Əsas Səhifə > Güney Press > Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir

Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir


Bu gün, 11:52

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın APA-ya müsahibəsi

Azad olunmuş ərazilərdə 155 abidədə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb

- Səbinə xanım, Qarabağdakı abidələrin monitorinqi tam yekunlaşıbmı? Ümumilikdə neçə abidə siyahıya salınıb?

- İşğaldan azad olunmuş ərazilərdə 2001-ci ildə təsdiq olunmuş Daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında 705 abidə öz əksini tapıb. Bu ilin iyul ayında Nazirlər Kabinetinin qərarı ilə həmin siyahıya bu ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə salınıb. Bununla da işğaldan azad olunmuş ərazilərdəki dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb. Bu, işğaldan azad olunmuş ərazilərdə aparılmış monitorinqlərinin nəticələrindən biridir.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə ümumilikdə Mədəniyyət Nazirliyi tərəfindən 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması həyata keçirilib.

Təəssüf ki, dövlət mühafizəsində olan 749 abidədən 155 abidədə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərinin aparılmasında çətinlik törədir. Onu da qeyd edim ki, 2025-ci ilin sentyabr-oktyabr aylarında inventarlaşırma işləri davam etdirilib və bu dəfə 54 abidə monitorinq edilib.

İşğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılıb

- İşğaldan azad edilmiş ərazilərdəki abidələrin ilkin vəziyyəti barədə nə deyə bilərsiniz?

- Təəssüflə qeyd etmək istəyirəm ki, torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı müddətində abidələrimiz dağıdılıb, vandalizmə məruz qalıb. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qalıb, digərlərinə isə müxtəlif dərəcədə ziyan dəyib. Abidələrimizin monitorinqi barəsində danışanda təbii ki, ərazilərimizin azad olunmasında şanlı ordumuzun misilsiz rolu barəsində danışmamaq olmaz. Biz 30 ilə yaxın abidələrimizin həsrətində olmuşuq. Abidələrimiz əsirlikdə olub. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz torpaqlarımızı azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin! Ölkəmizin ərazi bütövlüyü təmin olundu, tarixi abidələrimiz də öz həqiqi sahiblərinə qovuşdu. Müharibənin bitməsindən qısa zaman sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə digər infrastruktur layihələri ilə bərabər, tarixi abidələrimizin də bərpasına başlanıldı.

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısının yenilənməsinə ciddi ehtiyac var

- Abidələrin sonuncu siyahısı nə vaxt tərtib edilib?

- Ölkəmizin ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib. Həmin siyahının yenilənməsinə ciddi ehtiyac var. Aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib. Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlum olduğu kimi 2001-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklər edilib.

Abidələr reyestrinə müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədilə 6 noyabr 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Şurada bu məsələlərə bu və ya digər formada aidiyyəti olan bütün qurumlar təmsil olunur. Hamımız birlikdə abidələrin taleyini həll etməyə çalışırıq. Yəni bu bir qurumun qərarı olmamalıdır. Siyahıya salınması məsləhət görülmüş abidələr əvvəlcə Şurada müzakirə edilir, Elmlər Akademiyasından müsbət rəy alır, müxtəlif qurumlardan razılaşdırılır, nəticədə isə Nazirlər Kabinetinin qərarı ilə siyahıya salınırlar. Hazırda bir çox abidəmiz bu prosesin müxtəlif mərhələlərindədir.

2000-ə qədər abidə barədə Ekspertiza aktı hazırlanıb

- Ümumilikdə neçə abidə barədə Ekspertiza aktı hazırlanıb? Bu il ərzində neçə abidənin məlumatında düzəliş edilib?

- Ötən dövrdə Ekspert Şurasında 500-ə yaxın abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə bu günə kimi ölkə üzrə 2000-ə qədər abidə və yeni aşkar edilmiş abidə barədə Ekspertiza aktı hazırlanıb. Toplanmış materiallar mərhələli şəkildə Ekspert Şurasında müzakirə edilir və siyahıya əlavə edilməsi üçün müvafiq tədbirlər görülür. Bu il Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş edilib, 7 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə götürülüb. Eləcə də, bir az əvvəl qeyd etdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib.

