Əsas Səhifə > Güney Press / Partiya > Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı?
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı?Bu gün, 12:49 |
|
Son günlər regionda bir-birini ardınca baş verən hadisələr – Ukrayna–Polşa dəmir yolu xəttinin partladılması, İzmail limanında Türkiyəyə məxsus gəminin Rusiya hücumu nəticəsində zərər görməsi və bundan cəmi bir neçə gün əvvəl Kiyevə endirilən raket zərbəsi ilə Azərbaycanın səfirliyinin ziyan çəkməsi – müharibənin coğrafiyasından kənara sızan daha mürəkkəb bir dinamikanın xəbərçisi kimi görünür. Bu zərbələrin ardıcıllığı, təsadüfi hərbi fəsadlardan çox, regiona yönəlmiş siyasi-psixoloji siqnalların konturları haqqında düşünməyə vadar edir. Məsələlər həm Rusiya–NATO qarşıdurmasının dərinləşən xəttində, həm də Ukrayna cəbhəsində dəyişən hərbi balans fonunda yeni suallar yaradır: Moskva güc nümayiş etdirir, yoxsa bu, genişlənən müharibənin qaçılmaz dalğalanmalarıdır?
Moderator.az-a danışan “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Abutalıb Səmədov bildirib ki, Rusiyanın Ukrayna müharibəsində atdığı addımlar təsadüfi deyil. Onun sözlərinə görə, Moskvanın hər bir addımı yeni ərazilər işğal etməyə, Ukraynanın gücünü və dəstəyini zəiflətməyə yönəlib:
“Rəsmi Kreml yaxşı anlayır ki, vaxt daralır. ABŞ və Qərb müharibənin uzanması halında Rusiyaya təzyiqləri artırmaq məcburiyyətində qalacaq. Eyni zamanda, Ukrayna da daha ciddi yardımlar almaq zərurəti ilə üzləşə bilər. Bu müddət ərzində isə Rusiya mümkün qədər çox ərazi işğal etməklə Ukraynanı öz şərtlərini qəbul etməyə məcbur etmək istəyir.
Son dövrlərdə Rusiyanın mövqeyində müəyyən yumşalmalar da müşahidə olunur. Əvvəl Rusiya Ukraynanın dörd vilayətini inzibati sərhədləri ilə birlikdə tələb edirdisə, indi yalnız Donetsk və Luqansk vilayətlərini tələb edir, Zaporoji və Xersonla bağlı isə güzəştlərə hazır olduğunu bəyan edib. Bu, Rusiyanın iqtisadiyyatının ciddi zərər gördüyünü və müharibəni uzun müddət davam etdirməyin çətin olduğunu qəbul etdiyini göstərir.
Rusiya bir tərəfdən Ukraynanın infrastrukturunu sıradan çıxarır, digər tərəfdən isə Avropada Ukraynaya yardım əleyhinə olan dövlətlər birliyini gücləndirməyə çalışır. Son seçkilərdə isə Ukraynaya yardımın əleyhinə olan şəxslərin müəyyən qədər qalib gəlməsindən maksimum yararlanmağa çalışır”.
Geri qayıt |