Əsas Səhifə > Güney Press > Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror?
Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror?Bu gün, 18:14 |
|
Öncə Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğın, ardınca bu gün Bakının mərkəzində plazada baş verən partlayış bu hadisələrin terror təxribatı ola biləcəyi ilə bağlı suallar, şübhələr doğurur. Xüsusən də ölkəmizdə Kremlin qol-budaqlarının kəsildiyi, 5-ci kolonun nümayəndələrinin siyasi dairələrdən təmizləndiyi bir vaxtda ölkəmizə qarşı bu cür təxribat addımlarının atılması mümkündürmü? Mövzu ilə bağlı Sitat.info-ya danışan təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, son baş verən hadisələrdə terror elementi yoxdur: "Son baş verən hadisələrin Azərbaycan dövlətinə təzyiq kimi qiymətləndirmək mümkün deyil. Bunlar dünyanın hər yerində ola biləcək hadisələrdir. Bizdə də məişət ehtiyatsızlığı səviyyəsində baş verdi. Burada dövlətə təzyiq amili yoxdur. Terrorda məqsəd adətən dövlətin siyasətini dəyişmək üçün bir təzyiq növüdür, dövlətə xəbərdarlıqdır. Son baş verən hadisələr isə Azərbaycan dövlətinə xəbərdarlıq tipli hadisələr deyil. Ancaq bu o demək deyil ki, təhlükəsizlik tədbirlərinə ehtiyacımız yoxdur". İ.İsmayıl bildirdi ki, hazırda Rusiya həm Ermənistana, həm də Azərbaycana təzyiq edərək sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır: "Biz elə bir ərəfədəyik ki, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq və buna mane olan qüvvələr var. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi regional və qlobal güclərin toqquşduğu bir məsələyə çevrilib. Burada Azərbaycanla bərabər Ermənistana da təzyiqlər var. Bundan sonra o təzyiqlər daha da güclənəcək. Buna görə müəyyən mənada ehtiyatlı olmalıyıq. Azərbaycanda bu cür dövlətə xəbərdarlıq xarakterli terror hadisələri əvvəllər olub. Aydındır ki, bunu ABŞ və ya Avropa eləmirdi, regional güclər edirdilər. Əsasən İran və Rusiyadan söhbət gedir. İndi İran elə bir vəziyyətdə deyil ki, Azərbaycana təzyiq etsin. Xüsusilə də Qarabağ müharibəsindən sonra bu məsələlər dayanıb. Rusiya ilə son 11 ayda münasibətlərimiz onsuz da gərgindir. Son aylarda müəyyən yumşalma getsə də, Vaşinqton sammitindən sonra başlayan gərginlik hələ tam aradan qalxmayıb. Lakin baş verən son hadisələr - yanğın və partlayış məişət ehtiyatsızlığından doğan hadisələrdir və burada dövlətin siyasətini dəyişmək üçün hər hansı təzyiq elementləri yoxdur". Geri qayıt |