Əsas Səhifə > Güney Press > Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları

Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları


Bu gün, 10:41

2025-ci ilin 31 oktyabr tarixinə əsasən Bakı İnzibati Məhkəməsində baxılan işlərin sayı artıq 18 min həddini keçib.

Statistik rəqəmlər açıq şəkildə göstərir ki, dövlət qurumları ilə vətəndaşlar arasında mübahisələr artmaqdadır. Gün ərzində orta hesabla 60-70 işə baxılması isə həm məhkəmənin iş yükünü, həm də hakimlərin üzərinə düşən məsuliyyətin miqyasını göstərir.

Mövzu ilə bağlı Modern.az-a danışan vəkil Cavad Cavadov qeyd edib ki, 2015-ci ilin 1 yanvarından etibarən məhkəmə işləri ilə bağlı statistika Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə verilib:

“Bu statistik rəqəmlər isə hələlik yalnız 2025-ci ilin birinci yarısı üçün açıqlanıb. Ona görə də dəqiq göstəricilər zaman keçdikcə məlum olacaq. Hazırda isə Bakı İnzibati Məhkəməsində baxılan işlər üzrə rəqəm təxminən 19 minə yaxınlaşır.

Ümumi şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, ən çox şikayət olunan qurumlar reyestr xidməti və pensiya təminatı ilə məşğul olan qurumlardır. Lakin bununla bağlı rəsmi statistik məlumatlara ehtiyac var. Yəqin ki, ilin sonunda və ya növbəti ildən etibarən daha dəqiq göstəricilər açıqlanacaq”,- deyə o bildirib.

Hüquqşünas, həmçinin vurğulayıb ki, son illərdə işlərin operativ həlli üçün Ali Məhkəmə tərəfindən çox mütərəqqi praktika tətbiq olunub:

“Belə ki, birtipli işlərlə bağlı formalaşmış məhkəmə praktikası mövcud olduqda həmin kateqoriyadan olan kassasiya şikayətləri artıq mümkün hesab edilmir. Ali Məhkəmə bildirir ki, bu işlər üzrə mövqe formalaşıb və qərarlar sabitdir. Buna görə də belə işlər üzrə yenidən şikayət verilməsinə ehtiyac görülmür”.

Vəkilin sözlərinə görə, ümumilikdə məhkəmələrə də tövsiyə edilir ki, bir iş üzrə artıq vahid məhkəmə mövqeyi varsa, inzibati orqanlar da öz qərarlarını həmin məhkəmə praktikası əsasında formalaşdırmalıdırlar:

“Lakin buna baxmayaraq, biz görürük ki, bəzi dövlət qurumları məsuliyyəti üzərlərindən atmaq üçün vətəndaşları məhkəmələrə yönləndirirlər. Bu isə əsassız iş yükünə səbəb olur və vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır. Hesab edirəm ki, bununla bağlı ümumiləşdirilmiş tədbirlər görülməlidir.

Məhkəmədə baxılan işlərə gəlincə isə, həmin işlərin böyük əksəriyyəti vətəndaşların (iddiaçıların) xeyrinə həll olunur. Burada iddiaçının yalnız fiziki şəxs olması vacib deyil, hüquqi şəxslər də inzibati orqanlara qarşı iddia qaldıra bilirlər. Lakin ümumi statistika göstərir ki, iddiaların çoxu təmin edilir”.

C.Cavadov onu da əlavə edib ki, artıq bir neçə ildir ki, işlərin hakimlər arasında bölüşdürülməsi elektron qaydada həyata keçirilir:

“Burada insan faktoru rol oynamır, istisna edilir və iş yükünün hakimlər arasında bərabər şəkildə paylanması, eyni yükdə icraatı təmin edilir. Bununla belə, onu qeyd etməliyəm ki, ümumilikdə iş yükü həddindən artıq çoxdur. İnsan faktoru nəzərə alınarsa, qərarların hazırlanması, yazılması və göndərilməsi çox ağır prosesdir. Hətta deyərdim ki, bu iddiaların əksər hissəsi dövlət qurumları normal qaydada fəaliyyət göstərsəydi, ümumiyyətlə məhkəmələrə düşməzdi”,- deyə o fikrini tamamlayıb.


Geri qayıt