Əsas Səhifə > Güney Press > Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir

Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir


Bu gün, 15:44

Azərbaycanın regional və beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Ölkəmiz yalnız regional prosesləri müşahidə edən tərəf deyil, strateji qərarların formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir.

Mərkəzi Asiya artıq yalnız beş ölkə ilə məhdudlaşmır. Azərbaycan da bu əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür. Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən dövlət, hökumət, nazirlik və ictimai təşkilatlar səviyyəsindəki bütün görüşlərdə fəal iştirak edəcək. Bu, Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini inkar etmir. Əksinə, ölkəmiz burada da fəaliyyətini davam etdirərək Mərkəzi Asiya istiqamətində əməkdaşlığını genişləndirir.

Azərbaycanın artan regional çəkisi və Mərkəzi Asiya ilə inteqrasiyası, həm ölkəmizin, həm də regionun qarşılıqlı güclənməsi üzərində qurulan əməkdaşlıq modelini möhkəmləndirir.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bu platformanın bizi kənardan müşahidə edən yox, prosesləri yönləndirən dövlət səviyyəsinə qaldırdığını söyləyib:

"Bu hadisə, regionda Azərbaycanın nüfuzunun rəsmən tanınmasıdır. Həmin platforma bizi kənardan müşahidə edən yox, prosesləri yönləndirən dövlət səviyyəsinə qaldırır. Orta Dəhlizin genişləndirilməsi, yeni logistika və enerji xəttlərinin planlaşdırılması kimi məsələlərdə Bakının sözü artıq sadəcə “tərəf mövqeyi” yox, “qərar mövqeyi” sayılacaq. Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlıq daha çevik və daha sistemli formaya keçir. Çünki qərarlar kollektiv şəkildə, Azərbaycanın iştirakı ilə formalaşacaq. Bu həm ticarət əlaqələrimizi, həm də investisiya imkanlarımızı artıracaq. Regionla təhlükəsizlik koordinasiyasında iştirakımız sərhəd, informasiya və enerji təhlükəsizliyi baxımından daha güclü mexanizmlər yaradır. Məşvərət Görüşü Azərbaycan üçün Mərkəzi Asiya bazarlarına daha rahat çıxış, həmin ölkələr üçün isə Bakı vasitəsilə Qərbə inteqrasiyada yeni imkanlar açır. Bu üzvlük bizi həm iqtisadi, həm siyasi, həm də ideoloji məkanda mərkəzi oyunçu kimi möhkəmləndirir".

Politoloq Azərbaycanın artan regional çəkisinin Mərkəzi Asiya üçün ciddi üstünlük olduğunu bildirib:

"Bakı həm dayanıqlı tərəfdaşdır, həm də regionlararası bağlayıcı aktordur. Yeni mərhələ, Azərbaycanın da, Mərkəzi Asiyanın da qarşılıqlı güclənməsi üzərində qurulan praqmatik əməkdaşlıq modelinə çevrilir".


Geri qayıt