Əsas Səhifə > Güney Press / Ana xəbər > Məhkəmə sədri məhkəmə zalındaca deyir ki, Ramiz Mehdiyev bu ölkənin qurucularındandır...
Məhkəmə sədri məhkəmə zalındaca deyir ki, Ramiz Mehdiyev bu ölkənin qurucularındandır...Bu gün, 15:01 |
|
“Noyabrın 5-də, məhkəmə sədri elə məhkəmə zalındaca mənə deyir ki, Ramiz Mehdiyevin adını indi başqa cür hallandırırlar, Ramiz Mehdiyev nə edib ki? Ramiz Mehdiyev bu dövlətin qurucularından birincilərindəndir. Mən də Elçin Qurbanova dedim ki, Ramiz Mehdiyev belə dövlət qurandırsa, niyə dövlətə xəyanət edirdi?” Bu sözləri Musavat.com-a iş adamı Novruz Gülməmmədov deyib. Bildirib ki, noyabrın 5-də Göyçay rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə onun işi üzrə proses keçirilib. İş adamı bildirir ki, hakim, həm də Göyçay məhkəməsinin sədri olan Elçin Qurbanovla onun illərdir mübarizə apardığı dəstənin ciddi əlaqələri olmasına dəlalət edən gedişat var. Həmin dəstə uzun illərdir ki, Ramiz Mehdiyevin himayəsi altındadır: “Hakim Elçin Qurbanov məhkəmə zalındaca Ramiz Mehdiyevin dövlət qurucusu olduğunu açıq şəkildə deməklə gözümün içinə baxa-baxa barəmdə qanunsuz və əsassız qərar verdi. Barəmdə 3 il 6 aylıq azadlığın məhdudlaşdırılması hökmü çıxardı. Mən bu barədə cənab Prezident İlham Əliyevə, həmçinin Prezidentin köməkçisi Fuad Ələsgərova, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədrinə və digər instansiyalara rəsmi qaydada müraciət etmişəm”. İş adamının sözlərinə görə, məhkəmə prosesi bir çox hüquqi tələblərin pozulması fonunda aparılıb: “Müdafiə tərəfinə kifayət qədər imkan tanınmayıb, ittiham tərəfinin təqdim etdiyi materiallar isə obyektiv araşdırılmayıb. Başlıca irad prosesə sədrlik edən hakimin qərəzli davranmasıdır. Hakim Elçin Qurbanovun davranışlarında açıq şəkildə tərəfkeşlik hiss olunurdu. Müdafiə tərəfinin sübutlarına nəzər salınmır, əvvəlcədən hazırlanmış bir ssenarinin icrası kimi proses aparılırdı. Həmin hakim əvvəllər də Ramiz Mehdiyevin himayə etdiyi şəxslərlə yaxınlığı ilə yadda qalıb. Bu əlaqələr nəticəsində mənə qarşı sifarişli hökm çıxarıldığını düşünürəm”. Novruz Gülməmmədov iddia edir ki, məhkəmə sədri ilə yanaşı, Ekologiya Nazirliyinin sabiq departament rəisi Namiq Xıdırovun da bu prosesdə xüsusi rolu olub və məhz həmin dairələrin sifarişi ilə qərarın hazırlanmasına təzyiq göstərilib. İş adamı bildirir ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına etdiyi müraciətlər də lazımi qaydada araşdırılmayıb. Onun sözlərinə görə, verdiyi ifadələr, təqdim etdiyi faktlar, səs yazıları və digər materiallar rəsmən qeydə alınsa da, prosesin gedişinə təsir etməyib: “Mənim müraciətlərimi qəbul edən şəxslərin sonradan rayon məhkəmə sədri ilə əlaqəsi olduğu aydın oldu. Bəs bu adamlar kimə və nəyə arxalanır? Niyə bir vətəndaşın hüquqları bu qədər asan şəkildə tapdanır? Hökmdən əvvəl və sonra ortaya çıxan hallar aydın göstərir ki, proses obyektiv olmayıb”. Novruz Gülməmmədovun sözlərinə görə, proses uzadılır, telefon zəngləri ilə müəyyən təzyiqlər edilir, məhkəmənin taleyi isə öncədən müəyyən edilirdi. Ölkə rəhbərliyinə ünvanlanan məktubda o qeyd edir: “Mən adi vətəndaşam və heç kəsdən imtiyaz istəmirəm. Yalnız ona ümid edirəm ki, ölkənin rəhbəri qarşısında hüququ pozulan bir insanın səsi eşidilər. Heç bir məmura, heç bir dəstəyə söykənmirəm. Sadəcə ədalətli qərar istəyirəm”. O həmçinin soruşur ki, AR Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə bağlı eyni məzmundan olan işlər üzrə indiyə qədər hansı qərarlar çıxarılıb və həmin işlərdə mövcud təcrübə nədən ibarətdir? Novruz Gülməmmədov 25 noyabr 2025-ci il tarixli ayrıca müraciətində ölkə rəhbərliyindən xahiş edir ki, məsələ ilə bağlı obyektiv araşdırma aparılması üçün aidiyyəti qurumlara tapşırıq verilsin. O bildirir: “Fuad Ələsgərovun qəbulunda mənə qarşı törədilmiş qanunsuzluqlar barədə geniş məlumat verdim. Lakin hələ də bəzi şəxslər məsuliyyətdən kənarda qalır. Sizdən xahiş edirəm ki, müraciətim nəzarətə götürülsün və günahkar şəxslər barəsində ciddi tədbirlər görülsün”. Gülməmmədov Novruzun müraciətləri Azərbaycan məhkəmə sistemində şəffaflıq və obyektivlik məsələlərinin aktuallığını bir daha təsdiqləyir. O, çıxarılan hökmün ləğv edilməsini, iş üzrə yenidən, tam və hərtərəfli araşdırma aparılmasını tələb edir. Şikayətçi sonda vurğulayır: “Bu ölkədə ədalət var və mən həmin ədalətə inanaraq müraciət edirəm”. Geri qayıt |