Əsas Səhifə > Güney Press > Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər

Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər


Bu gün, 17:27

“Exo Moskva” radiosunun baş redaktoru Aleksey Veneditkov qəfildən İrəvanda peyda olub və müsahibəsində “Rusiya Qarabağ məsələsinin həll edildiyini düşünmür”, - deyib. Əvvəla, Veneditkov hər yerdə elan edir ki, təqaüdçüdür, işləmir, əslində isə bu şəxs məşhur təxribatçıdır. Digər tərəfdən, Azərbaycan mediasında deyiləndən fərqli olaraq Aleksey Veneditkov Rusiyanı tərk etməyib, Moskvada yaşayır. Sadəcə, adı xarici agentlər siyahısına daxil edilib. Hansısa proseslər gedəndə bu şəxs orada peyda olur və provokatorluq edir. Məsələn, vaxtilə onun müxalifətçi Aleksey Navalnıya qarşı təxribat törətdiyi məlumdur. Daima Rusiya müxalifətçilərinin arasında olub və onlara qarşı təxribar törədib”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə jurnalist Aleksey Veneditkovun İrəvanda verdiyi müsahibəni şərh edərkən deyib.

A. İsazadə bildirib ki, hələ Ukrayna müharibəsindən əvvəl A. Veneditkovun Kreml ilə münasibətləri çox yüksək səviyyədə olub: “Özü dəfələrlə deyib ki, Kremlin mətbuat katibi Dmitri Peskovla görüşüb, içki içiblər. Digər rəsmi şəxslərlə də yaxın əlaqələri olub və ya indi də var. Heç yerdə işləməyən, jurnalist kimi fəaliyyət göstərməyən, fəal siyasətlə məşğul olmayan bu şəxs qəfildən İrəvanda peyda olub, deyir ki, “Rusiya Qarabağ məsələsinin həll edildiyini düşünmür, bu məsələyə diqqət ayıracaq və s”. Mən hesab edirəm ki, onun dedikləri öz beyninin məhsulu deyil, onun indi də Rusiya hakimiyyəti ilə əlaqəsi var”.

Müsahibimizin fikrincə, Rusiya əsasən sərt gücdən istifadəyə üstünlük verir:

“Amma Kremldə yumşaq güc amilindən yararlanmaq istəyən qüvvələr də var. Mənim ehtimalıma görə, Veneditkov məhz bu qüvvələrin sözünü deyir. Görünür, qarşıdan gələn ildə bu qüvvələr yumşaq gücdən istifadə etməklə Ermənistanda keçiriləcək seçkilərdə nəsə etməyə çalışacaqlar”.

A. İsazadə əlavə edib ki, A. Veneditkov Rusiyanın Ukraynaya qarşı müharibəsini doğru saymayıb, bu müharibəyə qarşı çıxıb, amma incə sözlərlə Rusiyanı müdafiə edib: “Məsələn, o deyib ki, əgər hər hansı bir rus raketi Ukraynada yaşayış binasına dəyibsə, bu o demək deyil ki, hədəf həmin bina olub. Sadəcə, raket hansısa hərbi obyekti və ya zavodu hədəf alıb, sonradan binaya düşüb. Ümumiyyətlə, bu, Rusiyanın raketi olmaya da bilər və s. Yəni o, belə yönləndirici fikirlərlə bu cür hadisələrin hərbi cinayət sayılmadığına işarə edib. Bu, faktiki olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəkdir”.

Hərbi ekspert hesab edir ki, A. Veneditkovun İrəvanda verdiyi müsahibəyə ciddi yanaşmaq lazımdır. “Bu adam İrəvana özbaşına gəlməyib. Onu Ermənistana göndəriblər və məqsədləri var. Biz öz işimizi görməli, güclənməliyik”,- deyə İsazadə yekunlaşdırıb.


Geri qayıt