Əsas Səhifə > Güney Press > Qəbələdə sel TƏHLÜKƏSİ

Qəbələdə sel TƏHLÜKƏSİ


Bu gün, 13:12

Qəbələ rayon ərazisindən axan ən təhlükəli, sel-daşqınları ilə zaman-zaman istər yaşayış, istərsə təsərrüfatlara ciddi ziyan vuran çaylardan biri Qaraçaydır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, çayın sahili boyunca bir neçə yaşayış məntəqəsi yerləşir ki, onlardan biri Tikanlı kəndidir.

Ötən yaz-yay aylarında və payızın ilk günlərində yağan güclü leysan yağışlarından sonra sel təhlükəsi bir qədər də artıb.

Sakinlər çayda məcratənzimləmə işləri aparılmasına baxmayaraq fayda vermədiyini, beton bəndlərin tikilməsinin zəruri olduğunu bildirir.

Kənd sakini Adıgözəl Allahverdiyev deyir ki, illər əvvəl çayın yatağı dərin, eni az idi. Lakin son illər gələn güclü sellər nəticəsində çayın yatağı bir neçə dəfə qalxıb. Bu isə yaşayış məntəqələri üçün təhlükə deməkdir. 

Bir neçə il əvvəl çayın sahilində inşa edilən beton bəndin hazırda çayın səviyyəsindən aşağı düşdüyünü deyən sakinlər məsələnin hər sel gələndə daha da dərinləşdiyini bildirir. Kənd sakini Əflatun Yusifovun sözlərinə görə ötənilki sel daşqınlarında həmən bənd tamamilə görünməz olubmuş. “Melorasiya idarəsinin texnikaları həmin ərazidə xeyli işləyəndən sonra bəndin qarşısı və ətrafı təmizlənərək əvvəlki vəziyyətinə gətirilib” deyən sakin çayın sahilinə əlavə bəndlərin tikilməsini xahiş edir.

Əks təqdirdə tək Tikanlı və Abrıx kəndləri deyil digər yaşayış məntəqələrini də sel təhlükəsi gözləyir. 

Sakinlərin sözlərinə görə Tikanlı kəndi ilə Abrıx yaşayış məntəqəsini birləşdirən körpünün yan istinad divarlarının olmaması da təhlükənin getdikcə artmasından xəbər verir. O da bildirildi ki, dəfələrlə görülən məcratənzimləmə işlərinə baxmayaraq sel çayla-körpü arasındakı məsafəni xeyli yaxınlaşdırıb.

Qəbələ Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Yüksəl Nurməmmədov bildirir ki, digər dağ çaylarında olduğu kimi Qaraçayın ərazisində də plana uyğun olaraq məcratənzimləmə işləri aparılır. Lakin güclü leysan və yağışlar qum-çınqıl və lil qatının da artmasına səbəb olur ki, bu da yaşayış məntəqələrinin selbasma təhlükəsini artırır. Bütün bunalara baxmayaraq Tikanlı sakinlərinə şad xəbərimiz də olacaq. Belə ki, Qaraçayın sel təhlükəsi ola biləcək ərazisində beton bəndlərin tikilməsi üçün müvafiq qaydada müraciət olunub.


Maliyyə vəsaiti ayrılan təqdirdə ərazidə 400 paqonmetr yeni bəndlərin tikilməsi planlaşdırılır.


Baş mühəndisin sözlərinə görə rayon ərazisindən axan Dəmiraparan, Həmzəlli və Bum çaylarında da il ərzində sel-sulara qarşı məcratənzimləmə işləri görülüb, torpaq bəndlərlə sahilləri bərkidilib. 


Geri qayıt