Əsas Səhifə > Güney Press > Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğuDünən, 17:11 |
|
Noyabrın 14-də Ramiz Mehdiyevin həbsinin bir ayı tamam olur. Ötən günlər ərzində “Mehdiyev niyə danışmır” sualı tez-tez verilir, eşidilir. Adam 30 il bu dövlətin içində olub, bütün idarəetmə mexanizmlərinin başında dayanıb. Belə bir halda dövlətə xəyanət kimi ağır ittihamla üzləşibsə, niyə susur? Niyə çıxıb demir ki, mən xəyanət etməmişəm! Bəs bu sükutun arxasında nə var? Bu suallar indi Azərbaycan ictimai rəyində ən çox səslənən, lakin ən az cavablanan məsələlərdəndir. Ramiz Mehdiyevin həbsi, xüsusilə də dövlətə xəyanət kimi ağır maddə ilə istintaqa cəlb olunması təkcə bir şəxsin cinayət işi deyil, sistemin öz daxilindən silkələnməsi deməkdir. 30 il ərzində Azərbaycan dövlət idarəçiliyinin mərkəzi fiquru olmuş birinin birdən-birə bu cür ittihamla üzləşməsi həm siyasi, həm də psixoloji baxımdan böyük sarsıntıdır. Ramiz Mehdiyev o gündən evində dustaqdır, vəkilləri də susur. Bu müddətdə mətbuatda onun səhhəti, psixoloji durumu haqda fərziyyələr yayıldı, lakin rəsmi təsdiq və ya təkzib olmadı. Beləcə, bir ay ərzində Mehdiyev və komandasının tam səssizliyi davam edir. Vəkillərin susqunluğu burada təsadüfi görünmür. Bu, böyük ehtimalla planlı müdafiə taktikasının bir hissəsidir. Ramiz Mehdiyev uzun illər ərzində informasiya axınını idarə edən, hər bir kəlmənin siyasi nəticəsini ölçən şəxs olub. O, yaxşı bilir ki, bu mərhələdə hər söz hüquqi və siyasi təfsirə açıqdır. Belə fiqurların müdafiəsi, adətən, emosional yox, strateji səviyyədə qurulur. Vaxt udmaq, prosesin gedişini müşahidə etmək, hansı dairələrin harada dayanacağını ölçüb-biçmək kimi amillər nəzərə alınır. Ramiz Mehdiyev danışmağa başlasa bu, yalnız öz müdafiəsini yox, on illərlə qurulmuş sistemin dərinliklərini ifşa etmək anlamına gələr. O, Prezident Administrasiyasının bütün gizli mexanizmlərini, kimlərin kimə xidmət etdiyini, hansı qərarların arxasında hansı maraqların durduğunu bilir. Bu bilik indi onun ən böyük silahıdır. Amma danışsa, ən böyük yükü də ola bilər. Bəlkə də o, susmaqla bu silahı danışıqlar və ya güzəşt üçün saxlayır? Vəkillərin mətbuatla təmasdan yayınması, açıqlama verməməsi göstərir ki, onlar informasiyanın sızma riskini minimuma endirmək istəyirlər. Çünki Mehdiyevin işi sıradan bir məmurun cinayət dosyesi deyil. Bu, keçmiş elita ilə hazırkı siyasi kursun toqquşmasıdır. Ramiz Mehdiyev özünün nə qədər məlumat daşıyıcısı olduğunu çox yaxşı bilir. Onun istintaq zamanı və ya məhkəmədə açıqlayacağı istənilən fakt yeni cinayət işlərinin başlanmasına səbəb ola bilər. Buna görə də, sükut özünü qoruma cəhdi də, komanda üzvlərinin istintaqa təslim etmək kimi bir gedişat da ola bilər. Hüquqi dildə buna əməkdaşlıq müqaviləsi deyilir. Yəni əgər təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq etsə, cəzası yüngülləşdirilə, hətta özünü xilas edə bilər. İndiki halda Ramiz Mehdiyev çıxıb desə ki, dövlətə xəyanət etməmişəm, ittihamı qəbul etmirəm, dərhal ortaya sübutlar qoyula bilər. Belə görünür ki, Mehdiyev oyunu qarşı tərəfin hərəkətinə uyğun qurmaq istəyir. Bu baxımdan Mehdiyevin, onun vəkillərinin sükutu hesablanmış sükutdur. O bilir ki, indi atacağı hər addım, deyəcəyi hər söz sabah onun hökmündə, yaxud azadlığında rol oynayacaq. Amma bu, iki uclu bıçaqdır. Çünki Mehdiyev danışmağa başlasa, təkcə özünü deyil, on illərlə qurduğu sistemi də açmalı olacaq. Və o sistemin içində kimlərin adları çəkiləcək, hansı qapılar açılacaq, heç kim bilmir. Ona görə də hələ ki, susur. Bilir ki, onun sözləri yalnız özünü yox, başqalarını da yandıracaq gücdədir. Bəlkə də elə bu səbəbdən vəkilləri də səssizdir. Onlar danışmır, çünki Mehdiyev hələ oyun planını dəyişməyib. İndi o, səhnədən yox, kölgədən oynayır. Sükutu ilə həm təhdid edir, həm də özünü qoruyur. Əgər sabah danışmağa qərar versə, təkcə istintaqın istiqaməti yox, cəzanın özü də dəyişə bilər. Bəlkə azadlığa bir addım yaxınlaşar, bəlkə də əksinə, xəyanət maddəsi daha da ağırlaşar. Ona görə bu mərhələdə Ramiz Mehdiyevin sükutu bir əlində qalxan, digərində qılıncdır. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir. Musavat.com Geri qayıt |