Əsas Səhifə > Güney Press > Səhvən əsgər aparılanlar təzminat ala bilərlər
Səhvən əsgər aparılanlar təzminat ala bilərlərBu gün, 12:46 |
|
Hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi və yararlılıq qərarları ilə bağlı şikayətlər zaman-zaman gündəmə gəlir. Bəzi hallarda ilkin tibbi qiymətləndirmə ilə sonrakı qərarlar arasında ciddi uyğunsuzluqlar müşahidə olunur. Son günlərdə sosial şəbəkədə bir vətəndaş hərbi xidmətlə bağlı yaşadığı vəziyyəti paylaşaraq diqqət çəkib. O bildirir ki, xidmətə getdikdən sonra hərbi hissədə aparılan tibbi müayinədə “yararsız” olduğu müəyyən edilsə də, buna baxmayaraq əsgərliyə göndərilib. Daha sonra hərbi-həkim komissiyasının qərarı ilə dinc dövrdə “yararsız”, müharibə dövründə isə “məhdud yararlı” qeyd edilərək təxris edilib. Vətəndaş hazırda bu uyğunsuzluqla bağlı hara şikayət edə biləcəyini və hüquqi olaraq təzminat alma imkanının olub-olmadığını araşdırır. Çağırışçının tibbi vəziyyətinə uyğun olmayan qərarla hərbi xidmətə göndərilməsi nəticəsində hüquqlarının pozulduğu iddia edilirsə, belə hallarda vətəndaşın dövlət qurumundan təzminat tələb etmək hüququ necə müəyyən olunur? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, hüquqşünas Roman Qaraşov bildirib ki, təcrübədə tez-tez rast gəlinən hallardan biri odur ki, çağırışçı ilkin tibbi komissiya tərəfindən “yararlı” kimi qiymətləndirilsə də, hərbi hissədə aparılan əlavə müayinələr nəticəsində yaxud xidmət zamanı onun faktiki olaraq hərbi xidmətə yararsız olması müəyyən edilir: “Qanunvericilik baxımından bu, sırf tibbi yanlışlıq deyil, həm də dövlət orqanının düzgün olmayan qərarı, səhlənkarlığı nəticəsində vətəndaşın hüquqlarının pozulması hesab olunur. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən açıq şəkildə müəyyən edir ki, ürək-damar xəstəlikləri, epilepsiya, astma, şəkərli diabet, onkoloji və digər ağır xroniki xəstəliklər xidmət üçün əks göstərişdir. Belə diaqnozlarla “yararlı” rəyinin verilməsi normativ tələblərin pozulmasıdır. Bu kimi hallarda vətəndaş həm tibbi qərarın yenidən qiymətləndirilməsini, həm də yanlış rəyə görə dövlətin, vəzifəli şəxslərin məsuliyyət daşımasını tələb etmək hüququna malikdir. Müraciət ardıcıllığı qanunla müəyyən olunub. İlkin olaraq yuxarı instansiya Hərbi-həkim komissiyasına şikayət vermək (apellyasiya qaydasında), daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, nəticə alınmadıqda isə məhkəməyə müraciət etmək mümkündür”. Onun sözlərinə görə, bir sıra hallarda, həmin zərərlərin dövlət tərəfindən kompensasiya edilməsi Azərbaycan qanunvericiliyinə tam uyğundur: “Əgər yanlış rəy nəticəsində sağlamlıq vəziyyəti ağırlaşıbsa, əlavə tibbi xərclər yaranıbsa, əmək qabiliyyəti azalıbsa və ya psixoloji zərər baş veribsə, həmin zərərlərin dövlət tərəfindən kompensasiya edilməsi Azərbaycan qanunvericiliyinə tam uyğundur. Komissiya üzvlərinin səhlənkarlığı və ya vəzifə borcunun lazımi qaydada icra olunmaması ehtimalı varsa, bu hal prokurorluq orqanları tərəfindən araşdırılıb cinayət hüquqi qiymət verilə bilər”. Vəkil qeyd edib ki, təzminat tələbinin təmin edilməsi üçün əsas şərt zərərin sübut edilməsi və səhv tibbi rəy ilə həmin zərər arasında birbaşa səbəb-nəticə əlaqəsinin ortaya qoyulmasıdır: “Vətəndaş tibbi epikrizləri, hərbi hissədə aparılan müayinələrin nəticələrini, xəstəxana sənədlərini, müalicə xərclərinə dair qəbzləri, əmək qabiliyyətinin azalmasını təsdiq edən arayışları toplamalıdır. Bu sənədlər məhkəmədə aydın şəkildə sübut etməlidir ki, əgər tibbi komissiya qanuna uyğun, düzgün qərar versəydi, vətəndaş bu zərərə məruz qalmayacaqdı. Beləliklə, yanlış tibbi rəy nəticəsində vətəndaşın sağlamlığına və hüquqlarına zərər dəyibsə, müvafiq dövlət qurumunun həm hüquqi məsuliyyəti, həm də təzminat ödəmə öhdəliyi qanunla müəyyən olunur”. Geri qayıt |