisədir: "Çünki məhz Demokratların hakimiyyəti dönəmində Azərbaycan əleyhinə siyasi qərarlar qəbul olunub. Erməni lobbisi də bunun təşəbbüskarı olub. Ancaq indi baş verənlər göstərir ki, Azərbaycanın önəmi, mühüm ölkəyə çevrilməsi, etibarlı tərəfdaş olması artıq sadəcə Ağ Evdə deyil, Konqresdə də birmənalı qəbul edilir. Qanunvericiliyə görə, sənəd ilk növbədə Konqresin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılır, daha sonra isə plenar iclasa təqdim olunacaq. Prosesdə müəyyən kiçik əngəllər ola bilər. Lakin ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib. Böyük ehtimalla, 907-ci düzəliş tam şəkildə ləğv olunacaq". Geri qayıt |