Bakının İslam Səfərli küçəsində siyahıya düşmüş bir çox abidələrlə yanaşı abidə statusuna malik olan və nədənsə siyahıya düşməyən abidələr də var

- Qeyd etdiniz ki, bu il 7 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə götürülüb. Məgər Azərbaycanda bu vaxta qədər mövcud olan abidələrin aşkarlanması prosesi bitməyib? O cümlədən Bakıdakı abidələrin reyestri prosesi yekunlaşmayıb ki, hər dəfə yeni abidə aşkarlanır?

- Təbii ki, yeni aşkar dediyimiz abidələr birdən-birə yaranmış abidələr deyil. Burada hər hansı səbəbdən vaxtilə siyahıya düşməmiş abidələrdən söhbət gedir. Siyahılar bir neçə dəfə tərtib olunub. İlk siyahı 40-cı illərin sonunda tərtib olunub. Bu siyahıya o vaxt yalnız 100-ə yaxın abidə daxil olub. Bundan sonra da siyahıya bir neçə dəfə dəyişiklik edilib. Yəni, abidələrə maraq artdıqca siyahıda olan abidələrin sayı da artır. Hazırda işlədiyimiz siyahı 2001-ci ildə tərtib edilmişdi. Siyahıda yuxarıda qeyd etdiyim kimi, bir çox nöqsan var. Qarabağ və Şərqi Zəngəzur siyahı tərtib edilən dövrdə işğal altında idi və orada həmin vaxt monitorinqi yerində aparmaq imkanımız olmamışdı. Bununla indi məşğul oluruq. Bakıda da elə abidələr var. Məsələn, Bakının abidələrlə ən zəngin küçələrdən biri olan, İslam Səfərli küçəsində siyahıya düşmüş bir çox abidələrlə yanaşı abidə statusuna malik olan və nədənsə siyahıya düşməyən abidələr də var.

- Bu proseslərin nə vaxt yekunlaşması nəzərdə tutulub?

- Tarixi abidələrin siyahıya daxil edilməsi, onların tədqiqatının aparılması, məlumatlarının araşdırılması davamlı bir prosesdir. Buna görə də onların siyahıya daxil edilməsi prosesi gələn il də davam edəcək. İşimiz təkcə yeni aşkar edilmiş abidələri siyahıya daxil etmək deyil. Eyni zamanda, hazırkı siyahıda olan nöqsanların aradan qaldırılması məsələsi də əsas hədəfimizdir. Bu baxımdan gələn il həm də siyahıda olan nöqsanları aradan götürmək imkanımız olacaq.

Azərbaycan ərazisində yerləşən bütün abidələr qorunub saxlanılır

- Qarabağda aşkarlanmış xristian dininə məxsus abidələrin böyük əksəriyyəti alban irsinə məxsusdur, onların içində erməni kilsələri də varmı?

- Belə bir statistikanın aparılması ilə məşğul olmamışıq. Amma çalışırıq ki, Qarabağda olan hər bir abidənin tədqiqatını edək. Bu kifayət qədər vaxt tələb edən prosesdir. Hazırda abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətlərinin müqayisəli şəkildə araşdırılması aparılır. Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Azərbərpa” Elmi-Tədqiqat və Layihə İnstitutunun arxivində işğaldan əvvəlki dövrdə işlənmiş layihələr var. Bu sənədlər bizə gələcək layihələrimizin icrasına və tədqiqat işlərinin aparılmasına kömək edir.

Azərbaycanın ərazisində yerləşən bütün abidələr qorunub saxlanılır. Çox vacib, əhəmiyyətli alban xristian abidələri də sözsüz ki, Azərbaycanın memarlıq tarixinin parlaq nümunələrindəndir. Xudavəng, Gəncəsər monastırlarını, Ağoğlan və Laçın bazilikalarını, həmçinin digər xristian abidələrini işğal dövründə ermənilər mənimsəməyə çalışıb. Adıçəkilən abidələr alban memarlığı tarixində çox vacib abidələrdir. Ermənilər çalışıblar ki, bu abidələri mənimsəsinlər. Ona görə də işğal dövründə qanunsuz, abidələrin tarixi görkəmini saxtalaşdırmaq üçün bərpa işləri, qazıntılar aparıblar. Bunlar hamısı abidələrə böyük zərbə vurub. Biz bunu hazırda araşdırırıq. Məsələn, Xudavəng monastırının indiki vəziyyətini araşdırmaq məqsədi ilə Mədəniyyət Nazirliyində İşçi Qrupu yaradılıb. İşçi Qrupun tərkibində həm yerli, həm də xarici mütəxəssislər var.

