Əsas Səhifə > Güney Press > Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb

Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb


Bu gün, 17:10

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.

"Report"un əldə etdiyi məlumata görə, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Fakt Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

***

Baş Prokurorluq Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı media və ictimaiyyətə müraciət edib.

"DİA-AZ" xəbər verir ki, müraciətdə zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılmasının cəmiyyət arasında çaşqınlığa səbəb olduğu, eləcə də istintaqın obyektivliyinə zərər vurduğu diqqətə çatdırılıb.

"Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər", - məlumatda qeyd olunub.

O da bildirilib ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır.


Geri qayıt