Əsas Səhifə > Güney Press > Məşhur stomatoloqdan “halal vergi” təklifi
Məşhur stomatoloqdan “halal vergi” təklifiDünən, 17:19 |
|
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib. Onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib. Nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb. Qeyd edək ki, bir neçə ay öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara belə bir tələb qoyulmuşdur ki, paytaxtda çalışanlar hər iş otağı üçün aylıq 1 800 manat, bölgələr üzrə isə 1 200 manat. Xatırladaq ki, məhz bu tələb stomatoloqların ciddi narazılığına səbəb olmuşdu. Hətta may ayının 22-də 400-dən çox stomatoloqun TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirməsi nəzərdə tutulmuşdu. Bir qrup stomatoloq mövcud qərarla bağlı müraciət qəbul etmişdi. Həm stomatoloji klinikalarla, həm də lisenziya ilə bağlı yoxlamalar, eləcə də dövlət tibb müəssisələrində çalışan stomatoloqlardan pul tələbi bu sahədə hansı nəticələrə gətirib çıxaracaq? Məsələ ilə bağlı həkim-stomatoloq Zəlimxan Məmmədli “Cebheinfo.az”-a bildirib ki, digər sahələr kimi burada da ciddi islahatlara ehtiyac var: “İlk öncə islahatların fəlsəfəsi düzgün tapılmalıdır. Yəni tibb personalının hazırlanması və müasir dünyada baş verən yenilikləri mənimsəməsi əsas xəttlərdən biri olmalıdır. İkincisi, həkimin savadının xəstəyə əlçatanlığını təmin edən mexanizm olmalıdır. Üçüncüsü, icbari tibbi sığortada bürokratik əngəllər aradan qalxmalıdır. Dördüncüsü, hüquq ali olmalıdır. Əgər universitet bitiribsə, ali təhsillidirsə və həkim kimi işləmək üçün üzərinə düşən mərhələni keçibsə, o həkim kimi istər özəl, istərsə də dövlət klinikalarında işləmək hüququ qazanır. Onların ixtisasartırması ilə bağlı islahatların bir tərəfi kimi beş ildən bir sertifikasiya olur ki, çox mənasızdır. İldə bir dəfə, hətta dövlətin büdcəsinə qənaət etmək şərti ilə dünyada stomatoloji xidmətdə yenilikləri tibb işçilərinə çatdırmaq mexanizmləri işlənməlidir. Yoxsa əzbərçiliklə, sertifikasiya heç bir əhəmiyyət daşımır. Mən dörd dəfə sertifikasiyadan keçmişəm, bunun bəhrəsini də görməmişəm. Digər önəmli məqam odur ki, lisenziya sadələşməlidir. Əgər həkim hüququ qazanmışamsa, lisenziya da yükləmək, pullar və s. bunlar doğru olmayan tələblərdir. Hərə bir normativ müəyyən edir. Bu normativdən bir balaca kənara çıxdınsa, ciddi cərimələr, sanksiyalar tətbiq olunur. Hüquq təhsili olmayanın hüquqla məşğul olması, həkim təhsili olmayanın xəstəyə müdaxilə etməsi, lisenziyası olmayanın o cür klinikalarda çalışaması qadağandır. Ona görə də buna bir kompleks yanaşma olmalıdır ki, səhiyyənin “üzü gülsün”, inkişaf etsin, dinamika yaransın. Məsələn, sovet səhiyyə sistemindən başlayaraq mən 42 ildir ki, işləyirəm, fundamental fərqi yoxdur. Bunun üzərində düşünmək lazımdır. Yoxsa ancaq cərimələmək, inzibati tədbirlərlə məsələ həll olunmur. İslahatların fəlsəfəsi qeyd etdiyim 4 kriteriyadır. Onlar olduqda islahat olur, səhiyyə inkişaf edir, vətəndaş məmnun olur və bu xidmət ona əlçatan olur”. Bir müddət öncə də stomatoloqlarla bağlı irəli sürülən tələblərə gəldikdə isə Zəlimxan Məmmədli bildirib ki, bu fikir hansısa bir bürokratın ağlına gəlib: “Bütün stomatoloqlar, istər dövlət, istərsə də özəl klinikalarda olsun sadələşmiş vergiyə cəlb edilməlidir. Mövcud qanunvericiliyə uyğun olaraq özəl fəaliyyətlə məşğul olmaq hüququ həm dövlət klinikalarında, həm də özəllərdə legitimləşsin. Ancaq bu niyə 1 200, 1 800 manat olmalıdır? Onun hüquqi kökü yoxdur. Bu islahat deyil, inzibati amirlikdir. Bizim sistemdə keçəsi deyil. Həkimlər bunu protesto etdilər. Bunun hüquqi əsası olmalıdır. Pulsuz səhiyyə xidmətidirsə, onu buraya tətbiq etmək olmaz. Onun elə hüquqi əsasını tapmaq lazımdır ki, ödəyən də hansı hüquqi əsasa görə ödədiyini bilsin. Onu alan müəssisədə bilsin ki, bu, hansı təyinatlar üzrə xərclənəcək. Bütün bunlar səhiyyə sistemində olan qüsurların təzahürüdür. Mən vergi siyasətimizin yüksək səviyyədə şəffaflaşmasının tərəfdarıyam ki, “halal vergi” ilə dövlətin xəzinəsi zənginləşməlidir”. Geri qayıt |