Əsas Səhifə > Güney Press / Partiya > "Bu görüş xüsusi əhəmiyyət daşıyır..."
"Bu görüş xüsusi əhəmiyyət daşıyır..."Bu gün, 06:15 |
|
“”Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşü Azərbaycanın regional siyasətdə mövqeyinin daha da gücləndiyini göstərən mühüm platformadır. Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ölkəmizin çoxvektorlu xarici siyasət kursunun uğurla həyata keçirilməsinin nəticəsidir. Bu qərar həm region dövlətlərinin Azərbaycanın artan roluna olan marağının göstəricisidir, həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq xəttinin institusional əsasda genişlənməsinə imkan yaradır”. Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. O qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında Azərbaycanla Mərkəzi Asiya arasında güclü körpünün qurulacağına dair verdiyi mesajlar, eləcə də Prezident İlham Əliyevin tamhüquqlu iştirakçı kimi təbrik olunması ölkəmizin regionun gələcək siyasi, iqtisadi və nəqliyyat arxitekturasında mühüm tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu, Azərbaycan diplomatiyasının son illərdə ardıcıl şəkildə formalaşdırdığı çoxtərəfli əməkdaşlıq xəttinin real nəticəsidir. Fərid Şahbazlının sözlərinə görə, sammit çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüş xüsusi əhəmiyyət daşıyır. Bu görüş zamanı siyasi dialoqun intensivləşdirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha yüksək mərhələyə doğru irəlilədiyini göstərir: “Ümumilikdə, Daşkənd sammiti Azərbaycanın xarici siyasətinin tək bir istiqamətə bağlı olmadığını, əksinə, müxtəlif regional mərkəzlərlə paralel şəkildə əməkdaşlıq qurmaq imkanına malik olduğunu bir daha sübut etdi. Azərbaycan həm Türk Dövlətləri Təşkilatında, həm Avropa ilə əməkdaşlıq platformalarında, həm də Mərkəzi Asiya formatlarında aktiv mövqedə çıxış etməklə özünü regionlar arasında strateji bağlantı nöqtəsinə çevirir”. Siyasi şərhçi vurğulayıb ki, bu proses bir daha göstərir ki, ölkəmizin artan beynəlxalq nüfuzu və siyasi çəkisi təsadüfi deyil: “Prezident İlham Əliyevin uzunmüddətli, balanslı və realist xarici siyasət kursunun nəticəsidir. Daşkənd sammiti Azərbaycan üçün yeni əməkdaşlıq imkanları açmaqla yanaşı, ölkəmizin regiondakı əsas strateji aktor statusunu da möhkəmləndirir.” Editor.az Geri qayıt |