Əsas Səhifə > Güney Press > "Bir-iki dəfə onu “Yeni Azərbaycan” qəzetindən çıxarıb atıblar....
"Bir-iki dəfə onu “Yeni Azərbaycan” qəzetindən çıxarıb atıblar....Bu gün, 14:19 |
|
“Yeni Azərbaycan” qəzetinin baş redaktorunun bu şəkillərin orijinallığına şübhəsi varsa, Prezident Administrasiyasının müvafiq şöbəsinə rəsmi sorğu versin və fotoların orijinalını əldə etsin”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında Ümummilli lider Heydər Əliyevin Azərbaycan prezidenti olduğu dövrdə onun şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırov bildirib. O deyib ki, Alqış Musayevin fotoşəkillərin orijinallığı ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır: “Yeni Azərbaycan” qəzetinin baş redaktorunun işi-gücü yoxdur ki, hər dəfə bu mövzunu qaldırır. Heydər Əliyev hər gün, hətta təyyarədə olarkən belə bütün qəzetlərə baxırdı. Əgər kimsə buna inanmırsa, mənim çəkdiyim bütün şəkillər Prezident Administrasiyasındadır. Ora sorğu versinlər, tapsınlar, təqdim etsinlər. Burada qeyri-adi nə var ki?! Alqış Musayev bu fikirləri gündəmə gətirir və hamının qanını qaraldır. Mən ona 2 dəfə cavab vermişəm. Heydər Əliyev hər gün, hətta təyyarədə olanda da bütün qəzetlərə baxırdı. Alqış Musayevin deyəsən işi-gücü yoxdur. Bir-iki dəfə onu “Yeni Azərbaycan” qəzetindən çıxarıb atıblar. İndi də təzədən nəsə qaynatmaq istəyir. Getsin, versin, məhkəməyə. Mən sözümün üstündə dururam. O boyda qəzetin 10 mininci nömrəsi çıxıb. Sən də baş redaktor olmusan, Bəxtiyar Sadıqovu təbrik etməkdənsə, başqa şeylər danışırsan. Onun məqsədi nədir, bilmirəm. Heydər Əliyev bütün qəzetləri, xəbərləri oxuyurdu. O, hamısından xəbərdar idi. Lentlərin hamısı Prezident Administrasiyasındadır. Getsinlər, axtarsınlar, tapsınlar”. Qeyd edək ki, dekabrın 4-də rəsmi dövlət qəzeti “Azərbaycan”ın 10000-ci sayı çapdan çıxıb. Nəşrin manşet hissəsində Ulu öndər Heydər Əliyevin fotosu dərc edilib. Fotoda o, “Azərbaycan” qəzetini oxuyan formada təsvir edilib. Amma bu foto hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alşıq Musayevin etirazına səbəb olub. O bildirib ki, əslində həmin fotoda Ümummilli lider Heydər Əliyev “Yeni Azərbaycan” qəzetini oxuyur, “Azərbaycan” qəzeti fotonu təhrif edib. “Bu gün “Azərbaycan” qəzetinin 10000-ci sayı çap olunub. Təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi bu foto gerçək deyil. Ulu Öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib. Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və Vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq nəyə xidmət edir?! Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bununla razılaşmayıb. “Qəzetimizin 10000-ci nömrəsini təbrik etməyən Alqış Musayev iddia qaldırır ki, foto saxtadır, dəyişdirilib. Mən bilmirəm necə iddia qaldırmaq olar ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetini oxumayıb, yalnız “Yeni Azərbaycan” qəzetini oxuyub? Bunu aşkara çıxarmağın çox hüquqi və ağıllı bir yolu var. Məhkəməyə müraciət olunur, məhkəmə araşdırması başlayır və həmin fotonun müəllifi olan Rafiq Bağırov bu gün də yaşayır, dəvət olunur və o açıqlama verir. Bunun həqiqi və ya saxta olduğunu yalnız müəllif deyə bilər”, – o söyləyib. Geri qayıt |