Əsas Səhifə > Güney Press / Partiya > "Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir"

"Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir"


Bu gün, 16:44

“Bu cür ciddi ittihama şübhə varsa Dövlət Təhlükəsizlik Xidmətinin borcudur ki, məsələni hərtərəfli araşdırsın. Dövlətə qarşı ayaqlanma varsa, buna ciddi yanaşmaq lazımdır. Ümid edək ki, ortaya ciddi faktlar və dəlillər qoyulacaq. Demək istəyirəm ki, bu, adi məsələ, bir sıravi cəbhəçinin və ya siyasətçinin tutulması deyil”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevlə bağlı aparılan cinayət işi çərçivəsindəı AXCP sədri Əli Kərimlinin həbsindən danışarkən deyib.

ADP sədri xatırladıb ki, hələ Milli Şura yaranan zaman şəxsən onun özü dəfələrlə bu barədə danışıb:

“2013-cü ildə Rüstəm İbrahimbəyovun sədrliyi altında yaranan Milli Şura Rusiyanın layihəsi idi. Rusiya bunu Azərbaycan hakimiyyətinə təsir etmək məqsədilə yaratmışdı. Eyni zamanda Demokratik Ziyalılar Forumu da bu qəbildən idi. Rüstəm İbrahimbəyov da həm Milli Şuranın sədri, həm də Demokratik Ziyalılar Birliyinin rəhbərliyində idi. Eyni zamanda, Rusiya Azərbaycanlıları Milyarderlər İttifaqında təmsil olunurdu. Bu da deməyə əsas verir ki, bu üç qurum Rüstəm İbrahimbəyov vasitəsilə əlaqələndirilmişdi. Bütün bunlar nəzərə alınmalı idi. Üstəlik, o dövrdə Milli Şuranın təsisçiləri, aktiv iştirakçıları vardı. Məncə, onlar, daha çox bu qurumla Rusiya arasında hansısa əlaqələrin olub-olmadığı barədə fikir bildirə bilərlər. Ancaq mənim hadisələrlə bağlı öz mülahizə və təhlillərim var. Məsələn, o dövrdə Rusiya prezidenti Putinin müşavirlərindən biri Milli Şuranı açıq şəkildə dəstəklədi. Mən o zaman dedim ki, bu, beynəlxalq qanunlara ziddir, bir ölkənin daxili işlərinə qarışmaqdır. Rusiyanın nə ixtiyarı var ki, Milli Şuranı müdafiə etsin?Yəni belə faktlar var və bunlar 15 il əvvəl olub. Mətbuatda da uzun illər bu məsələlər müzakirə edilib. Lakin ola bilməz ki, o vaxt belə bir cinayət baş verib, çevrilişə cəhd olub, ancaq məsələ indi araşdırılır. Məncə, biz aparılan istintaqın nəticələrini və gedişatı gözləməliyik”.

S. Cəlaloğlu qeyd edib ki, hələ Milli Şura yarananda şəxsən Müsavat başqanı İsa Qəmbərə zəng edərək onunla bir restoranda görüşüb və ona Milli Şuranın Rusiya layihəsi olduğunu deyib:

“Dedim ki, bu, iqtidara təzyiq etmək üçün qurulan işdir. Doğurdan da 2013-cü il seçkilərinə bir müddət qalmış Putin Azərbaycana səfər elədi və 10 milyardlıq müqavilə bağladı. Bundan sonra İbrahimbəyov faktoru ortadan qalxdı, Milyarderlər İttifaqı susdu və Milli Şura sahibsiz qaldı. Mən İsa Qəmbərlə bağlı məsələni mətbuata dedikdən sonra hüquqşünas Aslan İsmayılov mənimlə əlaqə saxladı və dedi ki, sizdən bir həftə əvvəl İsa Qəmbərə zəng edərək Milli Şuranın Rusiyanın bir aləti olduğu, ondan istifadə edəcəklərini demişəm. Yəni Aslan İsmayılov məndən də əvvəl İsa Qəmbərə məlumat verib. Aslan İsmyılov o dövrdə həmdə Ziyalılar Birliyinin təsisçilərindən olub, İbrahimbəyov isə onun sədri idi. Yuxarıda dediyim kimi, İbrahimbəyov vasitəsilə bu qurumlar koordinasiya olunurdu və onun məhz Rusiya siyasətini həyata keçirməsinə dair şübhə yox idi”.


Geri qayıt