Əsas Səhifə > Güney Press > Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır

Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır


Bu gün, 17:13

Cənubi Qafqazda baş verən proseslər regiondakı siyasi dinamikanın dəyişdiyini göstərir. Xüsusilə 8 avqust Vaşinqton görüşündən sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyiş müşahidə olunur. NATO-nun baş katibi Mark Rutte də son açıqlamasında regionda vəziyyətin əvvəlki dövrlərlə müqayisədə yaxşılaşdığını qeyd edərək bildirib ki, “Azərbaycan və Ermənistan arasında vəziyyət xeyli yaxşılaşıb”. Onun sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar və beynəlxalq vasitəçilik səyləri vəziyyətin sabitləşməsinə müəyyən töhfə verib. Bu açıqlama regionda gedən proseslərin NATO tərəfindən də diqqətlə izlənildiyini göstərir.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında NATO-nun baş katibi Mark Ruttenin bu bəyanatında kifayət qədər reallığın olduğunu söyləyib:

"8 avqust Vaşinqton görüşündən sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh sazişinə doğru xeyli yaxınlaşdığı görünür. Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması istiqamətində ilk addımı rəsmi Bakı atıb. Prezident İlham Əliyev Qazaxıstan səfəri zamanı Qazaxıstanın taxıl məhsullarının Azərbaycan üzərindən Ermənistana daşınmasına icazə verib. Digər tərəfdən Ermənistan da analoji addım atıb. Alyans rəhbəri hesab edir ki, iki dövlət arasında sülh sazişinin imzalanması həm Azərbaycan, həm də Ermənistanın NATO-ya yaxınlaşması baxımından mühüm irəliləyiş ola bilər. Qeyd etmək lazımdır ki, yaxın günlərdə NATO-ya üzv ölkələrin təxminən 20 nümayəndə heyəti Azərbaycan Prezidentinin qəbulunda oldu. Həmin görüş zamanı Azərbaycan-NATO münasibətlərinin 8 avqust Vaşinqton görüşündən sonra daha da yaxınlaşması məsələləri müzakirə edildi. NATO-nun siyasətinə görə, alyans aktiv münaqişə yaşayan dövlətlərlə əməkdaşlığı məhdud şəkildə qurur. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində artıq konkret addımlar atılıb, bu, hər iki ölkənin NATO-ya yaxınlaşmasını daha real edir. Bu gün Azərbaycan Ordusu NATO standartlarına uyğun model əsasında-Türkiyə modelinə əsaslanaraq formalaşdırılır. Türkiyə isə NATO-nun aparıcı dövlətlərindən biridir".

Politoloq Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi bazasının yerləşmədiyini vurğulayıb:

"Azərbaycan qanunvericiliyi də buna imkan vermir. Bu səbəbdən Azərbaycanın NATO-ya yaxınlaşması daha məqbul görünür. Ermənistanla müqayisədə isə həmin ölkənin ərazisində Rusiyanın hərbi bazası mövcuddur. Eləcə də Ermənistan ordusu hələ də köhnə sovet modelinə əsaslanır. Buna görə də Azərbaycanla NATO arasında əməkdaşlıq perspektivləri daha real hesab edilir".


Geri qayıt