Əsas Səhifə > Güney Press / Ana xəbər > Bankların kredit və faiz MƏNGƏNƏSİ

Bankların kredit və faiz MƏNGƏNƏSİ


Bu gün, 15:22

Son aylarda kredit ödənişlərində gecikmələrin artması fonunda bankların tətbiq etdiyi əlavə faiz və cərimə mexanizmləri yenidən gündəmə gəlib.

Borcalanlar ödəniş tarixini bir neçə gün belə gecikdirdikdə əsas borcdan əlavə olaraq gündəlik hesablanan faiz və cərimələrlə üzləşirlər. Bu isə təkcə ödəniş yükünün yüksəlməsinə deyil, həm də müştərinin kredit tarixçəsində ciddi mənfi təsir edir. 

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənov bildirib ki, Mülki Məcəllənin 746-cı maddəsinə görə, borcalan kredit öhdəliyini vaxtında yerinə yetirmədikdə,kredit müqaviləsində göstərilən əsas faiz dərəcəsinə əlavə olaraq illik 5 faiz həcmində cərimə tətbiq oluna bilər.

Onun sözlərinə görə, bu əlavə faiz borcun gecikdirilməsinə görə bankın və ya kredit verən təşkilatın gördüyü zərərin qismən kompensasiyası kimi nəzərdə tutulur və maliyyə intizamının qorunmasına xidmət edir:

“Qanunvericilik bu mexanizmin sui-istifadə olunmaması üçün müəyyən məhdudiyyət də müəyyənləşdirir. Belə ki, illik 5 faiz məbləğində hesablanan cərimə yalnız 180 günə qədər tətbiq oluna bilər. Yəni gecikmə müddəti 180 günü keçsə belə, bu əlavə faiz həmin həddən artıq hesablanmır. Bununla dövlət həm borcluların həddindən artıq maliyyə yükü ilə üzləşməsinin qarşısını alır, həm də kredit təşkilatları üçün müəyyən risk balansı yaradır”.

Ekspert qeyd edib ki, nəticə etibarilə, borc gecikmələri zamanı tətbiq olunan bu mexanizm hem kredit verən tərəfin hüquqlarını qoruyur, həm də borcalanın məsuliyyətini artırmaqla yanaşı, cərimənin qeyri-mütənasib həddə çatmasının qarşısını almış olur.


Geri qayıt