Əsas Səhifə > Güney Press > Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmirBu gün, 10:29 |
|
"İnsanlar müxalifətdən üz döndərirlər, çünki onları yorublar". Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Milli Məclisdə çıxışı zamanı deyib. Spiker bildirib ki, insanlar söyləyirlər ki, kim olursa-olsun, yalnız onlar olmasın: "Siz bunu başa düşürsünüzmü? (Azərbaycanla aparılan) Danışıqlardan bəhs edirsiniz. Bəs Robert Koçaryan, Serj Sarkisyan haradadır? Artıq onları açıq dabata çağırmışıq, gəlsinlər". A.Simonyan qeyd edib ki, Robert Koçaryan və Serj Sarkisyan ancaq özlərinə uyğun şəxslərə müsahibə verirlər: "Robert Koçaryan gəlsin, seçilmiş şəxsin (Baş nazir Nikol Paşinyanın) qarşısında otursun və Ermənistan xalqına danışsın, desin: bilirsiniz, Qarabağ məsələsində vəziyyət belə olub. O qorxur. Mən iddia edirəm ki, o, çox qorxur". Spiker Ermənistan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərində heç bir şansının olmadığını vurğulayıb: “Qulaq asın, ümidlərinizi kəsin, seçkilərdə uduzacaqsınız”. Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sarkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib. Millət vəkili Naqif Həmzəyev "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxildə gərginlik artmaqdadır. Deputat vurğulayıb ki, xüsusilə revanşist qüvvələr daha da aktivləşib: "Paşinyanı məğlub etmək üçün əllərinə əlavə fürsət düşüb. Revanşistlərlə Kilsə birliyi Paşinyan üçün əlavə çətinlik yaradır. Ancaq buna baxmayaraq, Paşinyan Kilsənin gücünü zəiflətməkdə israrlıdır. Hələlik Paşinyanın istəkləri tam reallaşmayıb. Avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra revanşistlər alternativ arqumentlər ortaya qoyaraq Paşinyanı tamamilə gözdən salmaq istəyirlər. Ancaq sülhün alternativi olmadığını anlayan ermənilərin sayı az deyil. Paşinyanın parlament seçkilərində qalib gəlməsi üçün daha çox çalışması vacibdir. Çünki regionda sülh istəməyən qüvvələr var. Ermənistanın Rusiya təsirindən çıxmasını istəməyən Moskva Paşinyanın məğlub olmasını dəstəkləyəcək. Ermənistan ictimaiyyəti yaxşı xatırlayır ki, revanşist cəbhədə təmsil olunan liderlərin dönəmində ölkədə ürəkaçan proseslər baş verməyib. Əksinə, "Qarabağ kartı"ndan istifadə edərək Azərbaycanla münasibətləri həmişə gərgin saxlayıblar, ölkə blokadaya düşüb. Paşinyan məhz həmin şəxslərin bütün nöqsanlarını ortaya qoyur, onları ifşa edir. Bu da istər-istəməz gərginliyi artırır". Parlament üzvünün sözlərinə görə, parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər: "Paşinyan belə bir gediş edə bilər. Böyük ehtimalla, birinci rübdə, yəni üçüncü aya qədər, ən geci may ayına kimi seçkilər reallaşa bilər. Bu, müəyyən dərəcədə Paşinyanın əlini möhkəmləndirər. Çünki revanşistlərin seçkiyə daha yaxşı hazırlaşmasına imkan vermək olmaz. Paşinyan seçkilərdə qalib gələrsə, dərhal referenduma gedər. Bu da Azərbaycanın şərtlərinin reallaşması və regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması ilə nəticələnər. İtənilən halda unutmamalıyıq ki, erməni cəmiyyətinin beyninə yeridilmiş xəstə "böyük Ermənistan" ideologiyasını 2-3 ilə təmizləmək çox çətindir". Geri qayıt |