Əsas Səhifə > Güney Press > Tramp-Putin razılaşması: bu ölkələr təhlükə altında

Tramp-Putin razılaşması: bu ölkələr təhlükə altında


Bu gün, 17:17

ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinə dair Kiyevə təklif etdiyi, hələlik yekun sayılmayan “28 maddəlik sülh planı” hazırda əsas gündəmdir. Analitiklər bunun Ukrayna üçün “kapitulyasiya aktı” anlamına gəldiyi və Rusiyanın da razılaşmayacağı məqamların olmasını əsas gətirərək qəbul edilməyəcəyini iddia edirlər.

ABŞ xəbərdarlıq edib ki, əgər Kiyev cümə axşamına qədər sülh müqaviləsini imzalamasa, Ukrayna daha sərt şərtlərlə razılaşmalı olacaq. ABŞ ordusunun katibi Driskoll bunu Zelenski ilə görüşündə bildirib.

Daha çox münaqişənin dondurulması təsirini bağışlayan “sülh planı”nın Ukrayna və Rusiya üçün mahiyyəti nədir? Ukrayna ABŞ-ın təzyiqlərinə davam gətirə biləcəkmi? Zelenskinin xalqa müraciətində “əsas tərəfdaş” adlandırdığı ABŞ bu plana görə həm Ukrayna, həm də Rusiya ilə iqtisadi əməkdaşlıqdan faydalanır.Hansı dəyişikliklər yekun sülh planı olaraq məqbul sayıla bilər?

Globalinfo.az-a danışan Dünya Siyasəti İnstitutunun direktoru, Ukrayna Milli Texniki Universitetinin dosenti Evgeni Maqda deyib ki, bu plana görə Rusiyanın itirəcəyi bir şey yoxdur:

“Düzdür, Trampın hərəkətləri artıq uzun müddətdir ki, Rusiyanın təcavüzkar statusunu inkar edir, ona görə də bu təəccüblü deyil. Lakin bu plan həyata keçiriləcəyi təqdirdə Ukraynanın müstəqilliyi üçün real təhlükə yaranacağı göz qabağındadır. Buna diqqət yetirilməlidir.

Burada xüsusi məqam ABŞ-ın prosesdən faydalanmasıdır. Rusiya hətta Avropada dondurulmuş aktivlərini ABŞ-la yarıbayarı bölüşməyə söz verib. Əlbəttə ki, buradakı itkisini ələ keçirilmiş Ukrayna əraziləri ilə kompensasiya etmək niyyətindədir. Bu səbəbdən, əslində, bu plan, deyərdim ki, çox manipulyativ xarakter daşıyır və Kremlin istəklərini əks etdirir. Fikrimcə, bu, çox aşkardır”.

Ukraynalı politoloqun fikrincə, Avropa liderlərinin 28 bəndi dəstəkləməməsində təəccüblü heç nə yoxdur:

“Çünki onlar tətbiq olunarsa, Ukrayna çox çətin vəziyyətdə olar və heç bir Avropa ölkəsi rahat yata bilməz. Amma eyni zamanda, Ağ Ev administrasiyasının Trampın qlobal sülhməramlı olmaq istəyini təmin etməyə çalışdığını başa düşmək lazımdır. Buna görə də Şükranlıq Gününə (noyabrın sonuncu cümə axşamı günü-red) qədər hər şey həll olunmalıdır. Müasir dünyada bu cür geniş cəbhə xəttinə malik ən böyük müharibəni bir həftə ərzində necə dayandırmaq olar? Bu da onu göstərir ki, ABŞ-da heç kim Ukrayna haqqında düşünmür”.

Rus politoloq, MQİMO-nun dosenti, Rusiya xarici siyasəti üzrə ekspert Kiril Koktışın sözlərinə görə, Prezident Vladimir Putin bildirib ki, plan hələ Ankoric görüşündən (15 avqust 2025-ci il – red) əvvəl Rusiya və ABŞ arasında aparılan müzakirələrə əsaslanır, müzakirə olunanların dəyişdirilmiş versiyasıdır və gələcək fəaliyyət üçün əsas kimi qəbul edilə bilər:

“Beləliklə, yeganə maneə Ukrayna və onun Avropa müttəfiqlərinin mövqeyi ilə bağlıdır. Onlar Avropada dondurulmuş Rusiya vəsaitlərini müsadirə etmək üçün müharibəni ən azı bir il uzatmağa ümid edirlər.

Eyni zamanda, aydındır ki, münaqişənin dondurulması üçün 28 bənd çoxdur. Plana Rusiya üçün qırmızı xətt təşkil edən əksər məsələlər daxildir: Ukraynanın NATO üzvlüyünə Rusiyanın faktiki olaraq veto qoyması, Ukrayna ordusunda hərbçilərin sayına və silahlanmaya məhdudiyyətlər, başqa sözlə, onun demilitarizasiyası və rus dili və Rus Pravoslav Kilsəsinin hüquqlarının bərpası, başqa sözlə, Ukraynanın de-fakto denasifikasiyası.

Vaşinqton və Moskva arasında əməkdaşlığa və qarşılıqlı əlaqəyə gəldikdə isə, o, bir neçə istiqamətdə həyata keçirilir. Ukrayna bunlardan “biri”dir və bu sahədə əldə edilən uğur digər istiqamətlərdə irəliləyiş üçün vacib şərt deyil”.


Geri qayıt