Əsas Səhifə > Güney Press > Rusiya-Ukrayna müharibəsi, artıq bitməlidir
Rusiya-Ukrayna müharibəsi, artıq bitməlidirBu gün, 15:15 |
|
Rusiya-Ukrayna müharibəsi həm regional təhlükəsizliyi, həm də qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıtmaqda davam edir. Münaqişənin uzanması böyük dövlətlər arasında geosiyasi gərginliyi artırdığı üçün ABŞ-nin mövqeyi və təklif etdiyi sülh təşəbbüsləri beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilib. Bu fonda ABŞ daxilində də müxtəlif iddialar dolaşır. ABŞ dövlət katibi Marko Rubio son mediada yayılan-guya müdafiə naziri Den Driskollun Ukraynanın məğlubiyyətini qaçılmaz saydığı və Kiyevə sülh planını qəbul etməyi təlqin etdiyi xəbərləri “tamamilə uydurma” adlandırıb. Media mənbələrinin hesabatları isə sülh danışıqlarının mümkün nəticələri ilə bağlı narahatlıqları artırır. .Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bu müharibənin dünya iqtisadiyyatına çox böyük zərər vurduğunu bildirib: "Rusiya-Ukrayna müharibəsi, artıq bitməlidir. Müharibə illərdir davam edir. Bunun dünya iqtisadiyyatına vurduğu zərər çox böyükdür. Məsələn, təkcə taxıl və enerji böhranları milyonlarla dollar itkiyə səbəb olub. Bundan əlavə, hər iki ölkənin infrastrukturu dağılıb, yerli əhali ciddi zərər görüb. Üstəlik, müharibənin digər ölkələrə yayılma ehtimalı da mövcuddur ki, bu da qlobal narahatlıq yaradır. Burada əsas məsələlərdən biri ABŞ-nin nə istədiyidir. ABŞ faktiki olaraq Ukrayna üzərindən əldə etmək istədiyini qismən əldə edib. Həmçinin o, Rusiyanı müəyyən qədər zəiflətməyə nail olub. Belə bir şəraitdə Vaşinqton əlavə risklərə getməyə ehtiyac görmür və buna görə də mövcud sülh təşəbbüsünü irəli sürüb. Lakin təklif olunan sülh sazişi Ukraynanın ərazi bütövlüyü və suverenliyi üçün risklər yaradır. Şübhəsiz, biz bu mərhələdə Ukraynanın bütün ərazilərini geri qaytarmasından danışa bilmərik. Ukrayna ya mövcud de-fakto vəziyyətlə razılaşmaq, ya da bəzi ərazilərin işğalı ilə barışacaq. Bununla belə, hazırkı şərtlər Ukrayna üçün çox ağırdır. Kiyev nəticə etibarilə məğlub tərəf kimi göstərilir və təklif daha çox Rusiyanın maraqlarına uyğun görünür. Rusiyanı artıq xeyli zəiflətmiş ABŞ-nin belə bir sazişi tələsik şəkildə qəbul etdirmək istəməsi əlavə risklər yarada bilər". Politoloq belə bir razılaşmanın güclü dövlətlərdə yeni presedent yaradaraq zəif ölkələr üzərində işğalçı planları aktivləşdirə bilmə düşüncəsinin formalaşa biləcəyini vurğulayıb: "Əgər Ukrayna sözügedən şərtlərə razı olsa, bu, faktiki olaraq onun dövlətçiliyi üçün də təhlükə yarada bilər. Situasiya olduqca mürəkkəbdir. Bu səbəbdən sazişin qəbul ediləcəyi hələlik məlum deyil, lakin görünür ki, ABŞ bu məsələdə israrlıdır. Mövcud şərtlər qəbul edilsə, beynəlxalq münasibətlər sistemində çox ciddi problemlər yarana bilər". Geri qayıt |