Əsas Səhifə > Güney Press > "Bu, son statusumdur, həyatla vidalaşıram"
"Bu, son statusumdur, həyatla vidalaşıram"Bu gün, 15:06 |
|
"Əziz dostlar, bu, sizə ünvanladığım son statusumdur. Mümkün qədər qısa yazmağa çalışacağam. Səbri olan oxusun, ya da xülasəni bir dostdan soruşun.
Bu gün həyatla vidalaşmaq qərarına gəldim".
Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə tanınmış jurnalist Nicat Qafuroğlu bildirib.
O, daha sonra bunları qeyd edib:
"Söhbət hazırda yaşadığımız, nəfəs aldığımız qısa müddətdən gedir – cəhənnəm və cənnət bölgüsündən öncəki zamandan. Kimə görə ölümdən sonra heç nə yoxdur, kimə görə isə Rəbbimizin haqq-hesab günü var. Bütün səmavi dinlər bunu təsdiqləyir. Mən Allahın varlığına, əməllərimizə görə Onun qarşısında cavab verəcəyimizə bütün varlığımla inanan, inanclı bir insanam.
Mən bu ölkədəki on minlərlə Azərbaycalıdan biriyəm: gah namaz qılıb, gah içki içən, sonra yenidən tövbə edib, yenidən yolunu azan... İmanımı kamilləşdirə bilmədim.
Bəzən illərlə namaz qıldım, hətta gecələri Allaha olan sevgidən ağlayaraq ibadət etdim. Həmin dönəmlərdə dinin müsəlman kişisindən tələb etdiyi bütün qaydalara əməl etdim. Quranı demək olar ki, əzbər bilirəm. Hətta Kumeyl duasını Azərbaycan dilində səsləndirərək YouTube səhifəmdə paylaşdım, yüz minlərlə insan izlədi.
Lakin sonra elə oldu ki, aylarla içki içdim. Həmin dönəmlərimdə ssenarilər yazdım, filmlər çəkdim, musiqilər bəstələdim.
Bu ikili həyatım (gəldim, qayıtdım, gəldim, qayıtdım) qismən bioloji səbəblə də bağlıdır. Mən əkiz idim. Atam (Qafur Mustafayev), 1984-cü ildə Kürdəmirdə vəzifəli şəxs idi. O yaşda övlad istəmədiyi üçün (məndən öncə 5 övlad var idi) abort qərarı verildi. Lakin o zaman tibbi texnologiyalar zəif olduğu üçün əkiz tayımı götürdülər, mən isə necəsə sağ qaldım. Bir müddət sonra bu aydın olanda, yaşamağıma qərar verildi. Beləliklə, mən qoca valideynlərimin plandan kənar övladı kimi doğuldum.
Atam ziyalı idi, tarix müəllimi, direktor, Kürdəmir təhsil şöbəsinin müdiri. Məni vətənpərvər ruhda böyütdü. (çox nahaq yerə).
17 yaşından mediada, 21 yaşımdan TV-də işləmişəm. Ölkənin ilk xəbər kanalının qurucularındanam. Bədii və sənədli filmlərim var. Ərsəyə gətirdiyim bütün işlərdə və verilişlərdə həmişə milli-mühafizəkar mövqedən çıxış etmişəm.
İndi, Allahdan başqa heç kimdən qorxumun olmadığı bu son anlarda səmimiyyətlə yazıram ki, **bu ölkəni, bu insanları və milli dəyərlərimizi çox sevmişəm.**
Mənim faciəm ARB 24 TV-dəki Baş Prodüser işindən ayrılıb, yeni şirkət – NNET Medianı qurmaq qərarından sonra başladı.
İki il əvvəl şirkəti təsis edərkən plan fərqli idi: investor bir il ərzində vəsait ayıracaq, mən isə şirkəti özünü dolandıracaq vəziyyətə gətirəcəyəm. Mən maliyyə işlərinə qarışmayacaqdım. Lakin təəssüf ki, pulu ayıran investor yox, digər təsisçinin qeyri-adekvat davranışları səbəbindən maliyyə cəmi 4 ay sonra dayandırıldı. Mən yarımçıq avadanlıqlarla və borcla tək qaldım (məsələn, LED monitora 38700 AZN borc).
Kaş ki, o zaman hər şeyi dayandırıb kənara çəkiləydim. Lakin dövlət qurumlarından gələn sifarişlər və reallaşmayan digər vədlər məni ürəkləndirdi. Borc alaraq (icarə, əmək haqqı, vergi və s.) davam etdim.
Sonra əmək haqqı gecikdiyi üçün bəzi əməkdaşlarım səbirsizlik edib, məni borc alaraq onların maaşlarını verməyə məcbur etdi. Onları qınamıram.
Ardınca iki dövlət qurumu (biri rüşvət istədiyi üçün, digəri texniki səbəblərdən) təhvil verdiyim işlərin vəsaitini aylarla gecikdirdi. Nəticədə mən icarə, vergi və digər ödənişləri etmək üçün sələm və faiz borclarına girdim.
Həmişə bu vəziyyətin düzələcəyinə inandım, amma getdikcə daha da pisləşdi. Hazırda çiyinlərimdə altından çıxa bilməyəcəyim bir yük var. Dərk etdim ki, mən bunu bacarmayacam.
Övladlarıma və qoca anama görə çox üzülürəm. Ölümdən əvvəl bu yazını yazmaq istədim ki, məndən sonra əsassız şayiələr yayılmasın.
Mən uğursuz bir biznes planının qurbanıyam. Başqa heç nə. Əslində o qədər sözüm var ki... səbrim çatmır yazmağa...
Sizi sevirəm! son xahişim o ki, Allaha məni bağışlaması üçün dua edin!"
BakuPost
Geri qayıt |