Əsas Səhifə > Güney Press > Azərbaycanda buğda istehsalı niyə azalır

Azərbaycanda buğda istehsalı niyə azalır


Bu gün, 16:57

Taxıl strateji məhsuldur. Bu sahədə məhsuldarlığın artırılması məqsədilə hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılsa da, nəticə yenə ürəkaçan deyil. Ölkə özünü taxılla təmin edə bilmir.

Bizimyol.info xəbər verir ki, əksinə, son bir il ərzində Azərbaycanda buğda istehsalı 100 min ton azalıb. Bu barədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli məlumat verib.

“Bütün dünyada buğda istehsalı ilbəil artır. Azərbaycanda buğda istehsalı son bir ildə 100 min ton, son 6 ildə isə 600 min tonadək azalıb. Baxmayaraq ki, buğda istehsalının artırılması məqsədilə hər il dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılır”, - deyə ekspert Vahid Məhərrəmli bildirib.

Ekspertlər bunun səbəbini həm fermerlər, həm də sadə kəndlilərin üzləşdikləri çətinliklərlə izah edirlər. Bura bölgələrdə sahələrin müxtəlif məmurlar tərəfindən zəbt olunmasından tutmuş, su çatışmazlığı, yanacağın qiymətinin bahalığına qədər müxtəlif səbəblər aiddir.

“Susuzluqdan məhv olub gedir. Bir neçə nəfərin yerini icarəyə götürüb əkirik. Vaxtı gələndə məhsulu satıb, onların icarə pulunu verməliyik. Suvarma probleminə görə hektarlarla məhsul zay olur, biz də pis vəziyyətdə qalırıq. Su var, sadəcə, bizə vermirlər”, - Kərim Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib.

Teymur Əliyev isə deyir ki, vaxtilə əkin əkdiyi ərazilərdən indi mal-qarası üçün otlaq kimi istifadə edir. Səbəbini də belə izah edir: “Xərcimiz borcumuzu ödəmirdi. Əkdiyimizi götürə bilmirdik. Öz çətinliklərimiz bir tərəfdən, əlavə problemlər də yaradılırdı”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 2 milyon tona yaxın buğda istehsal edilib.


Geri qayıt