Əsas Səhifə > Güney Press > Ermənistanda hakimiyyət uğrunda

Ermənistanda hakimiyyət uğrunda


Bu gün, 16:29

Ermənistanda son aylarda siyasi gərginlik artmaqdadır. Baş nazir Nikol Paşinyan praqmatik xətt yürütməyə çalışdığı halda, radikal revanşist düşərgə, xüsusilə də “Qarabağ klanı” köhnə narrativləri yenidən gündəmə gətirərək ölkədə hakimiyyət uğrunda mübarizəni qızışdırır. Hökumətin Qarabağ danışıqlarına dair arxiv sənədlərini açıqlamasından sonra Paşinyan müxalifətin ittihamlarına cavab olaraq "30 il hakimiyyətdə olan Köçəryan-Sarkisyan cütlüyü həll imkanı var idisə, bunu niyə reallaşdırmadı?" söyləyib. Baş nazir onların açıqlamalarını “siyasi manipulyasiya” adlandırıb.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın praqmatik siyasət yürütməyə üstünlük verdiyini qeyd edib:

"Erməni baş nazir anlayır ki, revanşist radikal düşərgənin ortaya atdığı narrativlər reallıqdan uzaqdır və heç bir zaman baş tutmayacaq iddialardır. Üstəlik Paşinyan hakimiyyəti bu uydurma narrativləri Ermənistanın probleminə çevirmək istəmir. Hesab edir ki, Ermənistan Qarabağ mövzusundan nə qədər uzaq olarsa daha çox qonşularla münasibətlərinin normallaşdırılması və blokadadan çıxmaq imkanları qazana bilər. Bu da Ermənistanın inkişaf perspektivlərinin önünü aça bilər. Ancaq radikal revanşist düşərgə, xüsusilə də "Qarabağ klanı" bu mövzunu yenidən gündəmə gətirməklə siyasi manipulyasiyalar etməyə və Ermənistan cəmiyyətinin Paşinyan hakimiyyətinə qarşı mövqeyini daha da sərtləşdirməyə cəhd göstərir. Böyük ehtimalla bu təlimat da revanşist radikal düşərgəyə Kremildən verilib. Çünki Rusiya siyasi dairələri də son vaxtlar bu mövzuda Azərbaycan əlehinə olmaqla yanaşı, həm də Ermənistan cəmiyyətində gərginliyin artırılmasına yönəlik, açıqlamalar və propaqanda aparır".

Politoloq Ermənistanın həm daxilində, həm də xaricində separatizmin və reallaşması mümkün olmayan narrativlərin gündəmə gətirilməsinin İrəvanda keçiriləcək növbəti parlament seçkilərinə hesablandığını bildirib:

"Paşinyan hakimiyyəti də bu reallığı bilir. Ona görə də məhz Qarabağ danışıqlarına dair arxiv sənədlərini açıqlamağa üstünlük verdi. Bununla da Paşinyan Ermənistan cəmiyyətinə əsil reallığı göstərmiş oldu. İndi də Köçəryan-Sarkisyan cütlüyünə və onların tərəfdarlarına göstərməyə çalışır ki, bu günə qədər verdikləri açıqlamalar, bəyənatlar, sadəcə siyasi manipulyasiyalardan ibarət olub. Real danışıqlarda isə bu cütlük heç bir nəticəyə nail olmayıb".

Ekspert hazırda Ermənistanda hakimiyyət uğrunda savaşın başladığını vurğulayıb:

"Hakimiyyət uğrundakı bu savaşı yenidən Qarabağ mövzusunun üzərinə çəkməyə çalışırlar. Paşinyan hakimiyyəti də əlindən gələn hər şeyi edir ki, bu mövzunu radikal revanşist düşərgənin əlindən alsın və Ermənistan cəmiyyətinə əsil reallıqları çatdırsın. Eləcə də o bununla da radikal revanşist düşərgənin Ermənistanı fəlakətə sürüklədiyini izah etmək istəyir. Böyük ehtimalla seçki ərəfəsində bu proseslər daha da gərginləşəcək və yekun nəticədə iki tərəfdən birinin tamamilə sıradan çıxması qətiyyən istisna deyil".


Geri qayıt