Əsas Səhifə > Güney Press / Ana xəbər > Sülh sazişi risk altındadır

Sülh sazişi risk altındadır


Bu gün, 10:51

Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb. Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb. Aİ-nin ali nümayəndəsi imzalanma mərasimindən sonra açıqlayıb ki, Avropa İttifaqı Ermənistana sülh və dayanıqlılığın gücləndirilməsi üçün 15 milyon avro ayıracaq. Aİ-nin genişlənmə siyasəti üzrə komissarı Marta Koss bundan əvvəl bəyan etmişdi ki, strateji tərəfdaşlıq gündəliyi Ermənistanın iqtisadi inkişafı və təsisatlarının güclənməsinə töhfə verəcək. Yeni tərəfdaşlıq gündəliyinə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxildir. Avropa İttifaqı, həmçinin qarşıdan gələn parlament seçkiləri ərəfəsində mümkün hibrid təhlükələr, dezinformasiyanın yayılması və kiberhücumlara qarşı mübarizədə Ermənistanı dəstəkləyəcək. Marta Kos vurğulayıb ki, Avropa İttifaqı Ermənistanın 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ərəfəsində mümkün hibrid hücumlara qarşı dayanıqlığının artırılmasına və ölkənin kibertəhlükəsizliyinin möhkəmləndirilməsinə dəstək göstərməyə hazırdır: "Moldova təcrübəsi göstərir: Rusiya dezinformasiya kampaniyaları və kiberhücumlar vasitəsilə seçki prosesinə müdaxilə etməyə çalışıb. Oxşar risklər Ermənistanda da mövcud ola bilər və buna görə Brüssel vaxtında preventiv dəstək vermək niyyətindədir". Koss əlavə edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında dekabrın 3-də keçiriləcək görüşdə müzakirə mövzularından biri olacaq: "Bu sülh sadəcə iki ölkə arasında sülhdən daha böyükdür - söhbət regionda sülhdən gedir".

Politoloq Turab Rzayev "Sherg.az-a açıqlamasında deyib ki, Avropa Birliyinin mövqeyi özlüyündə paradoksdur. Ekspertin qənaətincə, AB-nin belə yanaşması sülh prosesinə töhfə vermir:

"Marta Kos bir tərəfdən deyir ki, Türkiyənin XİN başçısı Hakan Fidanla görüşəcək və Azərbaycan-Ermənistan sülh prosesinə öz töhfələrini verəcəklər. Digər tərəfdən isə Bakı və İrəvan sülhə bu qədər yaxınlaşmışkən, Aİ tərəfindən birbaşa Ermənistana ayrıca maliyyə yardımı ayrılır. Aİ rəsmisi bəyan edir ki, Ermənistanın müdafiəsini təşkil edəcəklər, kiberhücumlara məruz qalmasına imkan verməyəcəklər və s. Fikrimcə, Avropa İttifaqı da öz yanaşmasını aydınlaşdırmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa çox yaxındır. Ermənistan hökuməti Konstitusiyaya yenidən baxılmasını müzakirə edir. Əlavə olaraq ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu. Yəni sülh üçün əngəl qalmayıb. Belə məqamda Marta Kosun özünün dediyi kimi niyə Aİ Azərbaycan-Ermənistan arasındakı sülhü regional sülhə çevirmir? Ermənistanın müdafiəsi üçün ayrılmış ciddi məbləğdə yardımlar sülhün pozulmasına da yol aça bilər".

T.Rzayevin sözlərinə görə, Aİ konkret mövqe ortaya qoymalıdır ki, Ermənistana ayrılan vəsaitlər qətiyyən Azərbaycana və sülhə qarşı istifadə olunmayacaq:

"Başa düşürük ki, Aİ-nin narahatlığı Rusiya ilə bağlıdır. Çünki Rusiya Ermənistanda sabitliyi pozmağa çalışır və buna görə Ermənistana hərbi yardımlar nəzərdə tutulur. Ancaq Ermənistanın əldə etdiyi silahlar Azərbaycana qarşı da çevrilə bilər. Aİ əvvəlki kimi, yəni Fransanın sadəcə "Ermənistana təktərəfli dəstək" səhvlərini təkrarlamamalıdır".


Geri qayıt