|

Gəncə Ağır Cinayətlər Məhkəməsində “Megastore” mağazasında quldurluq etməkdə təqsirləndirilən Nicat Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İbtidai istintaq və məhkəmə araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, saxlanclıq yerinə qanunsuz daxil olaraq silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq göstərib və bu cür zorakılığın tətbiq ediləcəyi ilə hədələməklə quldurluq cinayəti törədib.
İttihama görə, hadisə 2023-cü ildə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Megastore” mağazasında baş verib. Nicat Abdullayev tamah niyyəti ilə mağazanın həyətyanı sahəsində yerləşən və saxlanc yeri hesab edilən ofisdəki dəmir seyfdə saxlanılan külli miqdarda pulu ələ keçirmək məqsədilə əvvəlcədən yapışqan lent və taxta parçası götürmüş, tanınmamaq üçün maska tipli papaq və əlcək geyinərək mağazanın hasarından aşmaqla həyətyanı sahəyə qanunsuz daxil olub.
Araşdırmalarla müəyyən olunub ki, o, seyfin saxlandığı otağın pəncərəsini fiziki güc tətbiq etməklə açaraq içəri keçib, bu zaman səs-küyü eşidərək yaxınlaşan mağazanın gözətçisi zərərçəkmiş Dəmir Quliyevin (adı, soyadı şərtidir) baş nahiyəsinə taxta parçası ilə bir dəfə möhkəm zərbə vurub, daha sonra onu yerə yıxaraq əllərini və ayaqlarını yapışqan lentlə bağlayıb, qışqıracağı təqdirdə öldürəcəyi ilə hədələyərək hərəkət imkanlarını məhdudlaşdırıb. Ardınca yenidən seyfin olduğu otağa qayıdan təqsirləndirilən şəxs içərisində 157 151 manat, 6 040 ABŞ dolları və 18 100 Rusiya rublu olan dəmir seyfi taxta çərçivəsindən ayıraraq ələ keçirib hadisə yerindən uzaqlaşıb.
Məhkəmə iclasında dindirilən Nicat Abdullayev ona Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 181.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini, lakin ittiham aktında göstərilən bəzi hallarla razılaşmadığını qeyd edib. O, zorakılıq alətlərini hadisə yerindən götürdüyünü, gözətçini ölümlə hədələmədiyini və seyfdə olan pulun real məbləği barədə məlumatının olmadığını söyləyib.
Geri qayıt
|