|

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə dünya enerji bazarlarında bir sıra ştatdankənar hadisələr yaşansa da, amma ümumən noyabrın əvvəlindən yaşanan nisbi sabitlik hələ də özünü göstərir.
Qlobal bazarlar
Şimali və Mərkəzi Avropa artıq əsil qış dövrünə qədəm qoyub. Amma belə hal qaz qiymətlərində hələ ki, özünü büruzə verməyib, çünki payız-qış mövsümü üçün tədarük edilmiş ehtiyatlar kifayət qədərdir və bazara qaz axını kifayət qədər şaxələndirilib. Ona görə də Niderlandın TTF qaz qovşağında təhvil verilməklə satılan 1000 kubmetr mavi yanacağın qiyməti həftə ərzində 380 dollar ətrafında ticarət edilib.
MÖVZU İLƏ BAĞLI:
“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI
Buna baxmayaraq Avropada elektrik enerjisinin topdansatış qiymətlərində artım müşahidə edilib, çünki tələbat artmağa başlayıb və alternativ enerji mənbələrinin qeyri-sabitliyi hələ ki, belə vəziyyətlərdə stabilləşdirici amil kimi çıxış edə bilmir. Fransadan tutmuş ta Polşaya qədər 1 kVt-saat elektrik enerjisinin hərrac qiyməti 22 avrosentə təklif edilir, yəni 44 Azərbaycan qəpiyinə.
Bizdə “Azərenerji” o həcmdə enerjini “Azərişığa” 6,6 qəpiyə satır, yəni Avropada elektrik enerjisinin topdansatış qiymətləri Azərbaycandan xeyli bahadır. Elə buna görə də bahalı bazarlara enerjinin yeni növü ilə çıxmaq məsələsini rəsmi Bakı zamanında öz gündəliyinə salıb, indi qalır onun texniki məsələlərini həll edib orta perspektivdə arzumuzu gerçəlşəşdirək.
Neft bazarlarında isə IV rüb başlayandan neft qiymətləri 60-65 dollar dəhlizində qərarlaşıb. Belə görünür ki, hələ onu öyrəşdiyi yerindən dəbərdəcək elə bir hadisə yoxdur. Ancaq hər şey də rəvan deyil. Belə ki, həftə əvvəli 64 dollara ticarət edilən Brent markalı neft noyabrın 21-də 62 dollara qədər ucuzlaşdı.
Buna səbəb isə yenə də ABŞ prezidenti Donald Trampın qəfil addımı oldu: artıq 3 il 9 ay davam edən Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün yeni planını açıqladı. Hətta mətbuata sızdırıldı ki, bəs noyabrın 27-nə qədər sülh sazişi imzalana bilər. Bazar iştirakçılarının reaksiyası başa düşülən idi – demək, Rusiya neftinə və iri şirkətlərinə qarşı sanksiyalar yumşaldıla bilər və bazarda neftin bolluğu artar.
Rusiya şirkətinə ağır sanksiyalar
Bu həftə nəinki Azərbaycanda, eləcə də Xəzərin o tayında mediada ən çox yer alan xəbər Rusiyanın LUKoyl şitkətinin qarşılaşdığı sərt sanksiyaların təsirləri nəticəsində ölkə hüdudlarından kənardakı layihələri tərk edib-etməməsi idi. LUKoyl-un hazırda Rusiyadan kənarda 27 ölkədə aktivləri də var, aktiv fəaliyyəti də. Özü də ABŞ Maliyyə nazirliyinin sanksiyası hüquqi qüvvəyə noyabrın 21-dən minib.
Noyabrın 19-da ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən dərc edilən sənədə görə, LUKoyl şirkətinin xarici aktivlərinin idarəçiliyi ilə məşğul olan “Lukoil International” şirkəti 13 dekabr tarixinədək aktivlərinin alqı-satqısını həyata keçirməlidir. Həmçinin ABŞ Xəzinədarlığının "ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasət məqsədlərini dəstəkləyən amillər nəzərə alınmaqla “LUKoil İnternational” şirkətinin təklif olunan hər hansı bir satışını" nəzərdən keçirəcəyi vurğulanır.
Diqqət edin, bununla ABŞ Xəzinədarlığı LUKoyl-un xarici aktivlərinin məcburi satışı nəticəsində artıq mənfəət əldə etməsinin qarşısını almaq niyyətində olduğu da bildirib.
Qeyd edim ki, Böyük Britaniya 15 oktyabrda LUKoyl-a qarşı sanksiyalar tətbiq edib. ABŞ da eyni addımı bir həftə sonra atıb. 23 oktyabrda isə Avropa Birliyi LUKoyl-un Dubayda yerləşən ticarət bölməsi olan “Litasco Middle East”-ə məhdudiyyətlər tətbiq etdiyini açıqladı. Sanksiyalar ilk növbədə Rusiya şirkətinin xaricdə 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə aid edilir. 27 oktyabrda LUKoyl xarici aktivlərini satmaq niyyətində olduğunu rəsmən açıqladı.
