Əsas Səhifə > Güney Press > “Düşdü qəzetlər hörmətdən...”

“Düşdü qəzetlər hörmətdən...”


Bu gün, 17:32

Ölkədə son dövrlər bir sıra qəzetlərin fəaliyyətini dayandırması ictimai müzakirələrə səbəb olub.

Bu da həm media nümayəndələri, həm də oxucular arasında fikir ayrılıqlarını gündəmə gətirib.

Media eksperti Azər Həsrət ilə müsahibədə bu mövzunu müzakirə etdik.

Gununsesi.info Azər Həsrət ilə müsahibəni təqdim edir:

-Azər bəy, qəzetlərin fəaliyyətinin dayandırılmasını necə qiymətləndirirsiniz?

-Bazar iqtisadiyyatıdır, bütün sahələrdə olduğu kimi media sahəsində də tələb-təklif məsələsi var. Əgər tələb varsa, qəzetlər əlbəttə yaşamalıdır, yaşayacaq. Yoxdursa, təklif var, tələb yoxdursa, əlbəttə ki, qəzetləri istehsal edənlər bunun faydalı olmadığını görüb bağlamaq məcburiyyətindədirlər. Yəni, o ölkədə heç kim zorla qəzet bağlamır. Nə dövlət, nə də ki, hansısa başqa bir qurum kimisə məcbur etmir.

Bizim son hədəfimiz, son istəyimiz informasiyanı əldə etməkdir. Ona qalsa, qədim zamanlarda daş üstünə, qaya üstünə yazıblar. İnformasiyanı daşıyan, ötürən daşlar və qayalar idi. İndi biz gedib daşın üstünə yazırıq, sonra tutaq ki, gil lövhələr üzərinə yazıblar və o lövhələri bişiriblər, yığıblar kitabxanalarda ağır-ağır lövhələri saxlayıblar. Niyə? Çünki informasiyanı daşımaq üçün vasitə gil lövhə olur.

Papirus tutaq ki, icad edildikdən sonra, sonraki mərhələdə 7-ci əsrdə, bugün bildiyimiz kağız icad edildikdən sonra informasiya daşıcıları yenə dəyişib, şəkil dəyişib. Yəni, burada hədəf, yaxud məqsəd informasiyanı nəyin daşıyacağı deyil. Burada əsas məqsəd informasiyanın daha operativ, daha az xərclə istehlakçıya, istifadəçiyə çatdırılmasıdır.

Bugün yeni texnologiya var. İndi bu dəqiqə biz onlayn mediadan, sosial mediadan danışırıq. Hələ üstəlik də bir süni intelekt deyə bir şey gəlib çıxıb və mən oturduğum yerdə süni intelektə bir sual verərək lazım olan bütün cavabları tapa bilirəmsə, mən niyə gedib köşkdən pul verib qəzet almalıyam? Qəzet artırırsa, kağız, odundur.

– Qəzetdə işləmək jurnalistləri necə yetişdirir və bu təcrübə onlayn mediada onlara necə kömək edir?

-Qəzetçilikdə yetişmək tam başqa bir məktəbdir. Mən özüm də qəzetçilikdən gəlmişəm və bilirəm ki, qəzetdə işləmək insanı həqiqətən yetişdirir. Buna görə kifayət qədər təcrübə toplamışam. İndi həmin təcrübəyə əsaslanaraq onlayn müstəvidə, televiziya müstəvisində özümü saxlaya bilirəm. Niyə? Çünki o təcrübə var.

Amma bu gün yetişən nəsildə həmin təcrübə yoxdur. Məsələn, jurnalistika fakültəsini bitirib gələn gənc jurnalistlər var, amma onlar o təcrübəni mənimsəyə bilmirlər. Niyə? Çünki o “laboratoriya” yoxdur.

Qəzetdə biz məşq edirdik, səhvlərimizi göstərənlər vardı. Bəzi ölkələrdə eyni qəzet gündə iki, hətta üç dəfə çıxa bilirdi. Bizdə də belə təcrübələr olub, amma az idi. Məsələn, “Avrasiya” qəzeti səhər və axşam olmaqla gündə iki dəfə çıxırdı və buna görə də müəyyən təcrübəyə malik idi.

Qəzetdə tələsmirsən, saniyələrlə yarışmırsan. Amma onlayn mediada və sosial mediada hər saniyə vacibdir. Tutaq ki, A media orqanı B media orqanından bir neçə saniyə gec xəbər verirsə, uduzur, bazarda geridə qalır. Tamaşaçı, oxucu və dinləyici artıq belə xəbəri axtarmır və düşünür ki, A gec verir, B isə daha tez verir.

Nəticədə, insanlar həmin media orqanına qapanıb qalır, düşünürlər ki, “mənim xəbərim buradan gələcək”.

– Ümumiyyətlə, Azərbaycanda qəzetin öz oxucuları varmı?

– Şəxsən mən qəzet oxumağı sevən adamam, həvəskarıyam. Amma Azərbaycanda, bu yeni dönəmdə, müstəqillik illərində qəzet sənayesi o səviyyəyə yüksələ bilmədi.

İndi mən çox gəzmişəm, xarici ölkələrə də baxmışam. Məsələn, Qazaxıstanın qəzetçilik sənayesi bizə nisbətən kifayət qədər oturuşub. Onların qəzetləri səhifə sayından tutmuş dizaynına qədər, tam rəngli çap keyfiyyətinə malikdir. Adam qəzeti əlinə aldıqda bunu hiss etməlidir. İçində nə var, nə yox, onu bir kənara qoyuram; əsas olan onu əlinə aldıqda hiss etdiyin zövqdür.

