Əsas Səhifə > Güney Press > Azərbaycanla Ermənistan arasında sülh gündəmi
Azərbaycanla Ermənistan arasında sülh gündəmiBu gün, 12:03 |
|
Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib ki, Cənubi Qafqaz regionunda sülh qonşular arasında rifah və inkişafa gətirməlidir. "Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməliyik", - "Eutoday" H.Hacıyevin sözlərini sitat gətirir. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh regiona rifah və inkişaf gətirməli, həmçinin qonşular arasında qarşılıqlı əlaqələri möhkəmləndirməlidir. "Eutoday" qeyd edir ki, prezident köməkçisinin sözlərinə görə, Şərqlə Qərb, eləcə də Şimal və Cənub arasında əlaqələr genişləndikcə Ermənistan "dalana dirənmiş ölkə"dən tranzit dövlətə çevrilə bilər. Politoloq Kənan Novruzov Musavat.com-a bildirdi ki, ikinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi: İndi regionun gündəmində əsas məsələ sülh sazişi ilə bağlıdır. Bunun üçün Bakının iki əsas tələbi var idi. Birincisi, ATƏT-in Minsk Qrupunun ləğvi, ikincisi isə Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Birinci məsələ, demək olar ki, artıq həllini tapıb. Ermənistanın verdiyi mesajlar, o cümlədən baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir ki, İrəvan artıq konstitusiya dəyişikliyi barədə fikirləşir və buna gedəcək. Çox güman, bu, Ermənistanda gələn il keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq. Həmin vaxta qədər konstitusiya dəyişikliyinə getmək müxalifətin “əlinə oynamaq olar". Ermənistandakı parlament seçkilərinin nəticəsi həm rəsmi İrəvan, həm də bütövlükdə region üçün çox vacibdir. Düşünmək olar ki, parlament seçkilərindən sonra bölgə üçün tamamilə yeni mərhələ başlanacaq. Əgər Paşinyan hakimiyyətdə qalmağı bacarsa, regional sülhün həm faktiki, həm də hüquqi baxımdan təmin olunması üçün hansısa əngəl qalmayacaq. Əks halda isə proseslər tormozlana bilər. Odur ki, Azərbaycan və regionda sülh istəyən beynəlxalq aktorlar Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Aydındır ki, perspektivdə sülh sazişi istiqamətində atılacaq addımlar kənar oyunçuların ciddi müqaviməti ilə qarşılaşacaq. Bakı və İrəvan bu məsələdə diqqətli olmalı, ikitərəfli diplomatiyaya üstünlük verməlidir”. Musavat.com Geri qayıt |