- Ermənilərin Xudavəng monastırını tərk etməsi zamanı oradan bir sıra relikviya və freskaların oğurlandığı məlum olmuşdu. Antiterror əməliyyatından sonra Amaras, Gəncəsər, Kolatağ və bir sıra monastırlar da özümüzə qayıtdı. Özümüzə qayıdan bu abidələrin monitorinqi aparılıb? Ermənilər bu abidələrin nə qədərinə ziyan vurub, nə qədərinin tarixini saxtalaşdırmağa çalışıblar?

- Bəli, təbii ki, onların da monitorinqi aparılır, adıçəkilən abidələrimizdə saxtalaşdırma və mənimsəmə məqsədilə qanunsuz işlər, o cümlədən qanunsuz arxeoloji tədqiqatlar aparılıb. Aşkar olunan artefaktlar oğurlanaraq Azərbaycan ərazisindən kənarlaşdırılıb. Azıx mağarası, Xudavəng, Amaras, Ağoglan, Gəncəsər monastırları və digərlərində belə işlər aparılıb.

Xudavəngin ərazisində Qafqaz Albaniyasının tarixində bir çox vacib şəxsiyyətlərin qəbirləri açılıb və içindən nümunələr götürülüb. Arzu xatun kilsəsinin divarlarında Arzu xatun özü və iki övladı tərəfindən divar üzərində həkk edilmiş freskalar qanunsuz olaraq divarlardan qopardırılıb və Ermənistana aparılıb. Gəncəsərdə təmir işləri aparılıb, alban hökmdarları və tarixi məlumatlarla zəngin olan divar müasir daşlarla üzlənib və beləliklə alban dövrü barəsində məlumat verən tarixi lay məhv edilib. Amaras monastırının tərkibindəki bütün tikililər, o cümlədən baş kilsə müasir materiallarla üzlənib və bəzi yerlərdə əvəzlənib. Kolatağdakı Böyük Aran monastırında da arxeoloji qazıntılar başlanılıb. Lakin xoşbəxtlikdən, heç bir saxta bərpa işləri aparılmayıb. Hələ ki biz oranı yeni araşdırmağa başlamışıq.

Tarixi abidələr mərhələli şəkildə bərpa edilir

- Vətən müharibəsindən sonra işğal altında qalmış bir çox abidələrimizi geri almışıq. Bu abidələrin içində alban abidələri çoxluq təşkil edir. Onların yenidən tədqiqi, öyrənilməsi ilə bağlı, eyni zamanda, Azərbaycan-Alban irsinin dünyada tanıdılması sahəsində hansı işlər görülür?

-Bəli, alban abidələrinin tədqiqatı davam etdirilir. Bu günə kimi tədqiq olunmayan abidələrin tədqiqatına da sıfırdan başlanılır. Mədəniyyət Nazirliyi tərəfindən xüsusi İşçi Qrupu yaradılıb. Qrupda bu abidələrə dəymiş zərərlərin araşdırılması üçün həm arxeoloqlar, həm tarixçilər, həm də memarlar birgə işləyir. Həmçinin saxta bərpaların aradan götürülməsi üçün xarici ekspertlər də dəvət edirik.

- Səbinə xanım, təkcə Qarabağda deyil, digər ərazilərdə də qədim alban məbədləri mövcuddur. Bu abidələrin mühafizəsi üçün hansı tədbirlər görülür, eləcə də konservasiyası necə aparılır?

- Tarixi mənbələrdə Qafqaz Albaniyası sol sahil və sağ sahil Albaniyası kimi tanınır. Əgər Qarabağ əraziləri sağ sahil Albaniyası anlayışı ilə bağlıdırsa, sol sahil isə qədim paytaxt Qəbələ şəhəri ətrafında yerləşən Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən rayonlarıdır ki, burada qədim və ilkin xristian dövrünə aid olan bir çox abidələr var. Bu ərazilər sırf erkən xristian abidələri ilə zəngindir. Məsələn, hazırda Qafqaz Albaniyasının Tarixi və Mədəniyyət Muzeyi kimi tanınan Kiş məbədi. Qax rayonunda yerləşən Qum bazilikası, 7 kilsə kompleksi, Ləkit məbədi, Zaqatala rayonunda Mamrux məbədi, Qəbələnin Kilsədağ abidəsi və s. Hər birinin konservasiyaya ciddi ehtiyacı var. Bütün bu abidələr Dövlət Xidməti tərəfindən bərpa olunması üçün dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu abidələrin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

- Abidələrin tarixi olub-olmadığını necə müəyyənləşdirirsiniz?