Necə ki, yaxşı bir roman oxuyuruqsa, kitabı əlimizə aldıqda oxumağa həvəs yaranır. Amma bərbad çap olunmuş bir kitabı oxumağa gəlmək istəmirik. Qəzet də elədir. Əgər qəzet gözəl tərtib olunub, keyfiyyətli kağıza çap olunub, dizaynına ciddi fikir verilibsə, materialları zəngindirsə və orijinal məzmun təqdim edirsə, onu oxumaq istəyirik.

Şəxsən mən belə qəzet bu gün bazarda görmürəm. Nisbətən “Xalq qəzeti” son illərdə fərqlənir. Əvvəlki yeknəsək, maraqsız qəzetlərdən əsər-əlamət qalmayıb. “Xalq qəzeti” dövlət qəzeti olmasına baxmayaraq, oxucuya cəlbedici olmaq yolunda uğurlu addımlar atır. Köşkə yaxınlaşanda insanı özünə tərəf çəkən qəzetdir.

Sözümün canı budur: bazarda bizi özünə cəlb edəcək, oxucunu çəkəcək qəzet görmürəm. Ona görə də mən şəxsən qəzet oxumağa çox meyilli deyiləm.

– Qəzetlərdə köşə yazıları niyə yoxdur?

– Mən Azadlıq qəzetində uzun illər köşə yazmışam. Yadıma gəlir ki, o vaxt baş redaktorumuz Gündüz Tahirli idi. Qəzet bir gündə 30.000 nüsxə ilə çıxırdı və səhər çap olunanda qurtarırdı.

Gündüz Tahirli deyirdi ki, sabah 33.000 nüsxə ilə çap edək. İndi isə belə tirajlara malik qəzetimiz yoxdur. Hazırda normal bir qəzet 3.000–5.000 nüsxə ilə çıxır.

Niyə belədir? Çünki oxucu qəzetə bağlanır. Qəzet elə bir şeydir ki, insan ona asılılıq yaradır. Baxın, necə siqaretə, içkiyə, telefona bağlılıq yaranırsa, qəzet də oxucuda belə bir bağlılıq yaradır. Bir qəzet alırsınız və orada bir neçə dəfə istədiyinizi tapa bilirsinizsə, içinizdə bir çatışmazlıq hissi yaranır və almaq istəyirsiniz.

Siz abunə də yazılacaqsınız, köşkdən də alacaqsınız. 1990-cı illərdə biz köşklərdə səhər tezdən uzun növbələrdə dayanırdıq, bəzən alıcı o qədər çox idi ki, qəzetlər tez bitirdi.

Ona görə qəzet oxumaq asılılıq yaradır. Əgər bu asılılığı formalaşdıra bilsəniz, qəzet oxuyacaqsınız. Amma nə qədər insan buna hazırdır? Mən baxıram ki, çox deyil. Özüm mediada aktiv işləyən, təhlilçi biri kimi informasiya almağa ehtiyac duyuram, amma axırıncı dəfə qəzət alanda nə vaxt olduğunu xatırlamıram. Belə olan halda, niyə almalıyam?

– Texnologiyalar qəzetləri necə dəyişdirib və kağız mediasının gələcəyinə nə təsir edib?

– 2000-ci illərin əvvəllərində yeni texnologiyalar ortaya çıxanda onlayn qəzetlər yavaş-yavaş yayımlanırdı. 2001-ci ilin yanvar ayında mən Hindistanda, Dehli şəhərində “Hindustan Times” qəzetinin redaksiyasında olmuşam.

Bu ingilisdilli qəzetin tirajı 1 milyon idi. Onların onlayn versiyası da mövcud idi. O zaman 20 nəfər bu onlayn nəşri idarə edirdi və ayda 1 milyon insan onları internetdən oxuyurdu.

2001-ci ildə bu, böyük rəqəm idi. Bizdə isə hələ onlayn media yox idi. Ondan sonra Bakıya qayıtdım və redaktorlar birliyində dedim ki, yeni texnologiya gəlib, qəzetlərin sürətlənməsi lazımdır, yoxsa qəzetlər öləcək, kağız daşıyıcısı yoxa çıxacaq. Bəzi dostlarımız bunu qəbul etmədi, dedilər ki, qəzet əbədi yaşayacaq. Mən isə artıq görmüşdüm ki, başqa ölkələrdə qəzetlər onlayn müstəviyə keçir. İndi reallıq odur ki, telefonda hər şeyi idarə edə bilirsinizsə, niyə gedib qəzet almalı olursunuz köşkdən? Eyni informasiya burada da var. Üstəlik, onlayn xəbərləri həm oxuya, həm dinləyə, həm də vizual olaraq görə bilərsiniz. Artıq bəzi qəzetlər yazıların səsləndirilməsini tətbiq etməyə başlayıb, yəni vaxtınız yoxdursa və ya gözünüz zəifdirsə, düyməyə basıb xəbəri dinləyə bilərsiniz.

Qəzetdə bunu etmək mümkün deyil. Dünya dəyişib, dövran dəyişib, qəzet artıq köhnəlir. Mən şəxsən düşünürəm ki, bu reallıq qarşısında qəzet almağa nə ehtiyac var?


Geri qayıt