Əsas Səhifə > Güney Press > Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri?

Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri?


Bu gün, 09:11

Azərbaycan millisi Bakıda DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzub.

Oyundan sonra yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev Teleqraf-a müsahibə verib. Təcrübəli qapıçı yığmanın nəticəsi və onun səbəblərini açıqlayıb:

- Oyunla bağlı ümumi düşüncələriniz necədir?

- Çətin oyun oldu. Pozitiv heç nə yoxdur, biz uduzuruq. Stadion dolur, 30-31 min tamaşaçı gəlir. Çox istərdik, qələbə qazanaq. Əlimizdən gələni etdik. Bizim heyətə baxın: 11 futbolçudan maksimum 3-4 nəfəri öz komandasında əsas heyət üzvüdür. Bu, çox çətindir.

- İlk hissədən sonra zədələnərək əvəzləndiniz. Vəziyyətiniz necədir?

- Bu, xroniki zədədir. Bir ildir davam edir. Adətən iynə vurub oynayıram. Normalda belə oynaya bilərdim. Sadəcə, Fransa kimi komandaya qarşı bir ayaqla oynamaq çox çətin idi. Ani səhvlə qapında qol görə bilirsən.

- Zədə xronikidirsə, demək olarmı ki, bu, karyeranın sonunu gətirir?
- Yox, belə fikirləşmirəm. Nə qədər əməliyyat oluram, nə qədər ağrı verirsə, bu, mənə daha da güc verir. Zədədən sonra mən güclü şəkildə qayıdıram. Fikir vermirəm.

- Üçüncü qol avtoqol idi?
- Videoda o qolu görmədim. Məncə, mən dəydim topa, amma məndən sonra kimsə dəydi, yoxsa yox, bilmirəm. Avtoqol avtoqoldur. Artıq qərar verildi.

- Ayxan Abbasovun komandaya gəlişindən sonra milli ruh geri qayıtdı.
- Bəli, komandaya milli ruh geri qayıtdı. Soyunub-geyinmə otağında azərbaycanca danışmaq çox vacibdir. Azərbaycan millisində elə azərbaycanlı məşqçi olmalıdır.

- Bəs nə üçün nəticə yoxdur?
- Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir? Abbasdan güclü futbolçu tapın. Öz klubunda sağ cinah müdafiəçisi və ya yarımmüdafiəçisi mövqeyində oynayan başqa bir azərbaycanlı varmı? Tapın elə bir futbolçunu. “Turan Tovuz”da 11 legioner meydançaya çıxır. Bütün klublarda əsas heyətdə 9-10 legioner çıxış edir. I Liqada normal yerli futbolçu yoxdur. Bunu heç kim müzakirə etmək istəmir. Lakin eyni futbolçular milliyə çağırılanda deyirlər ki, niyə onu dəvət etdilər? Bəs kim çağırılsın? Kimsə varmı?

- Sizcə, Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra vəziyyət pis tərəfə dəyişib?
- Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan futbolu məhz bu limitə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. “İmişli”də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim! Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur.

- Təcrübəli qapıçı olaraq necə düşünürsünüz, azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq istəməmələri nə ilə bağlıdır?
- Məsələ millidə deyil. Harada oynayaq? Uşaqlar harada oynasınlar? Aydındır, mən hələ “Qarabağ”dayam, baş məşqçimiz Qurban Qurbanov Azərbaycan futbolu barədə düşünür, çempionatda oynama şansı verir. Bəs o biri uşaqlar harada oynasınlar? Hara getsinlər? “Gəlin, burada oynayın” deyə kim bizi gözləyir? Elə bir ölkə varmı ki, bizi çağırsın? Hamı deyir ki, gedin oynayın. Harada? Söhbət mentalitetdə deyil. Rüfət Abdullazadə Xorvatiyaya “Varajdin”də oynamağa gedib. O, orada heyətdə yer alırmı? Çünki onun kimi oyunçular minlərlədir və oranın komandaları özlərinkiləri prioritet götürürlər. Deyirlər ki, özümüzdə beləsi varsa, azərbaycanlı nəyimə lazımdır? Bizdə isə əksinədir. Azərbaycanlı və legioner arasından prioriteti əcnəbiyə verəcəklər.


Geri qayıt