Əsas Səhifə > Güney Press > İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır

İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır


Bu gün, 15:24

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcək”.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə deyib.

“Ermənistana gəldikdə isə bu ölkə iştirak etməyəcək. Lakin onun nümayəndələri görüşdə razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı olmadıqlarını bildiriblər”, - deyə Uşakov bildirib.

Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək.

Ermənistan KTMT-nin üzvü olaraq qalsa da, təxminən iki ildir ki, təşkilata üzvlük haqqını ödəmir. Əvvəllər Ermənistanın təşkilatdakı üzvlüyünü “dondurduğunu” tez-tez bəyan edən Baş nazir Nikol Paşinyan son zamanlar ölkəsinin KTMT-dən çıxmaq ehtimalının daha yüksək olduğunu deyir.

Nikol Paşinyan bu mövqeyini 2020-ci ildə 44 günlük müharibə zamanı KTMT-nin öz müttəfiq öhdəliklərini yerinə yetirməyərək Ermənistana hərbi dəstək verməməsi ilə izah edir.

Alyansa daxil olan ölkələr isə rəsmi İrəvanın bu mövqeyi əsassız hesab edərək Ermənistanın təcavüzə məruz qalmadığını, müharibənin Azərbaycan ərazisində getdiyini bildirir. Lakin Ermənistanın tezliklə KTMT-dən çıxacağı real görünmür.

Bu ilk növbədə, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Seçkilər öncəsi Nikol Paşinyan hakimiyyəti revanşist müxalifətə dəsətk verən Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.

Ona görə də Ermənistanın sammitdə iştirak etməsə belə, toplantıda qəbul ediləcək qərarlara razılıq verməsi Rusiyanın mümkün təzyiqlərini neytrallaşdırmaq məqsədi daşıyır. Əgər seçkidə Nikol Paşinyanın liderlik etdiyi siyasi komanda qalib gələrsə, KTMT üzvlüyünə xitam verilməsi istiqamətində konkret addımlar atıla bilər.

Ancaq Ermənistanın KTMT-dən ayrılması üçün daha bir təminata ehtiyacı var. Bu da Azərbaycanla sülh müqaviləsinin imzalanması və postmünaqişə dövrünə daxil olmaqdan ibarətdir. Hazırda rəsmi İrəvan KTMT-nin fəaliyyətində aktiv iştirakını dayandırsa da, adıçəkilən alyans müqaviləsi - hüququ bazasına görə, Ermənistanın təhlükəsizliyinin təminatçısıdır.

Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra münaqişəyə birdəfəlik son qoyacaq bu sənəd Ermənistanın təhlükəsizliyinə ciddi zəmanət yarada bilər. Bu halda, Ermənistanın KTMT-dən çıxması üçün real şərait yaranacaq.

Paşinyan hakimiyyətinin əsas dəstəkçisi olan Qərbin də Ermənistandan KTMT-dən çıxmağı tələb etdiyinə dair məlumatlar var. Paşinyan iqtidarı hələlik belə bir qərar qəbul etmədiyinə görə Qərb Ermənistanın təhlükəsizliyinə təminat vermir.

Lakin 2026-cı ilin ikinci yarısından başlayaraq bu istiqamətdə mühüm addımlar atıla bilər. Seçkilərdən sonra Ermənistanın Konstitusiyasına ediləcək dəyişikliklər KTMT-dən çıxmaq üçün hüquqi zəmin yaradacaq.

Söhbət Konstitusiya dəyişikliyindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, Ermənistanın hazırkı hərbi doktrinasına və milli təhlükəsizlik strategiyasına dəyişikliyin edilməsindən gedir.

Ermənistan parlamentinin “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanuna əlavə və dəyişikliklər etməsi də bu prosesin həyata keçirlməsinə hesablanıb.

Qanunun yeni mətninə görə, Ermənistanda hərbi xidmət müddətdi 24 aydan 18 aya endirilib, ölkədə müqaviləli ordu sisteminə keçilməsi nəzərdə tutulub.


Geri qayıt