Əsas Səhifə > Güney Press > Azərbaycanda ata araq almayan oğlunun burnunu qırdı

Azərbaycanda ata araq almayan oğlunun burnunu qırdı


Bu gün, 15:57

Astarada ata spirtli içkiyə görə oğlunu döyüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.

41 yaşlı İsmayıl Xudaverdiyev (ad və soyad şərtidir) yaşadıqları evdə baş verən mübahisə zamanı başı ilə oğlunun burnuna zərbə vurub. Nəticədə yeniyetmənin burnu əzilib və güclü qanaxma yaranıb. Faktla bağlı İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.


Zərərçəkən şəxs ifadəsində bildirib ki, anası ilə birgə sitrus bağlarında fəhləlik edirlər. Atası isə işləmir, spirtli içki aludəçisidir və tez-tez evdə mübahisə yaradır:

“Həmişəki kimi axşam işdən evə qayıtdıq. Atam bizə siqaret və spirtli içki (araq) almağı tapşırmışdı. Siqaret alsaq da, spirtli içki almadıq ki, içib yenə dava salacaq. Atam niyə araq almadığımızı soruşanda dedim ki, mağazada içki yox idi. O, yalan danışdığımı və qəsdən almadığımızı deyib bizdən pul istədi. Özümüzə pul lazım olduğu üçün ona vermək istəmirdik. Buna görə atam mənimlə dalaşdı və dava zamanı başı ilə sifətimə zərbə vurdu. Burnumdan qan axırdı. Qan kəsmədiyi üçün gecə taksi ilə xəstəxanaya getdim”.

O, həmçinin atası ilə barışmadığını və islah olunması üçün bir müddət həbsdə yatmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu bildirib.

Astara rayon Məhkəməsinin qərarı ilə İsmayıl Xudaverdiyev barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Geri qayıt