Əsas Səhifə > Güney Press > “TikTok”da bacısı ilə ünsiyyət quran dostuna 4 bıçaq zərbəsi endirdi
“TikTok”da bacısı ilə ünsiyyət quran dostuna 4 bıçaq zərbəsi endirdiBu gün, 10:09 |
|
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Tamerlan Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bildirilib ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Apellyasiya məhkəməsinin iclasında Tamerlan Quliyevin müdafiəçisi apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar məhkəməyə ərizəni ünvanladığı bildirərək apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib. Qərara əsasən, apellyasiya şikayətindən imtinası qəbul edilib və apellyasiya şikayətinin baxılmasına xitam verilib. İttihama görə, 2008-ci il təvəllüdlü Tamerlan Quliyev 07 fevral 2025-ci il tarixdə, saat 22:00 radələrində tanışı, zərərçəkmiş Qulam Əlizadənin (adı, soyadı şərtidir) yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısındakı küçədə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zərərçəkmiş şəxsin “TikTok” sosial şəbəkəsində təqsirləndirilən şəxsin bacısı ilə ünsiyyətdə olmasına görə yaranıb. İstintaqla müəyyən edilib ki, Tamerlan mübahisə zamanı üzərində olan məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçaqla Qulamın döş qəfəsi nahiyəsinə dörd dəfə ardıcıl zərbə endirib. Nəticədə zərərçəkmişin sağlamlığa ağır zərər yetirilib. Bundan əlavə, döş qəfəsinin sol arxa səthində iki ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara müəyyən olunmuş, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərər hesab edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamerlan Quliyev 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və ona təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub. Geri qayıt |