Əsas Səhifə > Güney Press > Qərbi Azərbaycana qayıdış konsepsiyası
Qərbi Azərbaycana qayıdış konsepsiyasıBu gün, 17:31 |
“Qərbi Azərbaycan anlayışı yalnız coğrafi məkan deyil. Bu, Azərbaycan xalqının yüzillərlə yaşadığı, mədəniyyət yaratdığı, dövlətçilik ənənələri formalaşdırdığı və tarixin müxtəlif dönəmlərində zorakılıqla didərgin salındığı bir mənəvi və milli yaddaşdır. Bu torpaqlar, indiki Ermənistan Respublikası ərazisində yerləşən İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar, Basarkeçər və digər bölgələr bir zamanlar minlərlə azərbaycanlı ailəsinin yurdu, ata-baba məzarı, məktəbi, məscidi, ocağı olmuşdur”.Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, bu gün isə Azərbaycan xalqı tarix qarşısında yeni bir mərhələyə qədəm qoyur, Qərbi Azərbaycana qayıdış konsepsiyası ideyasını beynəlxalq hüquq, tarixi ədalət və humanitar dəyərlər üzərində formalaşdıraraq sivil və hüquqi müstəvidə gündəmə gətirir: “Bu, revanşizm deyil. Bu, ədalətin bərpasına, insanların doğma yurduna dinc yollarla qayıdışının təmin olunmasına yönəlmiş milli və siyasi bir yanaşmadır”.
“XX əsr Azərbaycan xalqı üçün ağır sınaqlar dövrü oldu. 1905–1906, 1918–1920, 1948–1953 və nəhayət 1988–1991-ci illərdə Qərbi Azərbaycanda yaşayan yüzminlərlə soydaşımız öz ev-eşiyindən zorakılıqla qovuldu. Xüsusilə 1988-ci ildən başlayaraq Ermənistan ərazisində sistematik şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 250 mindən çox azərbaycanlı doğma yurdunu tərk etməyə məcbur oldu”-deyən politoloq bildirib ki, bu deportasiya aktları yalnız demoqrafik yox, həm də mənəvi və mədəni bir soyqırımı idi. Məscidlər dağıdıldı, qəbiristanlıqlar təhqir olundu, toponimlər dəyişdirildi, tarix saxtalaşdırıldı. Bir xalqın varlığına, izinə, mədəni koduna qarşı sistemli hücum həyata keçirildi. Lakin heç bir saxtalaşdırma, heç bir siyasi məkr Azərbaycan xalqının yaddaşından Qərbi Azərbaycan həqiqətlərini silə bilmədi”-deyə Nicat İsmayılov qeyd edib.
Politoloq vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış ideyası ilk baxışda emosional çağırış kimi görünə bilər, lakin əslində bu, aydın hüquqi baza, tarixi faktlar və beynəlxalq normalara əsaslanan dövlət və xalq strategiyasıdır: “Bu konsepsiyanın əsas dayaqları bunlardır:
1. Tarixi əsaslar – Azərbaycanlıların əsrlər boyu bu ərazilərdə məskunlaşdığı arxiv sənədləri, xəritələr, rus və Avropa tədqiqatçıların yazıları ilə sübut olunub.
2. Beynəlxalq hüquq – İnsan Hüquqları Bəyannaməsi, qaçqınların geri dönüş hüququ, mülkiyyətin bərpası və öz yurduna qayıtmaq hüququ beynəlxalq səviyyədə tanınır.
3. Sülh və dinc qayıdış prinsipi – Bu konsepsiya güc və təhdid üzərində deyil, dialoq, beynəlxalq mexanizmlər və hüquqi mexanizmlər üzərində qurulur.
4. Mədəni irsin bərpası – Məscidlərin, tarixi abidələrin, toponimlərin, qəbiristanlıqların qorunması və bərpası konsepsiyanın əsas elementlərindəndir.
Bu, Azərbaycan dövlətinin işğaldan azad olunmuş Qarabağ ərazilərində həyata keçirdiyi “Böyük Qayıdış” proqramının ideoloji və məntiqi davamı kimi də qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müxtəlif beynəlxalq tribunalarda və çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları təmin olunmalı və bu məsələ beynəlxalq gündəliyə çıxarılmalıdır. Bu bəyanatlar təkcə siyasi mesaj deyil. Bu, Azərbaycan dövlətinin gələcək onilliklər üçün müəyyən etdiyi milli strategiyanın tərkib hissəsidir. Dövlət başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət sübut etmişdir ki, haqq gec də olsa qalib gəlir. Qarabağ Zəfəri bunun ən parlaq nümunəsidir. Bu baxımdan Qərbi Azərbaycana qayıdış ideyası artıq ümid və arzu yox, strateji məqsəd və milli hədəf olaraq formalaşır”.
Politoloq qeyd edib ki, bu gün dünyada yüzlərlə xalq öz doğma torpaqlarına qayıtmaq hüququ uğrunda mübarizə aparır: “Fələstinlilər, Krım tatarları, Balkan xalqları, yəhudilərin tarixi torpaqlarına qayıdışı bütün bu presedentlər sübut edir ki, beynəlxalq sistem geri dönüş ideyasını qəbul edir və dəstəkləyir. Bu konteksdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququ digərlərindən nə artıq, nə əskikdir. Sadəcə bu həqiqətin düzgün kanallarla beynəlxalq ictimaiyyətə çatdırılması və sistemli şəkildə təqdim olunması zəruridir. Bu, təkcə Azərbaycanın yox, ümumilikdə insan hüquqları sisteminin səmimiyyət testi olacaqdır.
Qərbi Azərbaycana qayıdış tankla yox, tarixlə, hüquqla, şüurla və milli birləşmə ilə baş verəcək. Bu yol uzun və çətin ola bilər. Lakin bir həqiqət var: heç bir zor, heç bir yalan, heç bir siyasi oyun tarixi reallığı sonsuzluğa qədər boğa bilməz. Azərbaycan xalqı yaddaşını qoruyursa, tarixini unutmursa və milli iradəsini bir nöqtəyə yönəldirsə, gec-tez öz haqqına çatır. Qərbi Azərbaycan isə bizi gözləyir torpaq kimi yox, Vətən kimi”.
Geri qayıt |