Əsas Səhifə > Güney Press > “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib"

“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib"


Dünən, 17:07

Türkiyə nümayəndələri Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə, saat 06:30-dan etibarən (Bakı vaxtı ilə saat 07:30) C-130 hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğradığı ərazidə axtarış-xilasetmə və araşdırma işlərinə başlayıblar.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

“Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Sherg.az-a əminliklə bildirib ki, qəzaya uğrayan C-130 hərbi yük təyyarəsini qəsdən vurublar:

"Nəyə görə belə deyirəm? O təyyarənin dörd mühərriki var. Tutaq ki, ən böyük nasazlıq mühərrikdə baş verir və biri sıradan çıxır. Amma bu halda da təyyarə sakit şəkildə uça bilərdi. Hətta iki mühərrik sıradan çıxsaydı belə, qalan ikisi ilə uçuşu davam etdirmək mümkün idi. Əgər uçuş davam etməsəydi, təyyarə heç olmasa bir saat havada qala bilərdi və baş verən problemləri yerə bildirmək imkanı olardı. Amma bu halda belə olmayıb, onu vurublar. Elə vurublar ki, təyyarə iki yerə parçalanıb, ekipaj bir kəlmə belə deyə bilməyib. O an dərhal məhv olublar. Bu, açıq-aşkar görünən məsələdir. Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib".


Geri qayıt