- Abidələrin tarixi üzərində yazılıbsa və ya hər hansı mənbədə öz əksini tapıbsa, dəqiq tarix sayılır. Əgər abidənin tikildiyi dövrlə bağlı məlumatımız yoxdursa, ya laborator tədqiqatlara üz tuturuq, ya da digər oxşar abidələrlə bunları tutuşdururuq. Bu kifayət qədər uzun və elmi tədqiqatlara əsaslanan prosesdir. Laborator və arxiv tədqiqatlar nəticəsində abidələrin tikildiyi materialların tarixi öyrənilir və abidənin tikildiyi tarixi çıxarılır.

Abidənin tarixi əhəmiyyətinin olub-olmaması məsələsinə gəldikdə isə buna alimlərin və bu sahədə olan ekspertlərin birgə səyi nəticəsində abidə barəsində aşkar edilmiş hər hansı tarixi məlumatların, o cümlədən tarixi əhəmiyyətli hadisələrin və ya tarixi şəxsiyyətlər ilə bağlı məlumatların əsasında qərar verilə bilər.

Səngəçal karvansarası konservasiya ediləcək

- Elə abidələr var ki, onlar dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib, lakin növbələri gəlib çatanadək görürsən ki, dağılıb gedəcək. Səngəçal qəsəbəsindəki Səngəçal və Minəcik karvansaralarını bura aid etmək olar. Minəcik karvansarasının yanından daş karxanasından yük daşıyan ağır tonnajlı maşınlar keçir. Nəticədə istər-istəməz karvansara dağılır. Deməyim odur ki, onların təmirinin operativləşdirilməsi üçün daha produktiv plan hazırlana bilməzmi?

- Səngəçal karvansarası nəinki parlaq memarlıq abidəsidir, həm də keçmişimizin araşdırılmasında da mühüm rol oynayır. Karvansaranın bu vəziyyətə düşməsi hamımızı sarsıdır. Mədəniyyət Nazirliyi tərəfindən hazırda Qobustanın ətrafındakı abidələrin bərpası və konservasiyasına dair layihə işlənilir. Təəssüf, bu uzun prosesdir. Ümid edirik ki, layihə çərçivəsində tezliklə Səngəçal karvansarası da, yaxınlıqda olan digər abidələrimiz da konservasiya ediləcək.

- Hazırda hansı abidələrin bərpası gedir?

- Hazırda müxtəlif mərhələlərdə olan bir neçə layihəmiz var. Məsələn, intensiv şəkildə Xankəndidə Dram Teatrının bərpası işləri aparılır. Demək olar, yekunlaşmaq üzrədir. Füzuli rayonunun Qarğabazar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan karvansaranın və yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin bərpası və ətrafının abadlaşdırılması istiqamətində tədbirlər görülür. Sözügedən tarixi abidələrin bərpa və ətrafının abadlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanacaq. Artıq hər iki abidənin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma proseduruna başlanılıb.

Qarabağda bir layihəmiz də gözlənilir. Artıq eskiz layihəsi işlənilib. Qoçəhmədli kəndində bir məscid bərpa ediləcək. Biz bunu Türk Mədəniyyəti və İrsi Fondunun maliyyəsi ilə həyata keçirəcəyik. Həm də buraya köç gözlənilir. İnsanlar köçəndən sonra istifadə edə bilsinlər deyə bu məscidi seçmişik.

