Əsas Səhifə > Güney Press > Erməni deputatlar Bakıya
Erməni deputatlar BakıyaBu gün, 16:42 |
|
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə diqqətçəkən açıqlamalar verib. O, münasib vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu və həmkarını (Sahibə Qafarova-red.) hansısa formatda Ermənistana dəvət etmək niyyətində olduğunu bildirib. Alen Simonyanın açıqlaması vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana və Bakıya qarşılıqlı səfərlərindən sonra deputatlardan ibarət nümayəndə heyətlərinin anoloji addım atacaqları ehtimalını artırır. Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibərtlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Modern.az-a A.Simonyanın Bakıya səfərinin hələ gözlənmədiyini bildirib: "Azərbaycanla Ermənistana arasında hələlik sülh müqaviləsi imzlanmayıb, diplomatik əlqələr yoxdur. Beynəlxalq tədbir çərçivəsində belə görüşlər mümkündür. Deputatlar ATƏT Parlament Assembliyası çərçivələrində görüşürlər. İstisna etmirəm ki, deputatların arasında xüsusi görüş ola bilər. Hər halda sədrlər də beynəlxalq tədbirlər səviyyəsində görüşürlər. Simonyanın Azərbaycana hansısa səfərinin nəzərdə tutulduğundan xəbərim yoxdur. Bildiyim qədər, ona heç bir dəvət göndərilməyib, lakin hər halda Simonyan barış tərəfdarı olduğunu nümayiş etdirir". R.Musabəyov vurğulayıb ki, hazırkı vəziyyətdə deputat heyətlərinin qarşılıqlı səfərlərinə ehtiyac yoxdur: "Deputatlar arasında belə bir görüş nəyə lazımdır, nəyi həll edəcək? Hər bir görüşün məqsədi olmalıdır, axı bu görüşün məqsədi yoxdur. Belə bir məsələ hələlik gündəlikdə dayanmır". Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər üzvü Nəsib Məhəməliyev isə düşünür ki, parlament sədrlərinin səfərləri sülh müqaviləsinin imzalanmasından sonra daha məqsədəuyğun olar: "Mən düşünürəm ki, sülh prosesinə qədəm qoymuşuq. Addım-addım bu prosesi irəli aparmaq lazımdır. "Xalq diplomatiyası" deyə bir termin var. Uzun illər düşmənçilik etmiş, münaqişə şəraitində yaşamış xalqların gec-tez barışması labüddür. Biz qonşu dövlətlərik, münasibətlərimiz qonşuluq prinsiplərinə uyğun qurulmalıdır. Əməkdaşlıq etməliyilk. Bizim vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı səfərlərinin təşkil olunmasına normal yanaşıram. Parlament sədrlərinin səfərləri isə düşünürəm ki, sülh müqaviləsinin imzalanmasından sonra daha məqsədəuyğun olar. Qarşıdan Ermənistan hökuməti və xalqı üçün çox taleyüklü siyasi proses gəlir. Gələn ilin iyun ayında orada parlament seçkisi keçiriləcək. Bütün sorğular göstərir ki, Paşinyan hökuməti reytinqlərdə irəlidədir. Buna baxmayaraq, daxildə kifayət qədər revanş götürmək istəyən qüvvələr mövcuddur. Regionda sabitliyin bərpa olunmasını istəməyən xarici qüvvələr də var. Heç kim üçün sirr deyil ki, Qərblə Rusiya arasında geosiyasi mübarizə gedir. Bu baxımdan hesab edirəm ki, sülh müqaviləsi imzalanandan sonra ali səfərlərin baş tutması daha məqsədəuyğun olardı". N.Məhəməliyevin fikrincə, deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri istisna edilə bilməz: "Deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, görüşləri ola bilər. Hətta münaqişə dövründə beynəlxalq təşkilatların tədbirlərində bizim deputatlar İrəvandakı tədbirlərdə, erməni deputatlar da Bakıdakı tədbirlərdə iştirak ediblər. Burada hər hansı qəbahət yoxdur. Ələlxüsus da indiki vəziyyətdə - sülhyaratma prosesi dövründə. Mən buna normal yanaşıram, hesab edirəm ki, qarşılıqlı səfərlər ümumi işə daha çox xeyir verə bilər". Geri qayıt |