Əsas Səhifə > Güney Press > Nazirlik Nuradan iki şey tələb edə bilər

Nazirlik Nuradan iki şey tələb edə bilər


Bu gün, 16:23

Müğənni Nura Suri ilə Mədəniyyət Nazirliyi arasında yaranan gərginlik davam edir. İfaçı əvvəlcə qurumun Mənzər, daha sonra isə Nərmin adlı əməkdaşlarının adını səsləndirib, bəzi sənətçilər, hətta Xalq artistlərinin belə, tədbirlərə dəvət almaq üçün hədiyyə və pul verdiyini iddia edib. Maraqlıdır ki, bir neçə gündür davam edən məsələyə nazirliyin reaksiyası görünmür.

Qurumun bu addımı necə izah olunmalıdır? Nura Suri səsləndirilən iddialara görə məhkəməyə verilə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, ictimai təşkilatlar və xüsusilə dövlət təsisatları mətbuat xidməti vasitəsilə vətəndaşlar, o cümlədən mədəniyyət işçiləri, müğənnilərin ünvanladığı hər bir fikirlə bağlı mütləq açıqlama verilməlidir:

“Çünki bu qurumlar dövlət təsisatıdır və fəaliyyətlərini vətəndaşların, o cümlədən Nura Surinin ödədiyi vergilər hesabına həyata keçirirlər. Buna görə də onlara ünvanlanan hər bir sorğu və ittiham barədə məlumat vermək öhdəlikləri var. Ümumilikdə, əgər nazirlik irəli sürülən fikirləri əsassız hesab edirsə, məsələnin araşdırılması üçün Baş Prokurorluğa müraciət edə bilər. Aparılan araşdırma nəticəsində Nura Surinin sözləri təsdiqini tapmasa, Mədəniyyət Nazirliyinin onun əleyhinə iddia qaldırması mümkündür. İfaçıdan məlumatların təkzibi və üzr istənilməsi tələb edilə bilər. Dövlət qurumu olduğu üçün hər hansı təzminat olmayacaq”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, 2004–2022-ci illərlə bağlı səsləndirilən iddialar, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub:

“Bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçim qaydaları ilə bağlı faktlara söykənməyən məlumatlar yayılır. Bildiririk ki, nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda qanunvericiliyə uyğun olaraq araşdırma aparılır. Zəruri hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir.

İncəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə gəldikdə isə, nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb, iddialara baxılıb və xidməti yoxlama aparılıb. Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir”.

Nazirlik keçirdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçim qaydalarına da toxunub:

“Bu seçim tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmunun buna uyğunluğuna əsasən aparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir. Mədəniyyət Nazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmiş fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə bugünkü fəaliyyətimizə kölgə salınması yolverilməzdir. Konkret faktlara söykənmədən dövlətin mədəniyyət strategiyasını həyata keçirən nazirlik barədə həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan, habelə ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması hüquqi məsuliyyət yaradır”.


Geri qayıt