Bundan əlavə, Bakıda, Mərdəkan qəsəbəsində Kiçik Mərdəkan qəsrinin bərpasına başlanılıb. Gəlin ilin əvvəllərində bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur. Böyük Mərdəkan qəsrinin və yaxınlığındakı Tuba şah məscidinin bərpası ilə bağlı layihə var. Layihələr Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə işlənilib. Demək olar, bütün razılaşmalardan keçib. Son mərhələdədir. Bərpasına yaxın zamanda başlanacaq. Bundan əlavə, Lənkəran Dairəvi qalasının layihəsinin işlənilməsi də çox müddət tələb etdi. Çünki vaxtilə 2019-cu ildə qalanın layihəsi işlənmişdi. Lakin bərpa işləri həmin vaxt aparılmadığından və o dövrdən bəri artıq yeni dağıntılar olduğundan layihəyə əlavələr aparıldı. Yaxın zamanda bərpa işlərinə başlanılacaq. Ən mühüm layihələrdən biri də Çıraqqala abidəsinin konservasiyasıdır. Demək olar ki, işlər bitib. İndi ziyarətçilərə xidmət göstərəcək infrastrukturun yaradılması və qalaya qalxan yolun təmiri gözlənilir.

Bəzi binalar da şəhərsalma strukturu saxlamaq məqsədilə qorunmalıdır

- Bayır şəhərdə nə qədər tikilinin siyahıya salınması müzakirə edilir?

- Doğurdan da vaxtilə bir neçə abidə səbəbsiz yerə siyahıdan çıxarılıb. Bəziləri əvvəlcədən sökülüb. İndi sökülməyənləri siyahıya qaytarmağa çalışırıq. Bu ərazidəki rəsmi siyahıda olan 73 abidədən əlavə, Ekspert Şurasının qərarı ilə AMEA-dan müsbət rəy almış 33 bina var. Bu 106 binanın heç birinə toxunulmayacaq. Hazırda burada yerləşən digər 20-dən çox tikilinin də siyahıya salınması müzakirə edilir.

- Bir də deyilir ki, Bayır şəhərdəki mühit də tarixi əhəmiyyət daşıyır. Söküntü işləri zamanı 2-3 küçəni olduğu kimi qoruyub saxlamaq mümkündürmü ki, İçərişəhər kimi real bir nümunə olsun və biz ona baxanda insanlar vaxtikən burada necə yaşadıqlarını görə bilək?

- Binanın tarixi-memarlıq dəyəri qorunubsa, o saxlanılmalıdır. Təəssüflər olsun ki, 19-20-ci əsrin əvvəllərində tikilən binalar uzun illər dayanıqlığına ciddi təsir göstərən amillərlə üzləşib. Məsələn, inqilabdan sonrakı müsadirələr nəticəsində Bakının sözügedən dövrünə aid möhtəşəm və adi sıravi binalar, saray, malikanələr bir neçə ailənin arasında bölünəndə artıq binaların ilkin görkəminə və strukturuna ciddi ziyan vurulub. İndi isə belə binaların əksəriyyəti qəzalı vəziyyətdə olduğundan onların bərpası kifayət qədər çətin bir məsələyə çevrilib. Burada ayrı-ayrı evlər yox, ümumiyyətlə struktur da qorunmalıdır. Çünki Bakının o dövrdə salındığı şəhərsalma üslublarını əks etdirən şəhərsalma strukturudur. Bu da saxlanılmalıdır. Burada bəzi maraqlı küçələr var. Belə küçələrdə abidələrlə yanaşı abidə statusu daşımayan bəzi binalar da şəhərsalma strukturu saxlamaq məqsədilə qorunmalıdır və ya tarixi struktura uyğun olan binalarla əvəzlənməlidir. Burada yerləşən abidələrinin qorunub saxlanılması ilə yanaşı həmin ərazidə gələcəkdə nə olması məsələsi də çox mühüm rol oynayır. Yeni layihədə binaların miqyas məsələsi, hündürmərtəbəli binaların olmaması, yerli ənənəvi üslubda tikilməsi kimi məsələlər nəzərə alınmalıdır.

- Gələcəkdə daha hansı abidələrin UNESCO-nun mədəni-irs siyahısına salınması nəzərdə tutulub?

- Tarixi abidələrimizin UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınması istiqamətində görülən işlərimiz davam etdirilir. Bir neçə il öncə Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Xudafərin körpüləri”, “Azıx və Tağlar mağaraları - Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiyalar UNESCO-nun İlkin siyahısına - Tentative Listə daxil edilib. Keçən il isə ölkəmiz tərəfindən təqdim olunmuş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun ilkin siyahısına daxil edilib. Bununla da ümumilikdə UNESCO-nun ilkin siyahısına daxil olan abidələrimizin sayı 10-a çatıb. Bu abidələrin hər birinin əsas siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.


Geri qayıt