Əsas Səhifə > Güney Press > “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər”
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər”Bu gün, 16:18 |
|
“Əslində Rəmişin doğum günü dünən idi, amma bir çox saytlarda bu gün kimi qeyd ediblər. Düz yazmayıblar. Rəmişsiz mənə heç bir şad gün yoxdur. Dünən gedib quranını oxutdurdum, məzarını yuyub təmizlədim, ağladım, dərdləşdim və gəldim. Çox arzulayırdım ki, onun 80 illik yubileyini qeyd edim. Təəssüf ki, qismət olmadı. Məzarda 80 illiyini təbrik etdim”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, ustad sənətkar Rafiq Hüseynovun (Rəmiş) ömür-gün yoldaşı Gülü xanım deyib.
O daha sonra əlavə edib:
“Rəmişlə böyük sənətkarımız Qədir Rüstəmov çox yaxın dost olublar. Toya birlikdə gediblər. İndi onun ailəsi mənə sahib çıxıb. Qədir Rüstəmovun həyat yoldaşı Fatma xanım, balaları məni itirib-axtarır. Onlardan başqa heç kim zəng edib maraqlanmır. Özünü yaxşı hiss edəndə Fatma xanım gündə 5 dəfə zəng edib soruşur. Allah onları qorusun. Efirlərdən nə qədər zəng edirlər, xahiş edirlər. Heç birinə çıxmıram. İstəmirəm. Çıxıram, sonra sosial şəbəkədə hərə bir şey yazır. Güc-bəla ilə əsəblərimi sakitləşdirmişəm. Qoy rahat oturum yerimdə. Nə tapıram onunla da dolanıram. Pensiyamla yaşayıram. Yorğanıma görə ayağımı uzadıram. Az olur az yeyirəm, çox olur çox yeyirəm. Mən çətin həyata öyrəşmişəm. Dava-dərmanımdır, yeməyimdir, gündə təzə geyim almıram ki”.
Gülü xanım Rəmiş haqda povest yazan Aqil Abbasa da təşəkkür edib:
“Aqil Abbas Rəmiş haqda povest yazıb. Mənə zəng edib dedi. Ona öz təşəkkürümü bildirirəm. Allah onu başımızın üstündən əskik etməsin. O hər zaman böyük sənətkarlarımızı yad edir. Amma bir şeydən çox incikliyəm. Efirə çıxırlar, hər kəsin adını çəkirlər, təkcə Rəmişdən başqa. Rəmiş axı böyük sənətkar olub. Özgələri tərifləyirlər, amma Rəmişin adını çəkmirlər. Rəmiş onlara nə edib bilmirəm. Özlərinə sığışdırmırlar ki, Rəmişin adını çəksinlər. Bu da mənim xətrimə dəyir. Onlardan mənə heç nə lazım deyil, versələr də götürmərəm, amma adını çəksinlər”, - deyə sənətkarın xanımı bildirib.
Geri qayıt |