Beynəlxalq mətbuatda xeyli şirkətlərin LUKoyl-un aktivlərinə sahib olmaq niyyətlərinə dair məlumatlar var. Rusiya şirkətinin Qazaxıstandakı aktivlərinin alınması üçün ABŞ-nin neft nəhəngləri Exxonmobil və Chevron-un aktiv danışıqlar apardığına dair məlumatlar var. Özbəkistandakı qaz aktivlərinə isə Birləşmiş Ərəb Əmirliklərinin ADNOC maraq göstərdiyi açıqlanır. 2024-cü il üçün maliyyə hesabatlarına görə, LUKoyl-un xaricdəki aktivlərinin dəyəri təxminən 22 milyard dollar cıvarında qiymətləndirilirdi.
Ümumən, ADNOC-un Özbəkistan bazarına daxil olması Azərbaycan üçün qaz əməkdaşlığında yeni səhifə aça bilər, çünki SOCAR-la bu şirkətin iş birliyi son 2 ildə artan xətlə inkişaf edir. Amma bizi daha çox maraqlandıran bir sual da var: LUKoyl Azərbaycan layihələrindən də əl çəkməli olacaqmı?
LUKoyl şirkəti Azərbaycanı tərk edəcəkmi?
13 dekabrdan sonra ABŞ sanksiyaları səbəbindən LUKoyl bütün bank əməliyyatlarını bağlamaq məcburiyyətində qalacaq və bu da “Şahdəniz” yatağında davamlı iştirak üçün tələb olunan ödənişləri yerinə yetirməyi qeyri-mümkün edəcək. Bu ödənişlər layihə səhmdarlarından xərcləri qarşılamaq üçün vəsait tələb edir və bu halda, bütün qlobal neft-qaz əməliyyatları ABŞ dolları ilə aparıldığı üçün Rusiya şirkəti həlli faktiki mümkünsüz görünən problemlə üzləşəcək.
Şirkət müqavilə şərtlərinə görə, konsorsiumun ödəniş tələbinə zəmanət verməsə, 13 fevral 2026-cı il tarixinə qədər defoltla üzləşəcək. Bu ssenarinin qarşısını almaq üçün LUKoyl rəhbərliyi 13 dekabr tarixinə qədər payının satılmasını həll etməlidir.
Vurğulamaq istərdim ki, “Şahdəniz” layihəsi LUKoyl üçün əhəmiyyətli dəyərə malikdir. 2022-ci ildə şirkət “Petronas”dan əldə etdiyi 9,9 faiz pay üçün 1,45 milyard dollar ödəyərək öz səhmlərini Şahdəniz layihəsində 19,99 faizə qədər artırdı və Böyük Britaniyanın bp şirkətindən sonra layihədə ikinci payçı statusundadır.
Hətta bir sıra tanınmış Qərb KİVləri iddia edirlər ki, Vaşinqtonun marağında olan Rusiya şirkətinin Şahdənizdəki payının Amerika investisiya fondları və ya şirkətlərinin almasıdır. Amma bunun bir əmması var ki, Şahdənizin iştirakçıları arasında Qərbin sanksiyaları altında olan İran İslam Respublikasının şirkəti də var və ABŞ ilə İranın bir layihədə iştirakı çox müəmmalıdır. İndi necə olacaq, demək çətindir, hesab edirəm ki, dekabrın ilk ongünlüyündə bu məsələ ilə bağlı “borunun sonunda işıq görsənməsi” daha realdır.
Büdcəyə təsiri azalan neftimiz
Ötən həftə Milli Məclis Azərbaycanın "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul etdi. Müzakirələrdəki çıxışları yekunlaşdırsaq, bu, Azərbaycanın ilk büdcəsi olacaq ki, orada neft dominatlıq etməyəcək. Hökumət üzvləri isə millət vəkillərini inandırmağa çalışırdılar ki, bundan sonrakı illərdə neft gəlirlərinin dövlət büdcəsinə təsirləri get-gedə azalacaq və bunun Azərbaycanın gələcək inkişafına elə də təsiri olmayacaq.
Gələn il neft-qaz sektorundan büdcəyə daxilolmalar 16,4 milyard manat proqnozlaşdırılır, bunun da 12,8 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan köçürmələr hesabına olacaq. Yerdə qalanı isə neft-qaz şirkətlərinin vergiləri hesabına formalaşacaq.
Maliyyə naziri Sahil Babayev çıxında vurğulayıb ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artmımı dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır. Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi üçün hökumət tərəfindən hədəflər və müvafiq yol xəritəsi də müəyyənləşdirilib.
