Əsas Səhifə > Güney Press > “5 + 1" formatında açar ölkə
“5 + 1" formatında açar ölkəBu gün, 10:15 |
|
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı. Səfər çərçivəsində o, Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirak və çıxış edib. Bu, sayca üçüncü belə sammit idi. Həmçinin Özbəkistan Prezidenti Şövkət Mirziyayevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edilib. “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir”. Bunu İlham Əliyev tədbirdə çıxışı zamanı bildirib. Prezident qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur: “Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq”. Azərbaycan lideri həmçinin Orta dəhlizin inkişafının ölkələrimiz üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb”, - Prezident vurğulayıb. Dövlət başçısı habelə əminlik ifadə edib ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək: “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”. Yada salaq ki, az öncə - noyabrın 6-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Mərkəzi Asiyanın 5 prezidenti arasında tarixi görüş olmuşdu. Bu arada onu da bildirək ki, ABŞ dövlət katibinin müavini Elison Huker Ermənistana səfər edib. O, İrəvanda “Tramp yolu” və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib. İntensivləşən bu kimi görüş və sammitlər, Azərbaycanın Orta Asiya ölkələri ilə sıxlaşan əməkdaşlığı, o sırada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü olması nə vəd edir? Bu dövlətlərin Rusiyadan asılılığını nə dərəcədə azalda bilər? Zəngəzur dəhlizinin daha tez işə düşməsi mümkündürmü? Professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Azərbaycan adına çox mühüm tarixi hadisələrin yaşandığını vurğuladı: “Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirakı ölkəmiz adına çox mühüm idi. Bu, Mərkəzi Asiya ölkələrinin sayca üçüncü sammiti idi. Görüşdə qərar verilib ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçıları Məsləhətləşmə formatına tam üzv kimi qoşulsun. Bu, Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və Mərkəzi Asiya ölkələri ilə iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı dərinləşdirir. Azərbaycanla yaxın dostluq və qardaşlıq münasibətində olan ölkələr sırasında Mərkəzi Asiya ölkələri xüsusi yer tutur. Bu gün sürətlə yenidən qurulan dünya nizamında Mərkəzi Asiya ölkələrinin yeri xüsusidir. Heç də təsadüfi deyil ki, böyük güclər artıq uzun zamandır bu regionda nüfuz sahibi olmaq uğrunda bir-biri ilə ciddi mübarizə aparırlar. Mərkəzi Asiya ölkələrində dünyanın ikinci nəhəngi, Azərbaycanın hərtərəfli strateji tərəfdaşı olan Çinin təsirləri böyükdür. Avropa Birliyi və onun aparıcı ölkələri son illər ərzində bu regionda əsaslanmaq üçün var gücləri ilə çalışırlar. ABŞ Prezidenti Donald Tramp isə bütün bunların fonunda bu ayın 6-da Mərkəzi Asiya ölkələrinin başçılarını Vaşinqtona dəvət edərək, onlarla G5+1 formatında, ABŞ-Orta Asiya birgə sammitinin keçirilməsinə nail oldu. Cənubi Qafqaza Zəngəzur dəhlizindən keçəcək Tramp yolu vasitəsilə daxil olan Amerika Birləşmiş Ştatları indi eyni uğurla Mərkəzi Asiyaya daxil olur". F.Yusifov hesab edir ki, Azərbaycanla strateji müttəfiqliyin bir addımlığında olan Birləşmiş Ştatların Mərkəzi Asiyaya bu şəkildə gəlməsi təsadüfi deyil: “ABŞ-nin Avroasiya siyasətində Cənubi Qafqaz, bu bölgədə yerləşən Azərbaycan və Xəzər dənizi xüsusi əhəmiyyət kəsb edir. Bütün bu dediklərimiz fonunda Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətlərində yaranmış dərin və hərtərəfli əlaqələr qarşılıqlı faydanın əldə olunmasına xidmət edəcək. Mərkəzi Asiya ölkələri özlərinin Qərblə münasibətlərinin uğurlu davamına Azərbaycan müstəvisindən baxırlar. Bu ən doğru seçimdir. Çünki Şərqlə Qərbi birləşdirən ən sərfəli sayılan Orta yol məhz Azərbaycan üzərindən keçir. Bu isə sadəcə bir yol deyil. Dünya ticarətinin inkişafında, Mərkəzi Asiya ölkələrinin qərb dünyası ilə ticarət və iqtisadi əlaqələrinin inkişafında Orta yolun misilsiz rolu olacaq. Mərkəzi Asiya ölkələrinin Azərbaycanla bu qədər yaxınlaşdıran iqtisadi əsaslar bunlardan ibarətdir. Digər, bundan az əhəmiyyətli olmayan bir məsələ isə Türk dünyasının birliyinin yaranmasında Mərkəzi Asiya ölkələrinin xüsusi yerinin olmasıdır. Bu gün dünya nizamının dəyişdiyi və bu zaman gücün beynəlxalq hüquqdan daha kəsərli olduğu bir dönəmdə, Türk Birliyinə daxil olan ölkələrin bir arada olması onların təminatlı sabahı və sürətli inkişafı üçün mühüm şərtdir”. Geri qayıt |