Gələn il dünya bazarında qiymətlərin daha da aşağı olması və bu səbəbdən də büdcədə neftin orta ixrac qiymətinin 65 dollardan hesablanmasından narahatlıqlara münasibət bildirən millət vəkili Heydər Əsədov isə dünya bazarında neftin orta illik qiymətinin 10 dollar aşağı düşməsinin Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə cəmi 250-300 milyon manat təsir edə biləcəyini söyləyib.
Onun sözlərinə görə neftin 10 dollar ucuzlaşmasından itirilən məbləğ büdcənin xərclərinin cəmi 0,6-0,7 %-ni təşkil edə bilər və bu da hansısa problem yarada bilməz. “Neftin qiyməti onun birbaşa büdcənin gəlir-xərcləri kontekstində deyil, qiymətin Neft Fondunun aktivlərinə və onun dayanıqlığına təsiri aspektində daha çox müzakirə olunmalıdır", deyə Əsədov vurğulayıb.
Bu mövzunu davam etdirən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, neft gəlirlərində əhəmiyyətli azalma əsasən Neft Fondundan büdcəyə köçürmələrlə əlaqəlidir. Növbəti ildə Dövlət Neft Fondundan köçürmələr cari ilin proqnozu ilə müqayisədə 1,7 mlrd manat və ya 11,4% azalmaqla nəzərdə tutulur. Onun sözlərinə görə, belə addım həm Fondun vəsaitlərinin qorunması, həm də dövlət büdcəsinin neft asılılığının azaldılması baxımından müsbət qiymətləndirilməlidir.
Neft şirkətlərinin ixtisar planları
Gələn ilə dünyanın neft-qaz sektorunda çalışan şirkətlər isə büdcə xərcləmələrini necə azaltmaq barədə düşünürlər. Çünki bütün proqnozlarda gələn il neft qiymətlərinin azalacağı güman edilir. Rəqəmsallaşdırma, avtomatlaşdırma və hətta süni intellektin qazmadan tutmuş istehsal obyektlərinin diaqnostikasına qədər tətbiqi hesabına rəqabət qabiliyyətlərini artırmağa çalışırlar.
Elə SOCAR-da biznesini optimallaşdırmağın yollarını arayır. Amma SOCAR digər neft-qaz şirkətləri kimi radikal addımlar atmaqdan çəkinir, çünki yarandığı gündən adında dövlət sözünün olduğunun həm fərqindədir, həm də işçilərə münasibətdə bir sosial məsulliyyət daşıdığını gözəl bilir. Bununla yanaşı neft hasilatının obyektiv səbəblərdən azalması fonunda əvvəlki sayda işçi heyətinin saxlanması da günün tələbləri ilə uzlaşmır. Ona görə də yola saldığımız həftə sosial şəbəkələrdə SOCAR-ın hasilat bölümü olan “Azneft” İstehsalat Birliyində gözlənilən ixtisarlarla bağlı məlumatlar da yer almağa başladı.
Qeyd edim ki, düz 20 il əvvəl SOCAR-da 58 min insan çalışırdı və “Azneft” özü 8 milyon tona yaxın neft çıxarırdı. Və bu o il idiki Azərbaycan neftdən ilk milyard dollar mənfəətini qazanacaqdı. Bəli, böyük pulların gəlişi baş verdi. Neft şirkətimiz genişləndi, varlı təşkilat kimi yeni-yeni qurumarı özündə birləşdirdi (“Azəriqaz” və “Azərkimya”) və cəmi 6 ilə işçilərin sayı 78 mini ötdü. Baxmayaraq ki, bu müddətdə neft hasilatı artıq 800 min tona yaxın azalmışdı.
2015-2016-cı illərin neft sənayesindəki ağır günləri yəqin çoxları xatırlayır: qiymətlərin kəskin azalması və neft sənayesində hər kiçik resurs üzərində mübarizə. Artıq 2017-ci ilə SOCAR-personalı 50 minədək azalmışdı. Elə bp-də və digər şirkətlərdə də daha az qüvvə ilə işlərin həyata keçirilməsi kursuna keçid idi. 2024-ci ili isə SOCAR 48 minlik personalla başa vurub. Amma “Azneft”in 6 milyon tondan aşağı həddə neft və 5,3 mlrd kubmetrdən bir qədər artıq mavi yanacaq hasilatı ilə.
Azalma isə davam etməyə meyllidir, çünki yataqların böyük əksəriyyəti artıq qocalıq dövrünü yaşayır. Təbii ki, hökumətdə təkcə gələn il olacaq məsələləri proqnozlaşdırmırlar, artıq 2030-da olacaqlar göz özündədir. Amma o zamanın artıq başqa ab-havası olacaq.
Bizim.Media
Geri qayıt
|